DİN əməkdaşlarının İslamiada sevinci - FOTOLAR

Yol polisi 23 May 2017 14:22 Oxunub 1443
DİN əməkdaşlarının İslamiada sevinci - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Möhtəşəm bayrama möhtəşəm töhfəmiz - təhlükəsizlik və qələbə!

Ölkəmizin ev sahibliyi etdiyi daha bir möhtəşəm tədbir - 54 ölkədən 3 mindən çox idmançının, 1000-dən çox komanda rəsmisinin və bir o qədər də texniki nümayəndənin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları həm də ən böyük İslamiada kimi tarixə qovuşdu.  On gün davam edən və dörd əsas dəyər - “Birlik”, “Sülh”, “Hörmət”, “Mükəmməllik” dəyərləri üzərində qurulan, “Gücümüz həmrəylikdədir” devizi altında keçirilən Oyunlarda atletlər idmanın 24 növü üzrə 269 dəst medal uğrunda mübarizə apardılar. Qaliblərə 1600 medal verildi. Azərbaycanı bu Oyunlarda 425 atlet təmsil edirdi. 

Dünyanın nəzərlərinin dikildiyi bu günlərdə ölkəmizin qonaqları və seyrçilər möhtərəm dövlət rəhbərimizin dediyi: “Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş, əlbəttə ki, Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir. Xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində gərginlik var, təhlükələr, qarşıdurmalar, sosial narazılıq artır, kütləvi etirazlar geniş vüsət alıb. Bunların heç biri Azərbaycanda yoxdur. Azərbaycanda xalq-iqtidar birliyi var. Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bəyənilir. Azərbaycanda hökm sürən sabitliyin əsas amili də bundan ibarətdir”, fikirlərinin əsl həqiqət, reallığın gerçək siması olduğunu öz gözləri ilə gördülər.

Aprelin 21-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən nazir Ramil Usubov Oyunlara hazırlıqla bağlı dövlətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində böyük bir fəaliyyətin ortaya qoyulduğunu xüsusi vurğulayaraq qarşıda duran mühüm vəzifələrdən birinin asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunması olduğunu xüsusi qeyd etdi.  

Elə həmin gün keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında çıxış edən nazir bu mühüm beynəlxalq tədbirlə bağlı bütün tələb və tapşırıqların daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən tam yerinə yetiriləcəyini, ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə qorunacağını bildirdi.  

İslamiada günlərində daxili işlər orqanlarının və Daxili Qoşunların 252-si qadın olmaqla 12 min əməkdaşı və hərbi qulluqçusu xidmətə cəlb olunmuşdu. Onların hazırlığı, texniki təminatı üçün bütün zəruri tədbirlər görülmüşdü. Və indi fəxrlə demək olar ki, qarşıya qoyulan çox çətin, məsul vəzifələr layiqincə, yüksək peşəkarlıqla yerinə yetirilmişdir.  

Ancaq əməkdaşlarımızın İslamiadada iştirakı bununla məhdudlaşmayıb. Bu beynəlxalq idman yarışında layiqincə çıxış edən, onlara olan ümidəri doğruldan Azərbaycan komandasında mübarizə aparan daxili işlər orqanları əməkdaşlarının və Daxili Qoşunların təmsilçilərinin, DİN İdman Cəmiyyətinin yetirmələrinin uğurları ikiqat bayram ovqatı yaratdı. 

Adı dünyanın ən güclüləri arasında çəkilən, yüksək nəticələr əldə edən idmançılarımız və DİN İdman Cəmiyyətinin yetirmələri yarışlara 14 atletlə qatılmışdılar. DİN Polis Akademiyasının Fiziki hazırlıq kafedrasının müəllimi, polis polkovnik-leytenantı Hicran Şərifov, Daxili Qoşunların giziri Könül Sultanova, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Telman Salayev isə dünyanın ən ədalətli və obyektiv hakimləri kimi yarışlar zamanı ayrı-ayrı görüşləri idarə edirdilər.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ilk qızıl medalı məhz DİN Daxili Qoşunlarının giziri Ruslan Lunyovun qazandırması özlüyündə simvolik xarakter daşıyır. Bu həm də dünyanın ən sərrast atıcısının Azərbaycan əsgəri olmasının real təsdiqidir. Təmsilçimiz bu uğurunu sonrakı yarışlarda yenidən təkrar etdi, komandamıza ümumilikdə 5 qızıl medal qazandırdı. O, sonuncu qızılını İdman Cəmiyyətinin yetirməsi Nigar Nəsirova ilə komanda yarışında əldə etdi. N.Nəsirova şəxsi yarışlarda bürünc medala sahib oldu. 

DİN Daxili Qoşunlarının idman komandasının əsgərləri - kumite yarışlarında mübarizə aparan Ayxan Mamayev və boksçu Teymur Məmmədov qızıl medal qazandılar. DİN İdman Cəmiyyətinin yetirmələri Əli Hüseyni və Aydan Camalovadan ibarət stend atıcılığı üzrə yarışlarda, yunan-Roma üsulu ilə güləşən pəhləvanımız Kamran Məmmədov baş mükafata sahib olublar. Xəzər RMİ-nin polis nəfəri, polis serjantı cüdoçu Kənan Abdullaxanlı, Sumqayıt ŞPİ-nin əməkdaşı, polis baş serjantı milli güləşçi Tural Əliyev, İdman Cəmiyyətinin yetirməsi taekvandoçu Fəridə Əzizova isə gümüş medal əldə etdilər. 

Yarışların qızgın vaxtında İslamiadanın beşqat qalibi R.Lunyovun anası, Daxili Qoşunların veteranı, istefada olan mayor, əməkdar idman ustası İradə Aşumova yüksək mənəviyyat nümunəsi olaraq oğlunun əldə etdiyi beş qızıl medala görə ödəniləcək mükafatın bir hissəsini Talassemiya Mərkəzinə köçürüləcəyini bəyan etdi. Bu isə həmişə nəcib missiyalarda, qanvermə aksiyalarlında öndə gedən daxili işlər orqanlarında formalaşmış xeyirxahlığın, humanistliyin əyani təzahürüdür.    

Qazanılan zəfərlər əsası ulu öndərimiz tərəfindən qoyulan və möhtərəm Prezidentimiz tərəfindən davam və inkişaf etdirilən, ölkədə idmana və gənclərimizə dövlət qayğısının, eləcə də bu istiqamətdəki fəaliyyətin daxili işlər orqanlarında layiqincə tətbiqinin, təlim-məşq prosesinin düzgün təşkilinin və  daimi ixtisaslı nəzarətin nəticəsidir. 

Bayrağımızı yüksəltməyi, himnimizi səsləndirməyi özünün həyat amalı, vətəndaşlıq borcu bilən bütün idmançılarımıza yeni-yeni uğurlar arzulayırıq. 

 

İlham Babayev,

Natiq Cavadov

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh