Zolağa giriş üçün kartların satıldığını deyənlərin – DİQQƏTİNƏ

Yazarlar 24 May 2017 04:00 Oxunub 10800
Zolağa giriş üçün kartların satıldığını deyənlərin – DİQQƏTİNƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taksilərə və yük maşınlarına buraxılış vərəqəsi ona görə verilmişdi ki...

Son günlər Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları zamanı sarı zolaqlarda hərəkət etmək üçün avtomobillərin üzərinə yapışdırılan icazə vərəqələrinin guya pulla satılması barədə xəbərlər yayılmaqdadır. Bununla bağlı Dövlət Yol Polisi İdarəsi tərəfindən bir neçə dəfə açıqlama verilsə də, söz-söhbət Oyunlar bitəndən sonra da davam edir. Hətta sosial şəbəkələrdə video yayaraq taksilərin üzərində həmin yapışqan kartların olmasını faciəyə çevirib lazımsız tənqidlər yağdıranlar da var. Bütün bunlar isə sözsüz ki, məlumatsızlıqdan irəli gələn bir məsələdir.

Avtosfer.az bildirir ki, həmin kartların paylanması xüsusi qaydada həyata keçirilib və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ciddi nəzarətdə saxlanılıb. Ola bilər ki, DYP-dən kart alan hansısa sürücü ondan özü istifadə etməyib və başqasına pulla verib. Amma bu o demək deyil ki, kimsə kartları kütləvi şəkildə satıb. Şəxsən mən Avtosfer.az saytının rəhbəri olaraq yarışlar zamanı yollardakı vəziyyəti davamlı şəkildə işıqlandırmaq üçün DYP ilə sıx əməkdaşlıq etdiyimiz halda, o kartlardan cəmi bir dənəsini yarışlar başlayandan bir gün əvvəl güc-bəla ilə əldə edə bildim. Əgər mən bu işin içində ola-ola kartların satılmasının şahidi olmadımsa, bu məsələyə ciddi nəzarətin olduğunu gördümsə, əlbəttə, yayılan söz-söhbətə münasibət bildirməyim vacibdir. Belə hallar olmayıb və ola da bilməz. Kiminsə öz kartını başqasına verməsi və ya satması kütləvi satış deyil...

O ki qaldı taksilərin və yük avtomobillərin üzərində də həmin kartların olmasına, burada da faciəli bir şey yoxdur. Əvvəla, yarışlarla bağlı Bakı Nəqliyyat Agentliyi və Baş Dövlət Yol Polisi İdarəsi xüsusi iş rejimində çalışaraq sürücülərin seçilməsinə və hazırlanmasına xeyli vaxt sərf etdi və işlər tam nəzarət altında həyata keçirildi. Hətta, yarışdan bir neçə gün əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin rəsisi, general-mayor Ramiz Zeylanov və Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli həmin sürücülərlə görüşərək tapşırıq və tövsiyyələrini verdilər. Kimlər idi bu sürücülər? Onlar avtobus, taksi və yük avtomobillərinin sürücüləri idilər.

Avtobuslar yarış iştırakçılarını və yarışları izləməyə gedən sərnişinləri daşımaq üçün işləyirdi və bu işə ən peşəkar sürücülər cəlb olunmuşdular. Taksilər isə sırf yarışda iştirak edən idmançılara xidmət etmək nəzərdə tutulmuşdu.

Məlumdur ki, idmançılar bütün günü yarış arenalarında qalmırdı. Heç oteldə də oturmurdular. Onlar gecə və ya gündüz Bakını gəzməyə çıxırdılar. Bu zaman onları avtobus yox, taksilər aparıb gətirirdi. Bu baxımdan seçilmiş taksi sürücüləri lazım idi. 100-ə yaxın “London taksi”si və başqa şirkətlərin ən müasir taksi avtomobilləri bunun üçün ayrılaraq xarici dilləri bilən sürücülər seçilmişdi. Onların xarici qonaqları daşıması üçün xüsusi fərqlənmə nişanı ilə təmin edilməsi də rəsmi qaydada həyata keçirilmişdi. Yollarda gördüyünüz və üzərində yapışqan kartlar olan taksilər məhz onlar idi. Əlbəttə ki, təhlükəsizlik üçün hər taksini idmançıların qaldığı otellərə, Atletlər Kəndinə buraxmaq olmazdı. Ora ancaq xüsusi seçilmiş və rəsmi icazəsi olan taksilər buraxılırdı.

Yük maşınlarına gəlincə, məlum məsəlıdir ki, yarış iştirakçılarına lazım olan qida və digər məhsulları əldə daşıyası deyildilər. Belə yükləri həmin o yapışqan kartı olan yük maşınları daşıyırdı. Bunun üçün Təşkilat Komitəsi tərəfindən xüsusi giriş icazəsi olan yük maşınları ayrılmışdı və onların da sarı zolaqlarda hərəkəti üçün həmin o yapışqan kartla təmin edilmişdilər.

Hələ bu harasıdır? Bəzi ərazilərə hər yol polisi maşını da daxil ola bilmirdi. Yəqin çoxları gördü ki, bəzi DYP avtomobillərinin üzərində də xüsusi buraxılış vərəqi və sarı yapışqan var idi. Bu o demək idi ki, Atletlər Kəndinə, idman arenalarının ərazisinə və digər xüsusi qorunan ərazilərə həmin DYP maşınlarından başqa digər patul maşınları daxil ola bilməzdi. Hər halda, əgər DYP kart satan idisə elə o kartları öz maşınlarına da yapışdara bilərdi...

İndi kimsə durub lazımsız məsələləri faciəyə çevirib şou yaradırsa, əlbəttə, məlumatsızlıq faktorunu önə çəkirik. Məlumatsızlar isə bu yazını diqqətılə oxusa, daha yaxşı olardı.

Hər halda, yarışlar bitəndən sonra bu cür lüzumsuz söz-söhbətin yeri yoxdur...

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh