Azərbaycanda "Hyundai"la dəhşətli qəza - 4 nəfər öldü, sürücü azadlığa çıxdı
Qaydalar 28 May 2017 02:26 21313 dəfə oxunub
Azərbaycanda "Hyundai"la dəhşətli qəza - 4 nəfər öldü, sürücü azadlığa çıxdı
10 il "iş almış" İntiqam Zeynalov məhkəmə zalından azadlığa buraxılıb

Sumqayıt Apellyasiya Məhkəməsində dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zamik Babayev və İntiqam Zeynalovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumatına görə, hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin 2013-cü il aprelin 3-də verdiyi hökmün məhkum İ.Zeynalova dair hissəsi ləğv edilib. Belə ki, məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. İ.Zeynalovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, yol-nəqliyyat hadisəsi 2012-ci il iyunun 17-si axşam saatlarında Gəndab-Yalama yolunun 14-cü km-də, Xaçmazın Çarxı kəndi ərazisində baş verib. İ.Zeynalov “Hyundai Sonata” markalı, 90 XE 205 dövlət qeydiyyat nişanlı avtomobillə Gəndab-Yalama yolunun 14-cü km-də Yalama istiqamətinə doğru hərəkətdə olarkən Z.Babayevin idarə etdiyi "VAZ-21010" markalı, 10 SR 742 dövlət qeydiyyat nişanlı avtomobillə ilə toqquşub. Daha sonra onun idarə etdiyi nəqliyyat vasitəsi sola doğru istiqamətlənərək əks istiqamətdə 80 km/saat sürətlə hərəkətdə olan Allahverdiyev Məhəmmədəli Mamed oğlunun idarə etdyi “QAZ-24" markalı, 10 FC 737 dövlət qeydiyyat nişanlı avtommobili ilə toqquşub. Nəticədə “QAZ-24" markalı avtomobilin sürücüsü M.Allahverdiyev, həmin avtomobilin sərnişinləri - Əliyev Vəliyəddin İsmayıl oğlu, Əliyev İsmayıl Vəliyəddin oğlu və Əliyeva Sara Vəliyəddin qızı ölüb.

Hadisədən sonra İ.Zeynalov və Z.Babayev saxlanılıb. Z.Babayev Cinayət Məcəlləsinin (CM) 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə, İ.Zeynalov isə 263.3-cü maddəsi ilə ittiham olunub.

2013-cü ilin aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Babayev 11 il, İ.Zeynalov isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Hər iki şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər. Sumqayıt Apellyasiya Məhkəməsi 13.02.2014-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin çıxardığı hökmü İ.Zeynalova aid hissədə dəyişdirilərək, ona CM-nin 263.3-cü maddəsi ilə təyin edilmiş 10 il müddətinə azadlıqdan mərhum etmə cəzası 9 ilə endirilib.

Daha sonra məhkəmə qərarından zərərçəkmiş şəxs Fəridə Əliyeva kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il aprelin 3-də verdiyi hökmün dəyişdirilmədən saxlanılmasını xahiş edib. Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.

Eyni zamanda, Z.Babayev kassasiya şikayəti verərək təqsirsiz olması barədə bəraət hökmü çıxarılmasını tələb edib. Lakin sonradan o, kassasiya şikayətinin geri götürdüyünü bildirib.

Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından məhkum İ.Zeynalov kassasiya şikayəti verib. O, özünə aid olan hissədə qərarın ləğv edilib, cinayət işinin hərtərəfli araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmasını istəyib. Ali Məhkəmə kasassiya şikayətini təmin edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İ.Zeynalova aid hissədə ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması barədə qərar çıxarıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh