Azərbaycanda maşın 4 sərxoş piyadanı vurub; 3 ölü – VİDEO

Avtoreyd 19 Noyabr 2014 01:13 Oxunub 3429
Azərbaycanda maşın 4 sərxoş piyadanı vurub; 3 ölü – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İçib özünü maşının altına atanlara görə normal insanların bədbəxt olması əsl faciədir

Yol qəza hadisələrinin böyük hissəsini piyadavurmalar təşkil edir. Amma bu o demək deyil ki, bu faktların hər birində günah sürücülərdə olub. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, piyadaların səbəb olduğu yol qəzaları da qeydə alınıb. Hesabat dövründə piyadalar tərəfindən 71 yol qəzası törədilib, nəticədə 27 nəfər ölüb, 46 nəfər yaralanıb. Həmin piyadalardan 4 nəfəri sərxoş vəziyyətdə olub ki, onların da 3-ü ölüb, 1 nəfər yaralanıb.

Bu ilin 10 ayı ərzində isə qeydə alınmış 2212 yol nəqliyyat hadisəsində 951 nəfər ölüb, 2227 nəfər isə yaralanıb. Ümumi yol qəzaları arasında piyadvurma hadisələri üstünlük təşkil edib - 37,3 faiz. 826 piyadavurma faktı 313 nəfərin ölümü, 581 nəfərin isə yaralanması ilə nəticələnib.

Avtosfer.az-ın təqdim etdiyi bu video köhnə material deyil. Noyabrın 11-də Bakının mərkəzi küçələrinin birində çəkilib. Günün günorta çığı o qədər spirtli içki qəbul ediblər ki, ayaq üstə güclə dayanırlar. Biri o birinə nisbətən normaldır. Amma digəri ayaqüstə dura bilmir. Arağı birlikdə içsələr də, dostu onu yolda qoyub qaçır. Bir az ayıq vəziyyətdə olan kişi yolu keçərkən dostuna kömək etmir. Nəticədə sərxoş kişi müvazinətini itirərək yerə yıxılır. Ətrafdan keçib gedənlər ona kömək etmirlər. O isə yolu keçməyə çalışsa da, sonradan çəkinir…

Bu video bir daha təsdiq edir ki, piyadalar niyə maşınların altında can verir. Bu, hələ gündüz vaxtı baş verən prosesdir. Gecələr belə vəziyyətdə küçəyə çıxan sərxoş piyadanın sağ qalmaq ehtimalı sıfıra bərabərdir…

… Birincisi, Məhərrəm ayıdır, spirtli içki içməzlər. İkincisi, içirsənsə, get evində iç, yat. Üçüncüsü də, səni yolda qoyan biriylə bundan sonra heç ayran da içmə. Ən əsası isə içib sürücüləri işə salma. Bəlkə də, sənin ölümün, yaralanmağın heç nəyi dəyişməyəcək, bir həftədən sonra yaddan çıxıb gedəcəksən. Amma sənə görə bir normal insanın həyatı məhv ola bilər, taleyi qaralar. Şərt o deyil ki, istintaq günahın piyadada olduğunu sübut edəcək, sürücüyə cəza verilməyəcək.

Məsələ burasındadır ki, maşınla adam vuran sürücülərin əksəriyyəti illərlə qəzanın şokundan çıxa bilmir, əziyyət çəkir, psixoloji problemlər yaşanır, cəmiyyətdə ona bəzən «qatil» kimi baxırlar. Bəzən sürücü dəli olmaq səviyyəsinə çatır. Özünü bağışlaya bilmir. Hələ istintaq araşdırmaları dövründəki psixoloji gərginlik, hüquq-mühafizə orqanlarında sürünməyi bir kənara qoyuruq. Bütün hallarda isə bunların hamısı əsas amillərdir. Hansısa məsuliyyətsiz insana görə kimsə bədbəxt olmamalıdır. Adamı zorla qatil etmək olmaz. Bu videoda gördüyünüz sərxoş insanların dünya vecinə deyil.

İnanıram ki, içki içib bu hala düşənlər bu yazını ayıq vaxtı oxuyub hansısa nəticə çıxaracaqlar. Çünki içib özünü maşının altına atanlara görə normal insanların bədbəxt olması əsl faciədir. 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh