Yol polisləri yaşlı sürücünü selin cəngindən belə xilas etdi – Sürücü danışdı

Yol polisi 2 İyun 2017 17:34 Oxunub 3294
Yol polisləri yaşlı sürücünü selin cəngindən belə xilas etdi – Sürücü danışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Muxtat Kuryayev: "Polislər məni xilas edəndən az sonra maşınımı sel apardı"

İyunun 1-i saat 18:30-da Bakı-Şamaxı yolunun 78-ci kilometrliyində sel daşqını zamanı çarəsiz vəziyyətdə qalan sürücünü yol polisi əməkdaşı xilas edib. Bu barədə Avtosfer.az-ın əldə etdiyi məlumata görə, xilas olunan şəxs "VAZ-2106" markalı, 37-BA-268 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Kuryayev Muxtat Xamdi oğludur. Milliyətcə məshəti türkü olan Muxtat Kuryayev Avtosfer.az-a bildirib ki, onu sel aparan anda polislər köməyə gəlib. Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmətinin 3-cü tağımın polis baş serjantları Lazımov Buksay, Məmmədov Mirəli və baş inspektor, polis kapitanı Əbdüləli Səfərov olub: "Şamaxıdan gəlirdim, sürət çox aşağı idi. Yağış isə möhkəm yağırdı. Sel gəlib asfaltın üstünü tutmuşdu, təxminən 50 sm lil var idi. Həm də sel qaya parçaları gətirdiyi üçün lilin içində görünmürdü. Maşının təkəri qaya parçasına dəyən kimi maşın yoldan kənara çıxdı. Lil yavaş-yavaş maşını aparırdı, içəri su dolmuşdu. Ayağımın altı su idi. Mən özümü itirmişdim. Bu zaman "pikap"da yol polisləri gəldi. Bir polis maşının qapısını açıb mənə dedi ki, yerə düş. Əlimdən tutub kömək elədi, öz maşınlarına mindirdi. Bir az keçmişdi sel maşınə apardı. Təxminən 30-35 metr getdi. Məni kənara çıxarandan sonra "tros" tapdılar, ağır bir texnika gətirib maşınımı suyun içindən çəkib çıxardılar. Sonra evakuator çağırdılar. Maşını evakuatora yükləyib evə gətirdim. Polisin adını soruşdum ki, kimsən, heç olmasa səni tanıyım, çox sağol deyim. Soyadını Lazımov dedi. Allah onlardan razı olsun. O biri polislər də böyük risk edib mənə köməyə gəlmişdilər. Onlar məni selin əlindən qurtardılar".

DYP-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, həqiqətən YPX əməkdaşları bir sürücünü selin cəngindən xilas ediblər. DYP rəhbərliyi onları mükafatlandıracaq.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh