Dəhşətli qəzada ölən müəlliməni xəstəxanaya yol polisi çatdırıbmış - VİDEO

Yazarlar 4 İyun 2017 02:27 Oxunub 22529
Dəhşətli qəzada ölən müəlliməni xəstəxanaya yol polisi çatdırıbmış - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza törədən avtomobilin yüksək sürətlə getdiyi və sürücünün əlində telefon olduğu üzə çıxıb

Bakının Nərimanov rayonu ərazisində - Heydər Əliyev prospektində faciə ilə nəticələnən ağır zəncirvari yol qəzası ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, qəzanı törədən “Toyota Land Cruiser”in sürücüsünün başı telefona qarışıbmış. Kamera görüntülərində onun avtomobili yüksək sürətlə idarə etdiyi və əlində mobil telefon olduğu aşkar edilib.

Qeyd edək ki, qəzada “Hyundai” markalı, 10 NA 556 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 32 yaşlı Aysel Quliyeva vəfat edib. Mehdiabad ərazisində yerləşən Zəngilan məktəbində dərs hissə müdiri vəzifəsində çalışan A.Quliyeva hadisə baş verən gün işdən gəlirmiş. İş yoldaşlarını Heydər Əliyev prospektində düşürdükdən sonra yaxınlıqda yerləşən evinə getmək istədikdə isə əks istiqamətdə hərəkət edən Ağamirzə Heybətov adlı şəxsin idarə etdiyi “Toyota” markalı, 99 RL 220 nömrəli avtomobil yoldakı beton maneəyə çırpıldıqdan sonra A.Quliyevanın idarə etdiyi avtomobilin üstünə düşüb. Hadisədə yolda hərəkət edən Şəhriyar Ələsgərov adlı şəxsin idarə etdiyi “Volkswagen” markalı avtomobilə də zərər dəyib. Lakin onların heç birinin həyati təhlükəsi yoxdur.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. O, ilkin dindirmə zamanı maşının təkərinin partladığını desə də, kamera görüntüləri zamanı başqa məqamlar ortaya çıxıb.

A.Quliyevanın bacısının yoldaşı Ramin Vəliyev bildirib ki, qəzanı törədən sürücü hansısa imkanlı şəxsin şəxsi sürücüdür: “Vuran adam cavan deyil, 51 yaşı var. Hadisəni görənlər deyirlər ki, maşın100-120 sürətlə gəlirmiş. Avtomobili də son model ”Lexus” olub”.

Qəza baş verdikdən sonra A.Quliyevanı xəstəxanaya yol polisinin əməkdaşları çatdırıblar. “Hadisə baş verdikdən sonra Ağamirzə Heybətov şok vəziyyətində olub. Deyilənə görə, nə edəcəyini bilməyib. Qəza yerinə gələn polislər isə təcili yardım xidmətinə zəng etsələr də, qızın vəziyyətinin ağır olduğunu görüb, öz avtomobillərində onu xəstəxanaya çatdırıblar. Biz başa düşürük ki, polisin vəzifəsi bu deyil. Onlar qanunla xəsarət almış şəxsi xəstəxanaya aparmalı deyillər. Ancaq bu cür insanlıq göstərdikləri üçün onlara təşəkkür edirik. Həqiqətən də böyük iş görüblər. Xəstəxanada olduğu zaman da həmin yol polisləri iki dəfə gəlib, onun vəziyyəti ilə maraqlandılar. Çox sağ olsunlar”, deyə ailə üzvləri bildirdilər.

Qeyd edək ki, Aysel Quliyevanı xəstəxanaya çatdıran yol polisi əməkdaşı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsnin polis baş serjantı Ayxan Allahyarov olub. O, Avtosfer.az-a bildirib ki, hadisə yerinə təcili yardım çağırsalar da, qəzadan sonra yolda tıxac yarandığı üçün həkimlər ora çata bilməyiblər: “Gördüm ki, yaralının vəziyyəti çox ağırdır. Onu patrul maşınına qoyub xəstəxanaya çatdırdıq. Həkimlər bir neçə saat əməliyyat aparıblar. Mən axşam saat 8-ə qədər bir neçə dəfə ora gedib vəziyyətlə maraqlandım. Çox təəssüflər olsun ki, onu həyata qaytara bilmədilər. Ağır yaralanmışdı. Allah ona rəhmət eləsin. Bu hadisə mənə çox pis təsir etdi. Sağolsunlar, mərhumənin yaxınları öyrənib mənimlə əlaqə saxladılar, təşəkkür etdilər. Amma düşünürəm ki, mən öz insanlıq borcumu yerinə yetirmişəm”.

Aysel Quliyevanın qardaşı Elçin Quliyev də Avtosfer.az-ın əməkdaşı ilə söhbətində bildirdi ki, yol polisi yaralıya kömək edib: “Biz ona təşəkkür edirik ki, belə bir addım atıb, əlindən gələni edib. Çox sağolsun”.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh