Yol polisi 10 motosikleti cərimə meydançasına apardı - Qalmaqal

Qaydalar 5 İyun 2017 00:12 Oxunub 5311
Yol polisi 10 motosikleti cərimə meydançasına apardı - Qalmaqal
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP-dən Vahid Mustafayevin adı hallanan hadisə haqda rəsmi açıqlama

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda bir qrup motosikletçinin saxlanılması haqqında yayılan məlumata münasibət bildirib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “Qafqazinfo”ya belə bir hadisənin həqiqətən də baş verdiyini təsdiqləyib. Amma o, xəbərin təhrif olunmuş formada ictimaiyyətə təqdim edildiyini qeyd edib: “Vəfat edən motosiklet həvəskarı Toğrul Mirzəzadənin yas mərasiminə gedən motosikletçilər Nəcəfqulu Rəfiyev, Afiəddin Cəlilov, Neftçilər və Fəhlə prospektləri ilə hərəkət ediblər. Onlar yolda manevr tələblərini pozub və digər kobud qayda pozuntuları ediblər. Bundan sonra polisin haqlı saxlama əmrinə tabe olmayıblar. Xidmət aparan polis işçiləri qanunvericilikdə tələb edildiyi formada motosikletləri “Xəzər” TV-nin inzibati binasının yaxınlığında saxlayıblar”.

Vaqif Əsədov əlavə edib ki, bağlanan ANS-in keçmiş prezidenti Vahid Mustafayev sözügedən karvanda olmayıb, hadisə yerinə sonradan gəlib: “Onun düzgün rəftarı və təbliğatı ilə motosiklet sürücüləri nəqliyyat vasitələrini orada qoyub, “hüzn yerinə tələsirik” deyərək məkandan uzaqlaşıblar. Sonradan həmin ərazidəki 10 motosiklet cərimə meydançasına aparılıb”.

Qeyd edək ki, daha öncə yayılan informasiyada V.Mustafayevin də saxlanıldığı və avtobusa mindirilərək hadisə yerindən uzaqlaşdırıldığı yazılmışdı. Moderator.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Nobel prospektində baş verib. Polisin məlumatına görə, motosiklet karvanının saxlanmasına səbəb motosikletlərdə boğucu səslərin olması və magistralda düzgün hərəkət etməmələri olub.

Qeyd olunur ki, V.Mustafayevin motosiklet karvanı dünən yol qəzasında dünyasını dəyişən vəkil Toğrul Mirzəzadənin yas mərasiminə gedirmiş. Əraziyə çağırılan evakuatorlar vasitəsi ilə motosikletlər cərimə meydançasına aparılıb. 

 



ŞƏRH YAZ
Ad

E-mail

Şərh