Polis daha bir nümunə göstərdi - Depuatdan təklif var

Yol polisi 6 İyun 2017 14:22 Oxunub 1965
Polis daha bir nümunə göstərdi - Depuatdan təklif  var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fazil Mustafa: “Biz bu cür xeyirxah polisləri cəmiyyətdə tanıtmaqla mənfi münasibətlərə son qoya bilərik”

Elməddin Muradlı: "Sizi inandırım ki, polis olmasa, insanların üstündən maşınla keçəcək sürücülər var”

 

Azərbaycanda yol polisi əməkdaşı avtomobildə ağır vəziyyətdə olan uşağın həyatını xilas edib. Avtosfer.az-ın məlumatına görə, mayın 28-də Lənkəran rayonu ərazisində yol hərəkəti qaydasını pozan "Toyota Land Gruiser” markalı, 90 TZ 590 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Fikrət Tağıyev Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşı, polis baş serjantı Hüseynov Mahiyəddin Mürsəl oğlu tərəfindən saxlanılıb. Lakin sürücü maşından düşən kimi avtomobildə xəstə uşaq olduğunu deyərək təcili kömək istədiyi üçün yol polisi cərimə yox, kömək edib. Belə ki, DYP əməkdaşı patrul maşını ilə həmin avtomobilin qarşısına keçərək onu müşayiət edib və tez bir zamanda xəstəxanaya çatdırılmasına yardım göstərib.

Sürücü Fikrət Tağıyevin dediyinə görə, Lənkəranda hərbi xidmətdə olan övladına baş çəkməyə gedərkən yolda azyaşlı nəvəsi sudurqa keçirib və dili qatlanıb. Nəfəs alması çətinləşən uşağa heç kim yardım edə bilməyib: "Bu zaman məni yol polisi saxladı. Avtobusu ötərkən qayda pozmuşdum. Maşından düşən kimi polisə dedim ki, nəvəm içəridədir, dili qatlanıb, xəstəxanaya çatdırmaq lazımdır. O da dərhal mənim maşınımın qarşısına keçib öz maşını ilə yolu açdı ki, biz rahat və tez çataq. Dedi, yolu təmizləyəcəm, arxamca sür. 

Ora çatandan sonra uşağa bir saata yaxın tibbi müayinə göstərildi, özünə gəldi. Amma yol polisi yenə də bizi tək qoymadı. Uşaq çıxandan sonra da onunla maraqlandı, sonra sürüb getdi. Allah ondan razı olsun. Çox köməyi dəydi bizə. Həyatımda ilk dəfə idi ki, belə bir hadisə ilə qarşılaşırdım. Yol polisi rəhbərliyinə də minnətdaram ki, belə gözəl, qayğıkeş əməkdaşlar var. Allah ona və ailəsinə can sağlığı versin, mənim nəvəmi həmin yol polisi həyata qaytardı”.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev, artıq məsələnin tam araşdırıldığını bildirib. Xeyirxah inspektor DYP rəhbərliyi tərəfindən mükafatlandırılacaq.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa isə bu davranışın polisin başlıca missiyası olduğunu deyib. Onun sözlərinə görə, yol polisinin vəzifəsi təkcə yolda hərəkəti tənzimləyib, qayda pozan vətəndaşları cərimələmək deyil: "Onların əsas funksiyası vətəndaşların üzləşdikləri problemləri aradan qaldırmaqdır. Avtomobildə olan xəstə uşağın həyatını xilas edən polisə təşəkkür düşür. Çox güman ki, DİN səviyyəsində onun bu hərəkəti lazımi səviyyədə dəyərləndiriləcək və bu xeyirxahlıq digərlərinə nümunə kimi göstərilib bir ənənəyə çevriləcək”.

Yol polislərinin olduqca fədakar olduqlarını deyən millət vəkilinin sözlərinə görə, qarlı-şaxtalı qış günlərində, qızmar yay günəşinin altında onlar yollarda hərəkəti tənzimləməyə çalışır və böyük fədakarlıqlar göstərirlər. F.Mustafanın fikrincə, digər polislərimiz də bu cür xeyirxahlıq nümunəsini davam etdirməyi özləri üçün vəzifə və eyni zamanda insanlıq borcu hesab etməlidir: 

 

"Bu hadisə bütün cəmiyyətdə təbliğ olunmalıdır ki, vətəndaşlarımız mənəvi dəyərlərimizin aşınmadığını görsünlər. Əlbəttə, yol polislərinə qarşı tənqidi fikirlər yenə də olacaq. Ümumiyyətlə iş olan yerdə nöqsan, nöqsan olan yerdə də mütləq tənqid olmalıdır. Onsuz da hörmətli Ramil Usubov səviyyəsində səlahiyyətlərindən sui-istifadə edən polislərə qarşı lazımi ölçü götürülür, xidmət zamanı hansısa nöqsana yol verən DİN əməkdaşları dərhal vəzifələrindən uzaqlaşdırılır. Bununla bağlı heç bir tərəddüd yoxdur. Ancaq hansısa polis əməkdaşı vəzifə borcunu yerinə yetirən zaman müəyyən səhlənkarlıqlara və ya özbaşınalıqlara yol verib deyə, bütünlükdə polis sistemini qaralamaq düzgün deyil. Öz peşəsini sevən və vəzifə borcunu ləyaqətlə yerinə yetirən yol polislərimizin sayı kifayət qədərdir. Onlar bir o qədər yüksək əməkhaqqı almasalar belə, xidmət zamanı yüksək peşəkarlıq göstərərək daim xalqın müdafiəsində dayanırlar. Məncə, biz bu cür xeyirxah polislərin davranışını yaxşı mənada qabardıb onları cəmiyyətdə tanıtmaqla polislərə qarşı yersiz tənqidlərə, mənfi münasibətlərə son qoymaq olar”.

 

"Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı isə deyib ki, yol polislərinin neqativ videoları ilə paralel olaraq bu cür nümunəvi davranışlarının vətəndaşlar tərəfindən qeydə alınaraq cəmiyyətə təqdim olunması sevindirici haldır: 

 

"Konkret hadisə ilə bağlı uşağın babası özü bizə məlumat vermişdi. Biz də yol polislərinin köməyi ilə məsələni araşdırdıq və videonu əldə elədik. Siz görərdiniz, baba nəvəsinin həyatını xilas elədiyi üçün yol polisini qucaqlayıb ona necə təşəkkür edirdi. Kənarda baxanda belə bu mənzərə insanda o qədər xoş hisslər yaradır ki. Axı, polislər də bizlərdən biri, ailəmizin üzvüdür. Hər kəsin mütləq qohum-qonşusunda polis əməkdaşı var. Ancaq bəzi insanlar polisləri az qala bu ölkənin düşməni gözündə görür, onlara qarşı əsassız aqressiya nümayiş etdirir. Sosial şəbəkələrdə Könül adında bir istifadəçi var, polisərlə bağlı nə xəbər yayılsa, şərhdə onlara qarğış edir: "Onları görüm 102 yerə parçalansın”. Mənə çox maraqlı gəlir ki, bu qadında polislərə qarşı bu qədər kin hardandır. Ancaq etiraf edək ki, həmin xanımın başına bir iş gəlsə, evində oğurluq olsa, yenə də pənah aparacağı ünvan Azərbaycan polisi olacaq”.

 

Bu cür xeyirxah polislərin ön plana çəkilməsinin və cəmiyyətə örnək olaraq təqdim edilməsinin vacibliyini vurğulayan E.Muradlının sözlərinə görə, bu kadrlar Hollandiyada cinsiyyəti məlum olmayan bir polis əməkdaşı haqqında yayılsaydı, hamı onun şəklini sosial şəbəkələrdə paylaşıb, "bəh-bəh”lə tərifləyərdi. Ancaq bizim polislərimizin etdiyi yaxşılıqları qurama kimi qəbul edirlər. Halbuki bu cür kadrların geniş yayılması digər polislərin də eyni addım atmasına şərait yarada bilər: Digərləri də fikirləşəcək ki, biz də nəsə yaxşı bir şey edək ki, cəmiyyətdə bu cür təqdim olunaq: 

 

 

"Fikir vermisinizsə, yol polisləri ilə bağlı neqativ videolar yayıldıqca, polislə vətəndaş münasibətlərində getdikcə gərginlik pisləşir, qalmaqallı kadrların sayı artırdı. Yəni mərdi də qova-qova namərd edirdik. Ancaq son zamanlar müsbətə doğru irəliləyiş var. Artıq insanlar da onlara kömək edən polislərin cəmiyyətə təqdim olunmasında maraqlıdırlar. Sizi inandırım ki, polis olmasa, insanların üstündən maşınla keçəcək sürücülər var. Əgər kimsə hesab edirsə ki, müşahidə kameraları olan yerdə polisə ehtiyac yoxdur, çox yanılır. Məsuliyyətli cəmiyyətlərdə bəlkə də kameralar polisi əvəz edə bilər, amma bizim hələ ki, polisə çox ehtiyacımız var. Qudurğan, harınlamış insanların qarşısını ancaq polis ala bilər. Başqa yolumuz yoxdur...”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh