Naxçıvanlılar Bakıda sürücülük vəsiqəsi ala bilmir - SƏBƏB?

Xəbərlər 13 Noyabr 2014 23:01 Oxunub 7504
Naxçıvanlılar Bakıda sürücülük vəsiqəsi ala bilmir - SƏBƏB?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Şəxs müvəqqəti olduğu yer barədə arayış təqdim etməklə sürücülük imtahanı verə bilər»

Avtosfer.az saytına müraciət edən bir neçə nəfər Naxçıvan Muxtar Respuplikasında qeydiyyatda olduğu Bakıda və ya respublikanın digər bölgələrində sürücülük vəsiqəsi almaq cəhdlərinin nəticəsiz qaldığını bildirirlər. Onların dediyinə görə, Naxçıvan qeydiyyatında olanlar bir qayda olaraq qəti şəkildə «qapıdan qaytarılır». Onları verilən qısa və konkret cavab isə belə olur ki, siz sürücülük vəsiqəsi almaq üçün yalnız Naxçıvanda sürücülük məktəbini oxuya və orada imtahan verib vəsiqə ala bilərsiniz. Bu günlərdə saytımıza müraciət edən Taryel adlı şəxsin məktubunu olduğu kimi təqdim edirik: «Salam. Mən Naxçıvan qeydiyatındayam. 3 il bundan əvvəl işlərimlə əlaqədar Gəncədə yaşadım. Orda «avtoşkola» oxudum, həmin sənədlərlə Bakıda Baş Dövlət Yol Polisi İdarəsində imtahana girmək istədim, mənə verilən məlumat bu oldu ki, sən Naxçıvan qeydiyyatısan, ona görə də sürücülük vəsiqəsini ancaq Naxçıvandan ala bilərsən. Naxçıvana getdim, mənə Naxçıvan Dövlət Yol Polisi İdarəsində dedilər ki, bu kağızlar keçərsizdir, bunu at getsin, gəl üç ay burada oxu. Mənim də evim, ailəm, uşaqlarım, işim Bakıdadır. Mən üç ay necə işsiz qala bilərəm? Mən sürücülük vəsiqəsini Bakıda almaq istəyirəm. Xahiş edirəm, mənə köməklik edin, bir yol göstərin».

Avtosfer.az saytı bu məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova müraciət edib. Ekspert bildirib ki, qanunvericiliyə əsasən, sürücü olmaq istəyən şəxs istənilən yerdə sürücü təhsili ala bilər. Onun oxuduğu sürücülük kursunun, peşə məktəbinin və ya liseyin, bir sözlə, sürücülük təhsili verən təşkilatın şəxsin daimi yaşayış yerində və ya başqa yerdə olmasının heç bir əhəmiyyəti yoxdur: «Yəni şəxs ölkənin istənilən yerində öz arzusuna uyğun sürücülük təhsili ala bilər. Bu təhsili bitirdikdən sonra hər bir şəxsə Təhsil Nazirliyinin müəyyən etdiyi formada şəhadətnamə verilir. Bu şəhadətnamə ölkəmizin hər yerində eyni hüquqi qüvvəyə malikdir. Lakin “Yol hərəkəti haqqında” qanunun 33-cü maddəsinin 3-cü hissəsinə əsasən, şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir. Bu o deməkdir ki, ölkənin istənilən yerində sürücülük təhsili almış şəxs daimi və ya müvəqqəti yaşadığı yerdə sürücülük imtahanı verməlidir. Şəxsin daimi yaşadığı yer dedikdə, onun şəxsiyyət vəsiqəsində və ya pasportunda göstərilən daimi qeydiyyat yeri başa düşülür, müvəqqəti yaşayış yeri dedikdə isə şəxsin təhsillə, işlə əlaqədar, yaxud ezamiyyətə, istirahətə, müalicəyə getməklə əlaqədar müvəqqəti olduğu yer başa düşülür. Lakin şəxsin müvəqqəti olduğu yerdə də o müvəqqəti qeydiyyata alınır və lazım olduqda müvəqqəti qeydiyyatda olması barədə ona arayış verilir. Şəxs müvəqqəti olduğu yer barədə həmin arayışı təqdim etməklə də müvəqqəti olduğu yerin qeydiyyat-imtahan məntəqəsində sürücülük imtahanı verə bilər.

Yuxarıda qeyd olunanlara əsasən, Naxçıvan sakinlərinin ölkənin başqa yerində sürücülük təhsili alması və daha sonra Naxçıvanda imtahan verməsi, yaxud Naxçıvanda təhsil alaraq ölkənin başqa regionlarında imtahan verməsi tam qanun çərçivəsindədir».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

tariyel 10 Noyabr 2014 22:55
cox tesekurlerimi sunaram allah razi olsun menim mektubma sualima cavab verdiyiniz aydinlix getirdiyiniz icin allah yardimciniz olsun