“X Petrol”dan benzin vurdurarkən diqqətli olun - 20 manatdan 4-nü kəsirlər

Xəbərlər 12 İyun 2017 15:16 Oxunub 2771
“X Petrol”dan benzin vurdurarkən diqqətli olun - 20 manatdan 4-nü kəsirlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Onu dərhal işdən azad etdik”

Bakıda yerləşən yanacaqdoldurma məntəqəsi fırıldaqçılıqda ittiham olunur. Avtosfer.az xəbər verir ki, sürücü Elvin Quliyev iddia edib ki, paytaxtın Şövkət Məmmədova küçəsində yerləşən “X Petrol” yanacaqdoldurma mənqətəsi müştərilərini “Bonus kartı” adı ilə aldadır: “Bu gün səhər mən “zapravka”ya daxil olub, 20 manat verdim. Operator pulu alıb avtomatı maşının çəninə daxil etdikdən sonra mənə yaxınlaşıb “Bonus kartı”mın olub-olmadığını soruşdu. Mənim maşınım “Niva” olduğu üçün çənin girişi maşının sağ tərəfindədir. Operator isə avtomatı qoşduqdan sonra maşının sol tərəfinə keçib mənlə söhbət etməyə başladı. O mənim başımı qatırdı, “Bonus kartı” haqda danışırdı. Bu vaxt hiss elədim ki, digər operator maşınıma yaxınlaşdı. Tez baxıb gördüm ki, avtomatı çəndən çıxartdı. Maşını işə salıb benzinin tam yüklənmədiyini gördüm. Həmin şəxsi çağıraraq onlarla mübahisə etdim. Bu vaxt “zapravka”nın Ceyhun adlı müdiri yaxınlaşıb məsələni həll edəcəyini dedi. Biz aparatda baxdıq, maşına 16 manatlıq benzin vurmuşdular. Ceyhunun tapşırığı ilə əlavə 4 manatlıq benzin də vurdular.

İşə gələndən sonra öyrəndim ki, qadın həmkarımı da oxşar üsulla aldadaraq 6 manat az benzin vurublar”.

Yanacaqdoldurma məntəqəsinin növbə rəisi Ceyhun Abbasov “Qafqazinfo”ya açıqlamasında baş verən hadisəni təsdiq edib: “Bu gün səhər saatlarında belə bir hal baş verib. Mən otaqda növbəni təhvil alırdım. Çöldə səs-küy oldu. Maraqlananda gördüm ki, Nicat adlı əməkdaşımız belə bir şey edib. Onu dərhal işdən azad etdik”. C.Abbasov qeyd edib ki, onlar həqiqətən də “Bonus kartı” təqdim edirlər: “İki ton yarım benzin vurana 10 manatlıq benzin hədiyyə edirik”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh