Ünvanda tapılmayan sürücülərə bəd xəbər – 20 gündən bir MMX protokol yazılacaq

Yazarlar 14 İyun 2017 13:20 Oxunub 17582
Ünvanda tapılmayan sürücülərə bəd xəbər – 20 gündən bir MMX protokol yazılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İcbarı sığortası olmayan sürücülər problemi dərhal həll etməsələr iki ayda 3 dəfə olunacaqlar

Məlumat vermişdik ki, iyunun 7-dən avtomobilinin icbarı sığortası olmayan sürücülərin elektron protokolla cərimə edilməsinə başlanılıb. Avtosfer.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, artıq ayın 7-dən 10-dək olan məlumata əsasən, 3266 sürücü cərimələnib. Bu, heç də sadə bir rəqəm deyil. Əgər bu, son rəqəm olsaydı o zaman bəlkə də normal yanaşmaq olardı. Lakin heç şübhəsiz ki, cərimə olunanların sayı hər gün artır. 20 gündən sonra təkrar cərimə olunanlar da olacaq. Məsələ burasındadır ki, qanunvericiliyə görə, sürücü 20 gün ərzində avtomobili sığorta etdirməzsə, yenidən protokol tərtib ediləcək. Çünki həmin 20 gün müddət icbarı sığortası olmayan nəqliyyat vasitəsinin sürücüsü barəsində tərtib olunan elektron protokolun sürücüyə çatdırıldığl gündən yox, protokol tərdib edildiyi gündən hesablanır. Yəni, sığortası olmayan avtomobilin sürücüsü iyunun 7-də cərimə edilibsə və onun barəsində tərtib edilən elektron protokoldan xəbəri yoxdursa, 20 gündən sonra yenə də MMX protokol tərdib edilə bilər. Əslində, qanunun bu cür yanaşmasını normal qəbul eləmək olmaz. Lakin yol polisini də qınamaq olmur. Çünki yol polisi qəbul edilmiş qanunları icra edən bir orqandır.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev də Avtosfer.az-a bildirib ki, qanunun tələbinə görə, sürücülərə əvvəlcədən müxtəlif vasitələrdə məlumat verilib və xəbərdarlıq edilib. Qanunda da deyildiyi kimi, sürücü cərimə oldunduğu gündən 20 gün sonra avtomobili sığorta etdirməzsə, yenidən cərimə ediləcək.

Bəs, vəziyyətdən necə çıxmaq olar? Sürücülər cərimələr barədə necə məlumat almalıdır?

Məlum olduğu kimi, hazırkı qanunvericilikdə sürücülərin ASAN ödəniş sistemində elektron kabinet yaratması tövsiyyə olunur. Hər bir sürücü Asanpay.az saytına daxil olaraq müvafiq məlumatları qeyd etməklə çox sadə şəkildə elektron kabinet yarada bilər. Sürücü bura öz mobil telefon nömrəsini və E-mail adresini daxil edir ki, bu da onun cərimələr barədə məlumat almasını, bu cərimələri online qaydada ödəyə bilməsini, protokolla razılaşmadığı halda şikayət etmək imkanlarını genişləndirir, Odur ki, Asanpay.az saytında elektron kabinet yaratmaq hər bir sürücü olduqca vacibdir. Yol polisinin tərdib etdiyi elektron protokollar sizin ünvaninza çatdırılmasa belə siz elektron kabinet və ya SMS vasitəsilə dərhal xəbər tutacaqsınız. Cərimə ilə razısınızsa, hətta qərarsız cəriməni də ödəyə bilərsiniz. Eyni zamanda, şikayət emək daha asandır.

Sığortaya görə elektron protokolla cərimələnən sürücülər də hələ gec deyilkən özlərinə elektron kabinet yaradaraq cərimənin olub-olmadığını öyrənə bilərlər. Qanunun tələbidir ki, sürücü barəsində tərtib olunan bürün protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar sürücünün elektron kabinetinə yerləşdirilsin. Yeri gəlmişkən, qanun tələb edir ki, elektron kabinetə yerləşdiriliməyən protokola görə yol polisi sürücünü cəzalandıra, avtomobili saxlaya və cərimə meydançasına apara bilməz. Eyni zamanda, bir ay ərzində elektron kabinetə yerləşdirilməyən protokola görə sürücünü məsuliyyətə cəlb etmək olmaz. Hətta bir aydan sonra elektron protokolu sürücünün elektron kabinetinə yerləşdirdiyinə görə yol polisini 200 manat cərimə gözləyir.

Odur ki, sürücülər üçün yaradılmış bu imkanlardan istifadə etmək lazımdır. Biz texnologiya əsrində yaşayırıq və ən azından mobil telefon istifadə edən hər bir şəxs texnologiyadan bəhrələnmiş sayılır. Bir qədər də məsuliyyətli olub sürücülər üçün yaradılan və faydalı olan bu imkanlardan da istifadə etmək lazımdır. Asanpay.az saytında elektron kabineti olan sürücü cərimə barədə dərhal məlumat alır, 1 ay tamam olmazdan əvvəl xəbərdarlıq mesajı alır, 1 aydan sonra cərimənin üzərinə faiz hesablandığl barədə bildiriş alır. Bu o deməkdir ki, sizin elektron kabinet vasitəsilə cəriməyə faiz ödəməkdən, avtomobilin cərimə meydançasına aparılmasından, sürücülük hüququndan məhrum edilməkdən kənarda qalacaqsınız. Bunun üçün sadəcə olaraq Asanpay.az saytında elektron kabinet yaradıb daimi işlətdiyiniz mobil telefon nömrənizi və E-mail ünvanınızı daxil etmək lazımdır. Elektron kabineti olan sürücülərin bir üstünlüyü də odur ki, avtomobil evakuasiya olunarkən SMS vasitəsilə avtomobilin hansı cərimə meydançasına aparılması barədə də dərhal məlumat alacaqlar.

Qeyd edək ki, nəqliyyat vasitəsini icbari sığorta etdirməyən sürücülər -fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər. Qanunvericiliyə əsasən, icbari sığortaya görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddət ərzində müqavilə bağlanmazsa avtonəqliyyat vasitəsinin sahibinə təkrar elektron protokollar tərtib ediləcək.

Nəqliyyat vasitəsinin icbarı sığortasının olub-olmadığını 9707 SMS xidmətindən öyrənmək mümkündür.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh