Yol polisinin quraşdırdığı plakatı görən sürücü daha qayda pozmur - ETİRAF

Yazarlar 19 İyun 2017 14:07 Oxunub 6920
Yol polisinin quraşdırdığı plakatı görən sürücü daha qayda pozmur - ETİRAF
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bir anlıq uşaqlarım gözümün önünə gəldi və içimdə qorxu hissi yarandı

İlqar Əliyev adlı oxucu Avtosfer.az saytına maraqlı bir müraciət ünvanlayıb. O bildirib ki, uzun müddət qayda pozaraq avtomobil idarə edib. Lakin Baş Dövlət Yol Polisi İdarəsinin yollarda quraşdırdığı maarifləndirici plakatı görəndən sonra qayda pozmağa son qoyub və digər sürücüləri də qaydalara əməl etməyə çağırır:

“Hörmətli Avtosfer.az saytı!

Bu günlərdə işimlə əlaqədar rayona gedəsi oldum, düzü çalışırdım ki, işlərimi yekunlaşdırıb evə bir qədər tez dönüm. Buna görə də yollardakı radarların yanından keçəndən sonra idarə etdiyim avtomobilin ara-sıra sürətini artırır, döngələrdə tez-tez ötmə əməliyyatları aparırdım. Bir qədər də getmişdim ki, Şamaxının girəcəyində təsadüfən yol kənarında, altında DYP-nin loqosu və qaynar xətt nömrəsi olan iri bir plakat diqqətimi çəkdi. Oradakı şəkili, yazını oxuyan kimi özümdən də asılı olmayaraq ayağım qaz pedalından çəkildi, sürəti endirdim. Bir anlıq uşaqlarım gözümün önünə gəldi və içimdə sanki bir qorxu, bəlkə də məsuliyyət hissi yarandı. Adətən yol qəzalarının qarşısının alınması üçün təbliğat radio, televiziya və internet saytları vasitəsilə aparılır. O da hər zaman deyil. Düzü birinci dəfə idi ki, təşviqat materialını lazımı yerdə və lazımı anda görürdüm. Düşündüm ki, əgər bu plakatın mənə belə təsiri oldusa, yəqin ki, gün ərzində bu yolla hərəkət edən minlərlə insan bu yazıları görüb mənim kimi evdə ailəsinin, əzizlərinin gözləməsini gözünün önünə gətirir, bununla da qaydaları pozmur, sürət həddini aşmır, spirtli içki qəbul edib sükan arxasına əyləşmir və nəticədə qəza törətmir. Lakin nədənsə belə plakata bütün səfərim boyu bir daha rast gəlmədim və düşündüm ki, belə plakatlar hər rayon ərazisində, xüsusilə də istirahət zonalarına gedən yollarda olsa görün nə qədər insan həyatı xilas etmək olar? Həm də inanmıram ki, belə plakatların hazırlanması elə bir ciddi vəsait tələb etsin. Hər halda dəyərindən asılı olmayaraq insan həyatını qurtara biləcək hər bir hərəkət, hər bir ifadə və ya hər bir vasitə hansısa əşya da olsa qiymətsizdir. Odur ki, zənnimcə dövlət yol polisi belə təbliğat materiallarının sayını artırmalı və ən çox da əhalinin istirahət yerlərinə getdiyi ərazilərdə tətbiq etməlidir.

Ümidvaram ki, bu həm sürücülərin intizamlı olmasına, həm də qəzaların azalmasına mütləq təsir göstərəcək. Hər halda mən sadəcə yolda gördüyüm plakata görə Daxili İşlər Nazirliyinin və Dövlət Yol Polisinin rəhbərliyinə təşəkkür etməyi və fikrimi oxucularla bölüşməyi özümə borc bildim”.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh