Qayda pozduğunu etiraf edir - Amma şikayətçidir

Yazarlar 21 İyun 2017 04:47 Oxunub 4620
Qayda pozduğunu etiraf edir - Amma şikayətçidir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qorxmaz İbrahimli 40 manata görə DYP serjantının işdən çıxarılmasını istəyir

Vətəndaş cəmiyyətinin üzvü Qorxmaz İbrahimli yol polisindən şikayət edib. Özü də daxili işlər naziri, general-polkovnik Ramil Usubova üz tutan Q.İbrahimli həm qayda pozduğunu etiraf edir, həm də yol polisinin ona cərimə yazmasını qəbul etmir. Onun yazdıqlarına nəzər salaq:

- Yenə də daxili işlər naziri cənab Ramil Usubova müraciət etmək zorunda qoydular… Heç də aciz insan deyiləm. Ancaq ictimai və dövlət əhəmiyyətli məsələlər biganə olmamağı tələb edir. Ramil müəllim isə digər nazirlərdən fərqli olaraq belə hallarda çox diqqətli davranaraq lazımi ölçü götürülməsini tapşırır. Kimsə şübhə ilə yanaşa bilər. Ancaq media nümayəndələri cənab nazirin bu kimi hallarda necə qətiyyət göstərdiyini yaxşı bilirlər. Polis sıralarında yetərincə qəhrəman oğul və qızlarımız çalışdığı kimi, yarıtmazlığını, orqanlara xələl gətirməyini gizlətməyi “bacaranlar” da az deyil… 

Ümid edirəm, Ramil müəllim vətəndaşla kobud rəftar edən polisləri lazımi qaydada tənbeh edəcəkdir.

... 15 iyun tarixində Yusif Səfərov küçəsindəki şirniyyat dükanına girdim... Heç beş dəqiqə keçməmiş satıcı xanım çöldə DYP əməkdaşının mənim maşınımın yanında dayandığını işarə edərək üzüntüsünü bildirdi. Həmən çölə çıxdım. Maşınımın arxasında dayanmış yol patrul avtomobilində sükan arxasında zabit və arxa oturacaqda bir serjant oturmuş, üçüncüsü isə məndən sənədlərimi tələb etdi.

Qayda pozuntusunun nədən ibarət olduğunu sorduğumda avtobusların hərəkət etdiyi zolağa girdiyimi söylədi. Birincisi, mən günahkar olduğumu anlayıram…

... İctimai-siyasi kimliyimi, dövlətimizi nə qədər sevdiyimi yenicə demişdim ki, yaşca məndən xeyli gənc olan serjant – “Bu o demək deyil ki, siz qaydaları kobud şəkildə pozmalısınız… Bir də əslində ədəbinizdən danışmaq yerinə nümunə olmalısınız. Siz qaydaları pozandan sonra başqalarından nə gözləyək. Qayda pozuntunuzu MMX çəkib. Mənlik bir şey yoxdur. 40 manat cərimə olunacaqsınız. Vaxtında ödəsəniz , 36 manata düşəcəkdir . “, – deyib, nöqtəsini qoydu.

Tərtib olunmuş elektron protokoldan da göründüyü kimi, mən inzibati xəta törətmişəm. Xəta isə düzəldilməsi mümkün olandır, deyə vətəndaşa ən azından görmədən daxil olduğu üçün heç olmazsa, güzəşt belə etmək olardı.

Mən ümüd edirəm, cənab nazirimiz Ramil Usubov belə halların aradan qaldırılması və bu tip məmurların cəzalandırılaraq, işdən kənarlaşdırılması üçün qətiyyətini bir daha göstərəcək”.

Əslində, Qorxmaz bəy hər şeyi özü deyib, qayda pozub, cərimə olunub. Buna görə yol polisini işdən çıxartdırmaq sevdasına düşmək nədəndir görəsən? Birincisi, özü də qeyd edir ki, inspektor ona haqlı irad bildirib və sözünü deyib. İkincisi, maşını harada gəldi saxlayıb “bilmədim” demək heç kimi məsuliyyətdən azad etmir. Və İnzibati Xətalar Məcəlləsində, yol qanunlarında elə bir maddə yoxdur ki, Qorxmaz İbrahimli kimi dəyərli yoldaşları məsuliyyətdən azad etsin. Qanunvericilikdə kimlərin toxunulmazlıq hüququ olduğu aydın şəkildə yazılıb. İctimai-siyasi xadimlər o kateqoriyaya aid deyil.

Avtosfer.az saytı olaraq biz Qorxmaz bəyin müraciətini yaydıq, düşünürük ki, cənab nazirə daha tez çatacaq. Həm də fikrimizi bildirdik ki, burada kiminsə cəzalanmasına əsas olan bir hal yoxdur. Səmimi etiraflarına görə isə ona təşəkkür edirik. Bəziləri günahı ancaq polisdə görür. Amma Qorxmaz bəy sağolsun ki, öz səhvlərini də qeyd edib.

Hər bir halda, düşünürük ki, məsələyə ədalətli qərar veriləcək. Amma ən doğru qərarı Qorxmaz bəy özü verib – qayda pozduğunu etiraf edib və inspektorun da kobudluğu, qanunsuz hərəkəti olmayıb. Elə isə 40 manata görə kiminsə işdən çıxarılmasını tələb etmək nə dərəcədə ədalətlidir?

***

Qorxmaz İbrahimli bu gün Avtosfer.az-də gedən yazıya cavab verib. Onun yazdıqlarının bis hissəsini təqdim edirik:

Mən dediyiniz kimi 40 manatın hayında deyil, diqqətdən yayınmış bəzi halların aradan qaldırılması üçün addım atmışam.

Mən eyni ərazidə bir neçə avtomobilin park edildiyini fotoşəkillərini çəkərək təsbit etmişəm. Bundan sonra müraciətimə əlavə edərək, nişanın doğru qoyulmadığına diqqət çəkməyə çalışmışam. Yoxsa, 40 manat cəriməyə görə kimisə işdən çıxartdırmaq kimi bir düşüncə və planım yoxdur mənim. Eyni zamnanda məlum ərazidə ticarətlə məşğul olanlar digər ticarət obyektlərindən fərqli olaraq çalışa bilməz hala gələrək, bir gün bağlanmaq zorunda qalacaqlar. Belə hallar olmasın deyə yazmışam.

Avtosfer olaraq bu Sizi düşündürmürmü? Və məlum qadağan edilmiş zolaq üzərində Əmlak Məsələləri Dövlət Komitəsi kimi bir dövlət idarəsinin də yerləşdiyini qeyd etmişəm. Məlum yolun uzunluğu isə beş yüz metrdən çox deyil. Ancaq Siz sanki mənim bir müraciətlə öz mənafeyimi düşündüyümü və qabartdığımı önə çıxarmaq istəyirsiniz. Oysa, mən nişan idarəsinin diqqətli olmasına və bir patrul maşınında oturmuş polis zabitinin davranışına diqqət çəkmişəm.

Bir daha Sizlərə bildirdiyiniz mövqeyinizə (bəyənib, bəyənməməmdən asılı olmadan) görə təşəkkür edirəm.

Saygılarımla, Qorxmaz İbhrahimli".

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh