Şarl Lekler Bakıdakı qələbəsini üç gün əvvəl vəfat edən atasına həsr edib

Yarışma 24 İyun 2017 16:33 Oxunub 1375
Şarl Lekler Bakıdakı qələbəsini üç gün əvvəl vəfat edən atasına həsr edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 “Formula 2-də olduğuma görə atama borcluyam”

Bakıda keçirilən Formula 2 yarışının VII mərhələsinin qalibi Şarl Lekler qələbəsini üç gün əvvəl vəfat edən atasına həsr edib. Avtosfer.az-ın məlumatına görə, “Prema Racing” komandasının 20 yaşlı monakolu pilotu bu barədə autosport.com saytına açıqlamasında deyib.

Ş.Lekler yarışa köklənməkdə çətinlik çəkdiyini söyləyib. O, srağagün gecə yata bilmədyini, atası barəsində düşündüyünü ifadə edib: “Həmçinin yarışa köklənə bilmədiyim üçün özümü pis hiss edirdim. Mənə elə gəlir ki, Bakıdakı qələbəmdə atamın köməyi oldu. Əminəm ki, o, qələbəmə görə sevinəcək. Azərbaycana həftəsonu gəlmişəm. Bakıdakı yarışa tam köklənə bilməmişdim. Qalib gəlməyimə şadam. Sabah da uğurlu çıxış edəcəyimə ümid bəsləyirəm. İstəyirəm atam mənimlə fəxr etsin və ona minnətdarlığımı çatdıra bilim. Formula 2-də olduğuma görə atama borcluyam”.

 

Qeyd edək ki, Şarl Lekler 29 dövrəli yarışda 1:54.025 göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Nik De Vries (Niderland, Rapax) ikinci, Nikolas Latifi (Kanada, DAMS) isə üçüncü sırada finiş xəttini keçib. Formula 2 yarışının 21 dövrədən ibarət olacaq VIII mərhələsi iyunun 25-də keçiriləcək və saat 14:00-da başlayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh