Bakıya yeni iritutumlu avtobuslar gətirilib

Yeniliklər 18 Noyabr 2014 17:44 Oxunub 1512
Bakıya yeni iritutumlu avtobuslar gətirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Əhalinin nizamsız ev tikməsi avtobusların hərəkətinə problem yaradır”

Bakıda 2015-ci ildə keçiriləcək I  Avropa Oyunları ilə əlaqədar paytaxta Türkiyə istehsalı olan 50 ədəd yeni iritutumlu avtobus gətirilib. Avtosfer.az xəbər verir ki, bunu APA-Economics-ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov müsahibəsində deyib. O bildirib ki, “İsuzu” markalı avtobuslar Avropa standartlarına uyğun hazırlanıb və 60 nəfərlik tutuma malikdirlər. “Bu nəqliyyat vasitələri hələlik şəhərin mərkəzində hərəkət edəcəklər. Onlara texniki baxış keçirildikdən sonra ictimaiyyətə təqdim olunacaq”, - deyə Ə.Cəfərov qeyd edib. Yaxın günlərdə ölkəyə əlavə avtobusların gətiriləcəyindən söz açan Ə.Cəfərov qeyd edib ki, bu mərhələdə 300 nəqliyyat vasitəsinin gətirilməsi gözlənilir. Nazirlik rəsmisi yeni avtobusların gətirilməsindən sonra paytaxtın mərkəzi hissəsində fəaliyyət göstərən istismar müddəti başa çatan nəqliyyat vasitələrinin xətdən kənarlaşdırılacağını deyib: “Digər istismara yararlı avtobuslar isə ətraf qəsəbələrdə istismar olunacaq. Belə ki, Bakı ətrafı qəsəbələrin əksəriyyətində yollar dar və təmirsiz olduğundan orada iritutumlu avtobuslarının hərəkəti mümkünsüzdür. Bu səbəbdən də həmin ərazilər yalnız ortatutumlu avtobuslarla təmin ediləcək”.

“Bakı ətrafı qəsəbələrdən Sevil qəsəbəsi, Biləcəri qəsəbəsinin daxilində olan yollar və bir sıra digər qəsəbələrdə yollar həddindən artıq darısqal və yararsızdır. Bir sıra hallarda buna əhalinin ərazidə nizamsız olaraq ev tikməsi səbəb olub. Eyni zamanda yolların darısqallığı orada təmir bərpa işlərinin aparılmasına da maneələr yaradır. Bu da birmənalı olaraq marşrut avtobuslarının rahat hərəkət etməsində problemləri ortaya çıxarır. Bu problemlərin müsbət həlli istiqamətində Nəqliyyat Nazirliyində artıq müzakirələr aparılır”, - deyə Ə.Cəfərov izah edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh