Təhlükəsizlikdən anlayışı olmayan sürücülər "at oynadır"...

Yazarlar 3 İyul 2017 12:45 Oxunub 1329
Təhlükəsizlikdən anlayışı olmayan sürücülər "at oynadır"...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elə təəsürat yaranır ki, bunu edənlər "avtoş"luğa lobbiçilik edirlər

Nobel qardaşları prospektində idmançı qızın öldürüldüyü piyada keçidininn ləğvi illərdir qaldırdığımız məsələni bir daha bütün çılpaqlığı ilə ortaya qoydu.

Bu "çılpaq", amma əslində qaranlıq məsələ ölkəmizdə yol hərəkətinin təşkilindəki biabırçılıqdır. Özü də bu biabırçılıq bir neçə istiqamətdə var:

1) qanunvericilik bazası;

2) təşkilati tərəfi;

3) faktiki vəziyyət və s...

Bunların hər biri barədə uzun-uzadı yaza və danışa bilərəm. Amma qısaca deyim ki, hələ də bizim ölkəmizdə yol hərəkətinin təşkilinin müasir konsepsiyalarını, nəzərə alınmalı olan meyarları, təhlükəsizlik elementlərini, maliyyə-təşkilati tərəflərini tənzimləyən qanunvericilik yoxdur. Hazırda qüvvədə olan "Yol hərəkət haqqında" Qanun bu məsələyə çox səthi, özü də sistemsiz toxunur, çünki onun tənzimləmə predmeti deyil. Ən bərbad məsələ isə hərəkətin təşkilindəki qüsurlara görə hüquqi məsuliyyətdir. Şəxsən mən rast gəlməmişəm ki, hərəkətin təşkilindəki səhvə görə kimisə məsuliyyətə cəlb etsinlər. Bu da təbiidir, çünki aydın norma yoxdur...

Təşkilati tərəf də bərbaddır . Guya ki, rayon (şəhər) icra hakimiyyətlərinin yol hərəkəti təhlükəsizliyi komissiyaları var. Amma o komissiyaların bu tipli məsələləri doğrudan da komissiya olaraq, real iclasda müzakirə etdiyini görən və təsdiq edə bilən adam tapa bilməzsiniz. Bir də ki, axı onlar hansı bazaya söykənib nəyi müzakirə edəsidilər ki...

Faktiki vəziyyət də ən dəhşətlisidir. Tam ciddi deyirəm: Bakının bəzi küçə və prospektlərində hərəkətin təşkilinə diqqət edəndə elə təəsürat yaranır ki, bunu edənlər "avtoş"luğa lobbiçilik edirlər. Şəhərin ortasıdakı küçə və prospektdə heç bir xüsusi təhlükəsizlik elementi olmayan yerdə 80-90 km/saat sürət tətbiq etməyi başqa cür necə yozaq. A kişilər, kitab-zad vərəqləyin, görün, harada belə şey var. Axı burada insanlar yaşayır, işləyir, avtobus dayanacağı var, ayaq üstə sərnişin aparan avtobus var və ən pisi - hərəkət təhlükəsizliyindən anlayışı olmayan sürücülər at çapırlar...

Xatırladıram ki, "Yol hərəkət haqqında" Qanun birmənalı olaraq bütün hərəkət iştirakçıları üçün təhlükəsiz və fasiləsiz hərəkət şəraitinin təşkilini tələb edir. Hərəkətin ən çoxsaylı iştirakçıları isə piyadalardır...

İdmançı qızın öldürüldüyü yerdən keçidi yığışdıranlar, bəlkə də bunu ona görə ediblər ki, həmin keçid "qanunsuzdur", "komissiyanın" bundan xəbəri yoxdur. Amma guya piyadalar daha o yolu keçməyəcəklər? Əlbəttə keçəcəklər, çünki başqa variant yoxdur...

 

Ərşad Hüseynov,

hüquqşünas, ekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh