Bakıda velosiped idmanı üzrə dünya çempionatı olacaq - VİDEO

Yarışma 12 İyul 2017 13:25 Oxunub 1797
Bakıda velosiped idmanı üzrə dünya çempionatı olacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İkiqat Avropa çempionu Bakıya dəvət edilib

Azərbaycan Velosiped İdmanı Federasiyası 2018-ci ilin iyununda Bakıda təşkil olunacaq BMX üzrə dünya çempionatının hazırlıqlarına başlayıb. Avtosfer.az qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, işlərə yarışın keçiriləcəyi BMX trekində yenidənqurma prosesi ilə start verilib. Beynəlxalq Velosipedçilər İttifaqı 2018-ci ildən BMX idmanı üzrə dünya çempionatını yeni standartlara uyğun yarış trasında təşkil edəcək. Yəni, Bakı-2018 dünya çempionatları tarixində bir ilkə imza atacaq. Bununla əlaqədar beynəlxalq federasiyanın tövsiyyələri əsasında Bakı BMX Trekinin marşrutunda bir sıra dəyişikliklər edilib.

İlkin olaraq trekin marşrutunun eni, uzunluğu və döngələrin hündürlüyü yeni standartlara uyğun artırılıb. Maneələrin sayında da artım var və bütün bunlar marşrutun peşəkar idmançılar üçün daha çətin və eyni zamanda daha ekstremal olması anlamına gəlir.

Yenilənmə prosesinə Beynəlxalq Velosipedçilər İttifaqının BMX idmanı üzrə mütəxəssisləri nəzarət edib və görülən işlərin keyfiyyətini, həmçinin marşrutun durumunu yoxlamaq üçün Avropadan tanınmış velosipedçilər, o cümlədən 2 qat Avropa çempionu, latviyalı Edzus Treymanes Bakıya dəvət edilib.

İki il əvvəl Bakı-2015 ilk Avropa Oyunlarının da iştirakçısı olan bu idmançı yarış marşrutundakı dəyişilikləri belə xarakterizə edir: "Buradakı test yürüşlərimiz bizdə belə bir təəssürat oyatdı ki, yeni marşrut daha həyəcanlı yarış keçməsinə zəmin yaradacaq. Düzdür, biz bu il təşkil olunacaq bütün yarışlarda köhnə marşrutla yarışacağıq, amma mən gələn il bizi sözün yaxşı mənasında nəyin gözlədiyini yaxşı bilirəm. Bu ayın sonunda ABŞ-da keçiriləcək dünya çempionatında digər ölkə iştirakçılarına da yeni marşrut haqda məlumat verəcəyəm. Çünki dəyişikliklər həqiqətən də cəlbedicidir və düşünürəm ki, yarış trası tam hazır vəziyyətdədir".

Qeyd edək ki, velosiped idmanının ən gənc növü olan BMX 2008-ci ildən Yay Olimpiya Oyunlarının proqramına salınıb və hazırda planetin ən populyar idman növləri sırasında yer alır. İyulun sonlarında ABŞ-da təşkil olunacaq 2017-ci il dünya çempionatında Azərbaycan nümayəndə heyətinin xüsusi təqdimatla çıxışı da olacaq və gələnilki dünya çempionatının estafeti qəbul ediləcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh