Bakı Şəhər Halqası 5 könüllünü İtaliya Qran Prisinə göndərir - FOTO

Yarışma 14 İyul 2017 12:23 Oxunub 1553
Bakı Şəhər Halqası 5 könüllünü İtaliya Qran Prisinə göndərir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Azərbaycan Qran Prisinin uğurla həyata keçirilməsində könüllülər xüsusi rol oynadılar"

Bu il Bakıda uğurla baş tutmuş Formula 1 - Azərbaycan Qran Prisindən əvvəl keçirilən təlimlərdə əldə etdiyi hərtərəfli biliyə və həmçinin, yarış zamanı göstərdiyi yüksək fəallığa görə seçilən 5 könüllü Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) hesabına sentyabrın 3-də İtaliyada baş tutacaq Qran Priyə səfər edəcək.

Avtosfer.az xəbər verir ki, bu barədə TrendBŞH-dən məlumat verilib.

Fevralın 2-də elan edilmiş müsabiqəyə əsasən, Azərbaycan Qran Prisinin 3 min könüllüsü yarış zamanı göstərdikləri fəallığa görə qiymətləndirilib və yüksək fəallığı ilə seçilən 260 könüllü növbəti mərhələyə buraxılıb. Bu mərhələdə sözügedən könüllülər yarışa hazırlıq ərəfəsində BŞH Akademiyasında keçirilmiş seminarlar, Formula 1 Avropa və Azərbaycan Qran Priləri və ümumilikdə Formula 1 tarixindən test üsulu ilə hazırlanmış imtahanda iştirak ediblər.

Qalib könüllülərin adları Azərbaycan Qran Prisi könüllüləri üçün təşkil edilmiş “Təşəkkür” mərasimində BŞH-nin icraçı direktoru Arif Rəhimov və şirkətin insan resursları və işçi qüvvəsi departamentinin rəhbəri İranə Əhmədova tərəfindən elan edilib.

Könüllülərdən Əhməd Şahbalayev, Sitarə Şərifzadə, Haqverdi Məmmədov, Emin Əlizadə və Səkinə Qəhrəmanzadə ən yüksək nəticə nümayiş etdirərək müsabiqənin qalibləri adına yiyələniblər. Qaliblər üçün sertifikat bu adı qazanmış könüllülərə təqdim edilib. Qalib olan könüllülər sentyabrın 3-də İtaliyaya səfər edərək Qran Pri yarışını tribunada canlı izləyə biləcək və həmçinin, həmkarları ilə qarşılıqlı əməkdaşlığa dair fikir və təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar.

BŞH-nin İcraçı direktoru A.Rəhimov qalib olan könüllüləri təbrik edib, inkişafa gedən yolda onları dayanmadan öz üzərlərində çalışmağa səsləyib: “Azərbaycan Qran Prisinin uğurla həyata keçirilməsində könüllülər xüsusi rol oynadılar. Buna görə sizə minnətdarıq. Könüllülük inkişafa gedən yolda ilk addımdır və inanıram ki, BŞH-nin bu istiqamətdə atdığı addımlar könüllülərin daha da yüksək nəticələr əldə etməsi üçün gözəl şərait yaradacaq”.

 

BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova qalibləri təbrik edərək gələcək yarışlarda könüllülərini daha fəal olmağa səsləyib: “Bu ilki yarışa hazırlıq çərçivəsində biz könüllülərimizin fərdi inkişafı üçün müxtəlif mövzularda proqramlar hazırladıq və bu proqramları yüksək səviyyədə həyata keçirdik. Könüllülərimizin inkişafı bizim qarşımızda duran ən vacib məsələlərdən biridir və biz növbəti illərdə də bu ənənəni daha intensiv şəkildə davam etdirəcəyik. Müsabiqədə iştirak edən hər bir könüllüyə təşəkkürümü bildirirəm. Qaliblərin hər birini təbrik edirəm, onlara xoş səfər və gözəl istirahət arzulayıram. Əminəm ki, növbəti illərdə könüllülərimiz yarışa hazırlığın ilk pilləsindən yarış başa çatanadək davam edən proses ərzində yüksək fəallıq nümayiş etdirərək daha da böyük uğurlara imza atacaqlar”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh