Sürücü-polis münasibətlərinin "qaranlıq tərəfi" aydınlaşdı

Yazarlar 18 İyul 2017 20:00 Oxunub 3818
Sürücü-polis münasibətlərinin "qaranlıq tərəfi" aydınlaşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün qayda pozmağa hazırlaşdığını görən yol polisi necə davranmalıdır?

Paytaxt Bakıda yollar təmir olunur və hərəkət istiqamətləri tez-tez dəyişir. Sürücülər yeni çəkilən yol xətləri və quraşdırılan yol nişanlarına diqqət etmədikdə isə, bəzən bilməyərəkdən qaydaları pozurlar. Bu da, sürücünün yol polisi tərəfindən cərimələnməsinə səbəb olur. Sürücülərin əksəriyyəti sosial şəbəkələrdə, yol polisinin imkanı olduğu halda kömək etməməsi haqqında yazırlar. Onların iddiasına görə, yol polisi gözləyir ki, sürücü qaydanı pozsun, sonra onu cərimələsin. Bəs həqiqət necədir? Yol polisi sürücünün bilməyərəkdən qaydaları pozmağa başladığını görərsə, ona xəbərdarlıq edərək qayda pozuntusundan çəkindirə bilərmi? Yaxud bunu etməlidirmi?

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, qanunla yol polisinin işi hərəkətin təşkili və təhlükəsizliyin təmin edilməsidir: "Qayda pozuntusu təhlükəyə aparan yoldur. Yol polisi bunu görüb qayda pozuntusunun qarşısını alırsa, həmin polis öz peşəsinə hörmət edir və insanı keyfiyyətlərinə görə bunu gerçəkləşdirir. Amma sürücüyə düzgün yol göstərmək yol polisinin işi deyil".

"Sənədləri yerində olan sürücü kəmərini bağlayıb sükan arxasında oturursa, deməli o, peşəkar sürücüdür və qaydaları yaxşı bilməlidir. Heç bir halda sürücünün qayda pozmasına haqq qazandıra bilmərik. Sürücü yol işarələrini yaxşı bilərsə, qayda pozmayacaq" — Muradlı bildirib.

Onun sözlərinə görə, bəzən polisin imkan olsa da sürücüyə kömək etməməsi və onun qayda pozmasını gözləməsi faktları həqiqətdir: "Bu, axşama kimi daha çox protokol yazmağı düşünən polisdir. Amma belələri azdır. Dəfələrlə şahidi olmuşam ki, yol polisləri sürücülərə qaydaları pozmamaq üçün xəbərdarlıq edirlər. Sadəcə sürücülər buna məhəl qoymursa, artıq onların öz günahıdır".

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əgər polisin imkanı varsa və sürücünün bilməyərəkdən qayda pozacağını görürsə, bu zaman sürücüyə xəbərdarlıq edə bilər: "Təbii, polis xəbərdarlıq edə bilər. Amma sürücü polis əməkdaşına məhəl qoymayaraq qayda pozursa, polis onu cərimələməlidir".

"Əvvəla, sürücü yol nişanlarına və yol xətlərinə diqqət etməlidir. Bu, sürücünün vəzifəsidir. Sürücünün bilmədən qayda pozması da özünə haqq qazandırmır. Çünki sükan arxasında oturan sürücü qaydaları dəqiq bilməlidir" – deyə K.Əliyev əlavə edib.

Hüquqşünas Ərşad Hüseynov isə məsələyə fərqli yanaşıb: "Polisin vəzifəsi deyil sürücülərə yol göstərsin. Elə olsa, gərək hər sürücünün arxasınca bir polis düşsün. Polis istərsə və şərait buna imkan verərsə, sürücüyə xəbərdarlıq edə bilər ki, qaydanı pozmasın. Amma bir daha qeyd edirəm ki, bu, polisin vəzifəsi deyil".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh