6 tələbənin ölümü dərs olmadı: Qanunsuz sərnişin daşıyanlar iş başında – VİDEO

Yazarlar 20 İyul 2017 14:44 Oxunub 1419
6 tələbənin ölümü dərs olmadı: Qanunsuz sərnişin daşıyanlar iş başında – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Azərbaycanda avtomobil nəqliyyatı haqqında qanun və Nazirlər Kabinetinin sərnişin daşıma qaydaları ilə bağlı qərarı var"

Bu ilin martında Bakı-Sumqayıt yolunda sərnişin daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 6 tələbə ölmüş, 20-si yaralanmışdı. Qəzadan sonra mikroavtobusun qanunsuz reysdə olduğu, sürücünün də sərnişin daşıma üçün heç bir kriteriyaya cavab vermədiyi üzə çıxmışdı.

Bu dəhşətdən çox keçməmiş artıq işbazlar yenidən bu cür qeyri-qanuni reyslər təşkil etməyə başlayıb. Heç bir nəqliyyat şirkətinə məxsus olmayan, sərnişin daşınması üçün yararsız və sürücülərin necə təyin olunduğu bilinməyən bu mikroavtobusların xəttə necə girdiyi, metronun yaxınlığında necə sərbəst şəkildə müştəri yığdığı sual doğurur. Belə ki, Sumqayıta gedən tələbələrin öldüyü qəzadan sonra yoxlamalar aparılmış və bu cür hallara qətiyyən bir daha yol verilməyəcəyi açıqlanmışdı.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bu cür sürücülərin əvvəlcədən müştərilərlə sövdələşmiş adamlar olduğunu və onların cərimələndiyini bildirib

“Onlar əslində mikroavtobus idarə edənlər deyil. Sərnişinlərlə əvvəlcədən sövdələşmiş şəxslərdir. Gəlib hər hansı bir məhlədə dayanıb gözləyir. Əvvəlcədən vaxt danışılır və adamlar bir anın içində toplaşıb yola düşür. Belə əraziləri biz nəzarətə götürürük. Nə vaxt ki, əməkdaşlarımız ərazidə olur, onda belə mikroavtobuslar ora yığışmır. Nə vaxt biz ərazidə olmasaq, yenə fəaliyyətə keçirlər. Sanki onlara kimsə xəbər verir ki, “ərazidə polis yoxdur, gəlin”. Biz təbliğat aparmalıyıq. Bu cür mikroavtobusdan istifadə edən insanları başa salmaq lazımdır ki, bu vasitə həm həyatınız üçün təhlükəlidir, həm də başqa avtobuslara mane olursuz. Mütəmadi olaraq bu cür sürücülərə cərimələr yazırıq. Çünki onların çox vaxt lazımı kateqoriyası, bəzən isə heç sürücülük vəsiqəsi olmur. Yaxud avtomobildə konstruksiya dəyişikliyi edirlər, əlavə oturacaqlar quraşdırırlar, sürət həddini aşırlar və s. Bu işdə jurnalistlər də bizə kömək etməlidir. Təbii ki, bu cür sürücülərin fəaliyyəti uzun çəkmir. Lakin mütəmadi olaraq yeniləri ortaya çıxır. Qanuni Bakı-Sumqayıt marşrutu var. Sərnişinlər bu marşrutdan istifadə etməlidir. Əməkdaşlarımız bu halların qarşısını almaq üçün yüksək səviyyədə tədbirlər həyata keçirirlər. Elə bunun nəticəsidir ki, belə hallar azalıb və onlar yalnız ərazidə polis olmayanda buna cürət edə bilirlər. Lakin onsuz da biz yoldakı kameralar vasitəsilə onları qeydə alıb, yaşadıqları ünvanlara cərimələr göndəririk. Bəzən imtiyazlı şəxslərin adından istifadə edib qanunsuz sərnişin daşıma ilə məşğul olanlarla da rastlaşırıq”.

Yol eksperti Ərşad Hüseynov açıqlamasında bu cür mikroavtobusların reysə buraxılmasını birbaşa təhlükəsizliyin pozulması kimi qiymətləndirib: “Azərbaycanda avtomobil nəqliyyatı haqqında qanun və Nazirlər Kabinetinin sərnişin daşıma qaydaları ilə bağlı qərarı var. Həmin qaydalara uyğun daşımalar həyata keçirilməlidir. Texniki cəhətdən avtobus saz vəziyyətdə olmalıdır, reys qabağı sürücü müayinədən keçməlidir. Avtobus reys qabağı texniki yoxlamadan keçməlidir. Bu şərtlər daxilində və yalnız dövlət orqanlarının müəyyən etdiyi istiqamətdə daşımalar həyata keçirilə bilər. Əsas məsələ daşımaların təhlükəsiz baş tutmasıdır. Bu halın qarşısını almaq üçün reyd keçirmək yox, konkret tədbir görmək lazımdır. Avtobus iynə deyil ki, cibində gizlədəsən. Günün günorta çağı bu cür qanundan kənar daşımalar həyata keçirilirsə, ərazinin yol polisi buna nəzarət etməlidir.

Əhali ola bilsin qiymətə və vaxt məsələsinə görə bu ərazini seçir. Bir var “20 Yanvar” metrosundan çıxan kimi minib getsin, bir də var metroda xətt dəyişib “Avtovağzal”a, ordan da müəyyən qədər piyada gedib avtobusa minsin. Ona görə əhali də rahatlığı seçir. Bu baxımdan gələcəkdə “20 Yanvar” yaxınlığında Sumqayıt avtobusları üçün xüsusi bir dayanacaq tikilsə, əlverişli olar”.

 

 

(publika)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh