Mingəçevir-Bəhrəmtəpə yolunun tikintisi sürətlə davam etdirilir - VİDEO

Yeniliklər 21 İyul 2017 11:57 Oxunub 1428
Mingəçevir-Bəhrəmtəpə yolunun tikintisi sürətlə davam etdirilir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol boyu 5 ədəd yeni körpü də inşa edilir

“Azəravtoyol” ASC tərəfindən Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun (R18) 138 km-lik hissəsinin yenidən qurulması davam etdirilir. Avtosfer.az xəbər verir ki, layihəyə uyğun olaraq avtomobil yolu 2 hissə üzrə yenidən qurulur. Birinci hissə 0-26 km əhatə edən Aran-Qarağacı, ikincisi isə 26-138 km əhatə edən Qarağacı-Bəhramtəpə hissəsidir. Bundan öncə yolun Mingəçevir şəhəri-Mingəçevir stansiyası arasında olan 16,5 km-lik hissəsi yüksək səviyyədə qurularaq cari ilin aprel ayında istifadəyə verilib. Yolun 16,5-154,5 km-lik hissəsində isə hazırda işlər sürətlə davam etdirilir. Bu hissədə yol 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol yatağının eni isə 12 metr təşkil edir.

Qeyd edək ki, 12 m eni olan yol III texniki dərəcəyə aiddir. Yolun hərəkət hissəsinin eni 2 x 3,5 m, çiyinlərin eni 2 x 2,5 m-dir. Yol geyiminin qalınlığı 62 sm-dir. Bura 50 sm-lik hamarlayıcı lay, 20 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm bitumlu əsas layı, 8 sm əlaqələndirici asfalt layı və 5 sm üst aşınma layı daxildir. Ümumilikdə asfalt-beton örtük isə 27 sm təşkil edəcək.

Layihəyə uyğun olaraq Mingəçevir-Bəhrəmtəpə yolunda yolun altından suların ötürülməsi üçün 268 ədəd suötürücü borunun quraşdırılması və 32 yerdə suötürücü keçidin inşası nəzərdə tutulub və bu istiqamətdə işlər aparılır. Bundan başqa yolun altından keçidi təmin etmək məqsədi ilə 22 yerdə alt keçidin inşası aparılır.

Yol boyu 5 ədəd yeni körpü də inşa edilir. Bu aşağıdakı körpülərdir:

1. 0 km, qovşaq - 63 m (M2-R18 kəsişmə)

2. 9.3 km, körpü – 33.8 m (İncəçay)

3. 34.7 km, körpü – 111.4 m (Tərtərçay)

4. 57.3 km, körpü – 61.1 m (Xaçın çayı)

5. 85.2 km, körpü – 38 m (Qarqarçay)

Hazırda layihə çərçivəsində yol boyu torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının inşası aparılır. Hazır hissələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. Bundan başqa yol boyu kommunikasiya xətlərinin köçürülməsi, suötürücü boruların, su və yeraltı keçidlərin inşası işləri də görülür. Faktiki olaraq Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna aparılan tikinti işlərinin tərəqqisi 42% təşkil edir.

Qeyd edək ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması ilə yol boyu yaşayan vətəndaşların istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə də Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətlərinə rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh