Nasaz maşınlarla yolda qalanlar - Köməyə yenə yol polisləri gəldi – VİDEO

Yol polisi 31 İyul 2017 23:14 Oxunub 2253
Nasaz maşınlarla yolda qalanlar - Köməyə yenə yol polisləri gəldi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Texniki cəhətdən nasaz maşınlarla yola çıxarkən hər şeyi nəzərə almaq lazımdır

Havaların isti keçməsi yollarda da müəyyən problemlərə səbəb olur. Baş Dövlət Yol Polisinin yaydığı rəsmi açıqlamada qeyd olunur ki, yol qəzaların əksəriyyəti günün isti vaxtlarına – günorta saatlarına təsadüf edir. Bu da əlbəttə, sürücülərin peşəkarlığından və avtomobilin saz vəziyyətdə olmasından meydana gələn haldır. Sözsüz ki, qəza ən ağır variantdır. Ən yaxşı halda avtomobil yolda xarab olub qalır. Amma bunun pis tərəfi də var. Maşın yolun ortasında bir dəqiqə dayananda bəzən saatlarla tıxac yaranmasına səbəb olur.

Belə hallar ölkənin bir çox yolunda yaşanır. Təəssüf ki, bu cür hadisə ilə üzləşən sürücülərə kömək edən də olmur. Yaşayış məntəqəsində olsa ətrafdakı insanlar köməyə gəlir. Lakin kənar və sürətli yollarda sürücülər bir-birlərinə çox nadir hallarda kömək edirlər. Avtosfer.az-ın təqdim etdiyi video Bakı-Sumqayıt yolunda çəkilib və oxuculardan biri tərəfindən göndərilib. Oxucu yazır ki, günortaya yaxın Sumqayıta gedərkən yol polisi əməkdaşlarının yolda xarab olub qalmış avtomobili itələyib kənara çıxardığının şahidi olub. Günortadan sonra Bakıya qayıdanda da buna bənzər hadisənin şahidi olub və polislərə günün qızmar vaxtında sürücülərə kömək etdikləri üçün təşəkkürünü bildirib.

Görüntülərdən də aydın olur ki, günün qızmar vaxtlarında iki avtomobil yolda qalıb. Hadisələrdən biri Xirdalan dairəsindəki tuneldə, digəri isə Bakı Beynəlxalq Avtovağzalının qarşısında yaşanıb. Göründüyü kimi, hər iki avtomobilin yolda qalması tıxaca səbəb olur. Bunu kamera vasitəsilə izləyən Baş DYPİ-nin Yol-Patrul Xidməti Alayının Ekoloji nəzarət bölüyünün əməkdaşları sürücülərin köməyinə gəlib.

Bəzən texniki nasazlıq üzündən yolda qalan avtomobillər böyük tıxaca səbəb olur. Bu zaman həmin avtomobili kənara çıxarmağa heç kim kömək etmir. Məsələn, Avtovağzalın qarşısında belə hallar tez-tez yaşanır. Yol polisləri bəzən tıxaca görə həmin avtomobilin yanına patrul maşını ilə gələ bilmirlər. Ona görə də, “Ekologiya postu”ndan çıxıb bir neçə km yol qət edərək sürücülərə köməyə gəlirlər.

Qeyd edək ki, qeyd olunan ərazi yoxuş olduğu üçün başqalarının köməyi olmadan yolda qalan maşını itələyib kənara çıxarmaq çətin olur.

Eyni hal Xırdalan dairəsindəki tuneldə də yaşanır. Bəzən geriyə hərəkət mümkün olmadığı üçün 4-5 yol polisi əməkdaşı tuneldə qalan nasaz avtomobili itələyib tunelin o biri başına çıxarırlar. Əlbəttə, bütün bunlar sürücülərdə yol polislərinə qarşı rəğbət hissi yaradır. Lakin sürücülər də unutmasınlar ki, texniki cəhətdən nasaz avtomobillərlə yola çıxmaq tövsiyyə edilmir. Bu, qanunla da qadağandır. Əslində, yol polisləri bu videodakı sürücülərin hər birinə cərimə də yaza bilərdi. Lakin onlar insanlıq nümayiş etdirib köməklik göstərirlər. Ancaq bu o demək deyil ki, avtomobil hansı vəziyyətdə olur-olsun onu sürüb yollarda qalmaq lazımdır. Sürücülər bu cür məsələlərə diqqətlə yanaşmalı və avtomobili daim saz vəziyyətdə saxlamalıdırlar. Siz texniki cəhətdən nasaz avtomobillə yolda qalarkən saatlarla tıxac yarada bilərsiniz, qəzaya səbəb olarsınız. Özünüzlə birlikdə başqalarına da ziyan vurmazdan əvvəl bu haqda ciddi düşünün...

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh