“Çermet” körpüsündə təmirə başlandı, yenə tıxaclar yarandı - FOTO

Xəbərlər 26 Noyabr 2014 16:14 Oxunub 1698
“Çermet” körpüsündə təmirə başlandı, yenə tıxaclar yarandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Dərnəgül yolu» tıxac yoluna çevirilir

Uzun müddətdir təmirə bağlanan, «Dərnəgül yolu» kimi tanınan Ziya Bünyadov prospektində təmir işlərinin əsas hissəsi başa çatsa da, hələ də tam istifadəyə verilməyib. «Dərnəgül yolu» açılmaqla paytaxtın tıxac problemində inqilabi irəliləyişlər olacaq. Bakının tıxacları böyük hissədə azalacaq. Sözügedən prospektin yenidən qurulmasında məqsəd “20 Yanvar” dairəsi, eyni zamanda «Qələbə» kinoteatrının qarşısında yerləşən dairə ilə Böyükşor qovşağı arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Amma məsələ bu qədər sadə deyil. Hazırkı durumda bu yolun tam istifadəyə verilməməsi bir çox problemlər yaşadır. Ən böyük problem isə tıxaclardır. Musavat.com-un redaksiyasına şikayət məktubu göndərilib. Məktubda deyilir ki, «Çermet» körpüsündə yenidən təmirə başlanılıb. Körpüdə yol, birxətli olaraq  davam etdirilir. Buna görə də, böyük tıxaclar yaranır və sürücülər əziyyət çəkirlər. Məsələni yaxından görüb, araşdırmaq üçün adı çəkilən körpüyə yollandıq. «Ulduz» metrostansiyasından «Çermet» körpüsünə qədər olan məsafə çox yaxındır. Amma taksi sürücüləri oraya getməkdən boyun qaçırırlar. Ya da ikiqat pul tələb edirlər. Səbəb isə birdir, tıxac... 

«Normalda «Çermet» körpüsünə 3-4 manata aparırıq. Amma indi o qiymət, heç kimə sərf etmir. Çünki tıxaclı yoldur. 10 dəqiqəyə çatırıq. Amma geri qayıtmaq saatlar çəkir. Ona görə də ya getmirik, ya da 6-7 manata aparırıq» – taksi sürücüləri belə deyir. Bir yolla körpüyə çatdıq. Avtomobillərin hərəkəti, demək olar ki, dayanmışdı. Ucu-bucağı görünməyən tıxac redaksiyamıza ünvanlanan məktubu haqlı çıxarırdı. İki istiqamətli yolun bir tərəfi avtomobillərin hərəkəti üçün qapadılmışdı. Bu da hərəkətə ciddi mane olurdu. Bu sıxlıq və tıxac bir müddət daha davam edəcək. Çünki təmir işləri uzun çəkəcək. 

Bu sözləri musavat.com-a ərazidə çalışan işçilər deyiblər: «Təmirə iki gündür ki, başlamışıq. Səbəb də körpünün dayanıqlığını möhkəmlətməkdir. Belə ki, körpü sovet dövründə tikilib. Həmin zamanlarda bu standartlara əməl edilmirdi. Yay, qış aylarında betonda genişlənmə və sıxılma olur. Bu da körpüyə zərər vurur. Müxtəlif çatlar əmələ gəlir. Biz bunun qarşısını almaq üçün 20 metr aralıqlarla panellər düzəldirik. Bu panellər sayəsində, körpünün ömrü uzanacaq. Hələlik körpünün hər iki istiqamətində olan iki hərəkət xəttinin birini bağlamışıq. Bunlar bitdikdən sonra, avtomobillər hərəkətini bu istiqamətə yönəldəcəyik. Digər tərəflərdə təmir davam edəcək. Sürücülər bir müddət əziyyət çəkəcəklər, amma bu işlər çox vacibdir».

 - Bu təmir işlərini asfalt çəkilmədən öncə etmək olmazdımı?

- Xeyr. Olmazdı. Çünki asfalt çəkilən zaman xüsusi beton maşınları işləyir. Həmin zaman biz bu panelləri çəkə bilməzdik. Beton maşınları bunun üzərindən keçməli olacaqdı, bu da gördüyümüz işi məhv edəcəkdi. Bunun üsulu belədir. Öncə asfalt çəkilir, sonra həmin asfaltın panel çəkiləcək hissəsi qazılaraq, lazımi işlər görülür. 

- Təmir işləri nə qədər vaxt aparacaq?

- Bir neçə ay davam edə bilər. Çünki iki gündür işə başlamışıq. Daha görüləcək çox işlər var. İşimizi ən qısa zamanda bitirmək üçün çalışırıq. 

 Artıq 2 ildir ki, təmiri davam edən «Dərnəgül yolu»nun tam olaraq istifadəyə veriləcəyi günü heç kəs bilmir. Dəqiq bildiyimiz budur ki, tıxacdan xilas olmaq üçün tikilən bu yol, hələ ki, tıxaclara səbəb olur. Ümid edirik ki, qısa müddət ərzində yol tam olaraq istifadəyə verilər və sürücülər də bu tıxaclardan azad olunar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh