"Mercedes" suya düşdü - Bu polislər özlərini suya atıb sərnişini xilas etdilər - FOTO

Yol polisi 3 Avqust 2017 23:39 Oxunub 23382
"Mercedes" suya düşdü - Bu polislər özlərini suya atıb sərnişini xilas etdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünü də xilas etməyə cəhd göstərsələr də, su onu aparıb

Avqustun 2-nə keçən gecə saat 3.00 radələrində Sumqayıt şəhərinin “Qurd dərəsi” bağlar sahəsi ərazisində xidmət aparan Post Patrul Xidməti Bölüyünün iki əməkdaşı uzaqdan qəfil tormoz səsi eşidiblər. Həmin səmtə üz tutanda ərazidən keçən kanala düşən avtomobilin işıqlarını görüblər. Tez hadisə yerinə qaçaraq, dərhal bu barədə xüsusi rabitə vasitəsi ilə Sumqayıt Şəhər Polis İdarəsinin Növbətçi hissəsinə məlumat veriblər. Polis serjantları Elşad Aslanov və Rəşad Məmmədov hadisə yerinə çatan kimi maşında olan iki nəfəri xilas etmək üçün tez kanala düşüblər. Onlardan birini çətinliklə də olsa sudan dartaraq xilas edib kənara çıxarıblar. İkinci şəxsi xilas etməyə cəhd göstərsələr də, təəssüf ki, gecənin qaranlığında o, suyun iti axarı ilə gözdən itib. Polis əməkdaşları xilas olunan şəxsə ilkin tibbi yardım göstəriblər.

Sumqayıt ŞPİ-nin rəhbərliyinin göstərişi ilə bütün xidmət sahələrinin əməkdaşları, həmçinin Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər.  Xilas olunan sərnişin – Sumqayıt şəhər sakini Elvin Məmmədov Təcili  Tibbi Yardım əməkdaşlarına təhvil verilib. Polis serjantları Elşad Aslanov və Rəşad Məmmədov FHN əməkdaşlarına digər şəxsin batdığı yeri göstəriblər və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən meyit tapılaraq sudan çıxarılıb. Polis əməkdaşlarının təşkilatçılığı ilə “Mercedes” markalı avtomobil kranla kanaldan çıxarılıb.  

Xilaskar polislər - polis serjantları Elşad Aslanov və Rəşad Məmmədov hələ gəncdirlər. Onlar bir neçə ildir ki, daxili işlər orqanlarında xidmət edirlər.

Post Patrul Xidməti Taborunun bölük komandiri, polis mayoru Surxay Vəliyev bildirdi ki, sıralarımıza gələn gənclərin vətənpərvərliyi, təəssübkeşliyi, hər zaman qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazır olması bizi sevindirir. 

Polis hər zaman vətəndaşların yanındadır. Təhlükə anında da onlara hər zaman köməyə çatan birinci polislər olur. 

 

Natiq Cavadov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elmar 4 Avqust 2017 00:04
Ehsen,Bele Polislerle fexr edirik,teshekkur