Məsuliyyət haqqında çox az düşünənlər - Kamran Əliyev yazır

Yazarlar 4 Avqust 2017 23:56 Oxunub 1322
Məsuliyyət haqqında çox az düşünənlər - Kamran Əliyev yazır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadaların da öz vəzifəsi, öz məsuliyyəti var

Hər birimiz demək olar ki, gündəlik olaraq piyada, sərnişin və ya sürücü kimi yol hərəkəti iştirakçısı oluruq. Lakin sürücüdən fərqli olaraq piyada kimi hərəkət edərkən nədənsə məsuliyyət haqqında çox az düşünürük. Amma bilməliyik ki, yollarda təhlükəsizliyin təmin olunmasında sürücülərlə bərabər piyadaların da öz vəzifəsi, öz məsuliyyəti var və hər iki tərəf yüksək risk qrupuna aid olsalar da piyadaların iştirakı ilə baş verən istənilən yol qəzasında, təqsirkar olmasa belə zərərçəkən məhz piyada olur.

Statistik məlumatlara əsasən, bu ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında 416 piyada vurma hadisəsi qeydə alınıb, bu qəzalarda 132 nəfər həlak olub, 307 nəfər yaralanıb. Piyadaların vurulması ilə nəticələnən qəzalar ümumi qəzaların təxminən 50 faizini təşkil edir. Kifayət qədər böyük rəqəmdir. Və həm də narahatedici bir rəqəmdir. Amma bu qəzalar olmaya da bilər. Bunun üçün ilk növbədə piyadalar, hər şeyə görə sürücünün cavabdeh olması fikrindən birdəfəlik daşınmalı və öz təhlükəsizliklərinin təmin olunması üçün diqqətlərinin mütləq yolda olmasının vacibliyini unutmamalıdırlar. Əfsuslar olsun ki, bəzi piyadalar, xüsusilə də yaşlı nəslin nümayəndələri yolu keçərkən hətta sağa-sola baxmağı belə unudurlar və düşünmürlər ki, döngədən qəflətən avtomobil çıxsa, yaxud sürətlə yaxınlaşsa, artıq sağa-sola baxmaq çox gec olacaq və bunun bir faydası da olmayacaq. Belə hallara ən çox qarşı tərəfdə dayanmış avtobusa minmək məqsədini hər şeydən üstün tutan piyadalar yol verir. Lakin, bu cür səhvləri yol hər zaman bağışlamır, belə yanlışlıqların bədəli də ağır olur. Odur ki, hörmətli hərəkət iştirakçıları, gəlin piyada, sərnişin və ya sürücü olmağımızdan asılı olmayaraq öz təhlükəsizliyimizi ilk növbədə özümüz qoruyaq, hər şeyi “qismət beləymiş” deyərək talehin ixtiyarına buraxmayaq, həyatımızı qənaət etmək istədiyimiz saniyələrdən daha qiymətli tutaq, sürücülər piyadalara “dirək deyil, kənara çəkilər” və ya piyadalar sürücülərə “tramvay deyil, kənardan keçər” kimi fikirlərə yanaşmayaq, azyaşlı övladlarımızla yolu keçərkən daha diqqətli olaq, qaranlıq küçələrdə özümüzü avtomobillərin qabağına atmayaq, bir sözlə ən sadə qaydalara riayət etməklə yollarda intizamlı olaq ki, həm özümüzün, həm də ətrafımızdakıların həyatına təhlükə yaratmayaq. Çünki həyat hər birimizə bir dəfə verilir.

 

Kamran Əliyev,

BDYPİ-nin şöbə rəisi,

polis polkovniki

ŞƏRH YAZ
Ad

E-mail

Şərh