Könül adamı...

Yazarlar 6 Avqust 2017 14:18 Oxunub 1241
Könül adamı...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Unudulmayan uşaqlıq

O, nə şairdi, nə yazıçı, nə rəssam, nə də ki, bəstəkar. Haqqında yazdıqlarımı oxuyandan, onu tanıyandan sonra özünüz deyəcəksiniz ki, doğurdan da əsl könül adamıdır.

Əslində, bu yazını çoxdan yazmalıydım, özü də lap çoxdan. Neynək, qismət bugünəymiş. Söz də insan kimidir, onun da taleyi, qisməti, alın yazısı olur. Söz də doğulur və insan kimi ömrünü başa vurur...

Mətləbi uzatmayıb, başlamaq istəyirəm. Bilənlər bilir ki, bir işi dərindən öyrənmək üçün bilikli, bacarıqlı olmaqla yanaşı, görüb-götürmüşlərin təcrübəsindən yararlanmalısan. Bu bütün xidmət sahələrində belədir. Həyat dəmirçi kürəsi kimidir, onun zindanında döyülməsən, sənə yaşadığını, var olduğunu hiss etdirən ağrıları sevməsən  üzünə zamanın sehirli qapıları açılmaz…

Dünyada ən çətin iş öyrətməkdir. Gələcəyi, sabahı düşünüb öyrətməyin həm də bir adı var-xalqa və dövlətə xidmət. Xalqa və dövlətə xidmət eləyənləri, gənclərə yol göstərənləri, “torpaqda izi, süfrədə üzü olanları” yada salmaq, xalqın özünə tanıtmaq üçün “qılıncımızı”-qələmimizi “qınından” çıxarıb işə başladıq. 

Hami tərbiyəçilik institutu sovet milisinin də, bügünkü Azərbaycan Polisinin də formalaşmasında xüsusi önəm daşıyan amillərdəndir. Gənc əməkdaşlara xidmətin sirrini, hətta çətinliyini belə öyrətmək üçün seçilən insanlar nəyə təhkim olunduqlarının məsuliyyətini yaxşı bilirlər. Məhz buna görə də hər əməkdaşı hami tərbiyəçi təyin etmirlər. O, fərd kimi yetkin, psixoloji baxımdan hazırlıqlı, xidmət etdiyi sahədə ən azı beş illik iş təcrübəsinə malik olmalıdır. O, himayəsinə götürdüyü gənc əməkdaşa qanunvericiliyi, peşəsinin sirlərini  öyrətməklə yanaşı, həm də onu elə formalaşdırmalıdır ki, həmin gənc üçün insani dəyərlər ən böyük meyar olsun.

O, yetirmələrinə insanlıq dərsi keçib, insanı sevməyi öyrədib, qanuna söykənib halal yaşamağın, təmiz adla ucalmağın yolunu göstərib. 

Müslüm Rəhim oğlu İsmayılov tanıdığım, şəxsiyyətinə, səmimiyyətinə böyük hörmət bəslədiyim, bu gün DİN-də böyük bir idarəyə rəhbərlik edən, keçmişini unutmayan dəyərli bir polis zabitinin hami tərbiyəçisi olub. Mətləbdən uzaq düşməyimə görə məni qınamayın. Sadəcə, heyrət içindəyəm. Aradan illər keçsə də ona xidmətin sirrini öyrədəni, ata qayğısı ilə yanaşanı unutmayan həmkarımın və unudulmayan hami tərbiyəçinin xəyalı ilə üzbəüzəm. Və bu yerdə şeirlərində insana təbiəti sevməyin dilini öyrədən şairimiz Hüseyn Arifin:

 

“Axtar babaları, axtar Hüseyn,

Bir gün də nəvələr axtarar səni”

misraları dadıma çatır…. 

 

Unudulmayan uşaqlıq

O, 1942-ci ildə Laçın rayonunun Sadınlar kəndində doğulub. Böyük Vətən savaşının evlərə, ailələrə gətirdiyi bədbəxtliklərin içində böyüdükcə dərdlə-qəmlə qolboyun olub. Heç özü də bilməyib ki, doğma atası da alman faşistləri ilə ölüm-dirim savaşındadır. Əmisi Kərimi və Muxtarı müharibənin udmasını da görməyib, bircə yadında onların ölüm xəbərini gətirən qara kağızları nənəsinin necə əzizləyib, ağlaması qalıb. Bilməyib ki, dərdinə nə ad qoysun, onu necə çağırsın, dili dağlarda, dərələrdə açılıb. Sirdaşı Laçının əsrarəngiz təbiəti olub, sirrini mamırlı daşlara danışıb. Bəxti üzünə gülüb. Atası sağ-salamat müharibədən qayıdıb və o dünyada ata adlı varlığın necə böyük və əzəmətli olduğunu görüb. Başını dilsiz daşlara, qayalara yox, atasının oddan-alovdan çıxmış sinəsinə söykəyib. Böyüdükcə ehtiyaclar da onunla böyüyüb. Yeddinci sinifə qədər yaxşı oxuyub, sadiq dostu kitablar olub. Ancaq anası dünyasını vaxtsız dəyişdikdən sonra içində qurduğu, sirrinə-sehrinə bələndiyi dünyasının düzəni itib, ayı-günəşi öz yerini səhv salıb. Yetim qalıb  Müslüm İsmayılov. Atası və böyük qardaşı ilə birlikdə kolxozun malına, heyvanına çobanlıq edib.  Analı uşaqları görəndə üzdə hiss etdirməsə də dərd dəyirman daşı kimi onu həyatın dibinə dartıb.Sağlığında anasının gecələr öpüb-oxşadığı totuq-motuq əllərinin tənhalığı yuxusunu ərşə çəkib, təklənib insanla dolu yer üzündə. Atası ona ana ola bilməyib. Ögey ana ağrısı sızıldayan yarasına duz basıb. Anasının soyuq məzarı ilə dərdləşməkdən başqa çarəsi qalmayıb. Gücü gözlərinin yaşına çatıb.“Sovet adamı dərdə, kimsəsizliyə, yetimçiliyə əyilməz” deyənləri ürəyində qınayıb da. Onların belə ruhsuz, duyğusuz olduğunu içinə sığdıra bilməyib. 

1961-ci ildə hərbi xidmətə yollanıb. Sibirdə, Çikinski oblasda xidmət edib. Oranın soyuğu, şaxtası bu dağlar oğlunun, Laçın qartalının qaynar qanında əriyib, muma dönüb. 1964-cü ildə hərbi xidmətdən təxris olunub və Vətənə qayıdıb.  Yenə də işin-gücün qulpundan yapışıb.  Ancaq oxumaq arzusu…

 

Yollar Bakıya aparır

Qohumlarından birinin yük maşınında Bakıya gələndə əynində əsgərlikdən gətirdiyi uniforma, cibində isə 3 manat  var idi. Bakı Sadınlar kəndi deyildi ki, hər addımda doğmanla, əzizinlə rastlaşasan. Ağzını əjdaha kimi açan şəhərdə oğul istəyirdi ki, baş çıxarsın. O, həm anasızlıqla, həm laçınsızlıqla, həm də ehtiyacla döyüşməliydi və mütləq qalib gəlməliydi. İnsanlarla dil tapmağın çətin olduğunu bilirdi. Amma həyat çəkdiklərini qiymətləndirdi.

Politexnik texnikumunun “Avtomobil” fakultəsinə daxil olub. Oranı bitirdikdən sonra 1971-ci ildə Avtomobil Nəzarəti Müvəttişliyində işlə təmin olunub. Düz dörd il yarım orada xidmət edib. Sonra “DİN Partiya və sovet orqanlarını mühafizə edən milis şöbəsi”ndə xidmətini davam etdirib. Elə ulu öndərlə də ilk tanışlığı burda başlayıb. 

 

Yaddaşında qalanlar

Deyir ki, birinci gün ikinci növbəyə çıxmışdım. Yanıma bir oğlan gətirdilər. Dedilər ki, adı Rahib, soyadı Qarayevdir. Özü də Laçınlıdır. Rəhbərlik məni ona hami tərbiyəçi təyin etmişdi. Beləcə bu dağlar oğlu ilə bizim dostluğumuz başladı. Gördüm ki, saf oğlandır, yazı-pozudan başı çıxır, yaxşı təşkilatçıdır. Divar qəzetində yazdığı məqalələrlə rəhbərliyin də rəğbətini qazandı və beləcə xidmətdə uğurlar əldə etdi. Sonra Mərdəkanda Orta Milis Məktəbini bitirdi. Xidmətdə bişdi, bərkə-boşa düşdü və öz yerini tutdu. Bu gün isə polis polkovniki, DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisidir. Daxili İşlər Nazirliyinin rəhbərliyi sağ olsun ki, xalqını, dövlətini sevən insanları vəzifədə irəli çəkir, onlara etimad göstərir. Rahib Qarayev həm də ona görə mənim yadımda qalıb ki, o məni həmişə arayıb-axtarır, zəng vurub keyfimi-əhvalımı soruşur. Ən əsası, məni xatırlayır. Bu mənə bəsdir. Bilirəm ki, bu yazının da yazılmasının səbəbkarı odur. Bu yaşda unudulmadığını görmək bilirsinizmi necə böyük xoşbəxtlikdir?

 

Ulu öndəri sayğıyla anır

“1979-cu il idi. Evim yox idi. Kirayələrdə qalmaqdan bezmişdim. O zaman Buzovna tərəfdə rəhbər vəzifəli şəxslərin sürücüləri üçün ev tikirdilər. Ulu öndər Heydər Əliyev bu məsələdən halı olandan sonra göstəriş verdi ki, həmin evlər bizlərə verilsin və mənim dörd uşaqla kirayədə yaşamaqdan canım beləcə qurtuldu”,- deyir Müslüm İsmayılov. 

 

Bu gün təqaüdçüdür

Məlumat üçün bildirim ki, respublikamız müstəqillik əldə etdikdən sonra bəzi qurumlar DİN-in tabeçiliyindən çıxarılıb yeni yaranan Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeçiliyinə verilib. Məhz bu səbəbdən daxili işlər orqanlarında xidmət edən M.İsmaylov 1995-ci ildə, 52 yaşında Xüsusi Dövlət Mühafizə Xidmətindən təqaüdə çıxıb. İndi 75 yaşı var. Hərdən ona rahatlıq verməyən ürəyi ilə əlbəyaxadır. Xatirələrlə qolboyun olub o yerlərin, Laçınının xiffətini çəkir. Bakıda yayın cırhacırında, nəfəskəsən istilərdə Novlu bulağı, Qara gölün yanındakı Çınqıllı bulağı, Göy bulağı, Bozdağdakı Oyuqlu bulağı vəbaşı qarlı Laçın dağlarını arzulayır. Qulağına gələn hər sədada qələbə sözünü eşitmək istəyir. Yurd həsrətli biri kimi mən onu yaxşı anlayıram. Doğulduğun torpağın qoynunda olmayanda elə bil ki, havan çatmır, elə bil ki, ömürlük nəyisə itirmisən və gözün daim onu axtarır. Yer üzündə, gen dünyada dinclik tapa bilmirsən…

 

Son söz kimi

O da zamanın sınağından çıxan, başından qara yellər əsən, çiynindən dərdinin yelləncəyi asılan, ruhuna söykək verdiyi əsası ilə dərdləşən, həyatın ehtiyac üzünü, boz üzünü görənlərdəndir. O, həm də həmişə xatırlanan xoşbəxtlərdəndir. Yetirmələri generaldı, polkovnikdi, hardasa böyük vəzifə sahibləridirlər…

Onun Vətən həsrətini, yurd ağrısını, elə bu fikirləri, əslində, yazımın əvvəlində sizlərlə bölüşə bilərdim. Ona görə axıra saxladım ki, ürəyimi toxtada bilim. 

Onu görəndə elə bildim ki, əziz bir kimsəmi görürəm. Amma sonra anladım ki, bütün yurd itirən insanlar biri-birinə  doğmadır, əzizdir. Və bu dağlar oğlunun, bulaq suyu kimi duru bir insanın ruhuna, ovqatına simsar olmaq mənim üçün tanrının xoşbətliyi idi. Böyütdüyü dörd övladla-Anar, Mətanət, Vüsaləvə Aygünlə, ömür-gün yoldaşı Rəna xanımla və 13 nəvəsi ilə şərəfli, əsl Azərbaycan kişisinə layiq halal, əzəmətli bir ömür yaşayır. 

Bu gün oğlu Anar yolunu davam etdirir. O, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı, mayordur.

Özünü Həkərinin balaca bir daşı adlandıran Müslüm İsmayılovu mən Xəzərin qoynunda sal qaya kimi gördüm.  Onun bu fikrini isə heç zaman unutmayacağam: “İki-üç il bundan əvvəl beynimə düşdü ki, yaşadıqlarımı, xatirələrimi, bir sözlə,  ömrümü-günümü kağıza köçürüm. Sonra fikirləşdim ki, axı hansı xoş günümü qələmə alım”….

Onun ən böyük dərdi Laçındır. Amma mən inanıram. İndi söz kimi deyilsə də, gün gələcək "Urra, Laçın!" sədasında, lap elə bu günlərin birində biz Laçına dönəcəyik. 

 

Hafiz Təmirov,

polis mayoru

ŞƏRH YAZ
Ad

E-mail

Şərh