Çevikdirlər, cəsurdurlar, qorxmazdırlar

Yazarlar 15 Avqust 2017 17:53 Oxunub 1972
Çevikdirlər, cəsurdurlar, qorxmazdırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətənə və xalqa dayaqdırlar

Sabunçu rayon sakini Araz Aslanov DİN-ə ünvanladığı məktubunda yazır ki, ailəsi ilə birlikdə dəniz kənarından qayıdarkən idarə etdiyi avtomobil quma batıb. Dərhal ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları, polis serjantları Ramil Qasımov və Firuz Niyazov onların köməyinə çataraq, nəqliyyat vasitəsini qumdan çıxarıblar. A.Aslanov bu iki polis əməkdaşının timsalında bütün daxili işlər orqanları əməkdaşlarına öz dərin minnətdarlığını bildirir.

Düzü, yazını belə başlamaq istəmirdim. Ancaq bu məktubu oxuyandan sonra fikrimi dəyişdim. Əgər kiçik bir köməyi vətəndaş görür və qiymətləndirirsə, çəkilən zəhmətə görə, hətta, Daxili İşlər Nazirliyinə məktub ünvanlayırsa, demək ki, polisin fəaliyyəti vətəndaşlar tərəfindən izlənilir, təqdir edilir. Bizlər polis olaraq ictimai nəzarəti hər zaman üzərimizdə hiss edirik. Çünki hər gün vətəndaşlarla ünsiyyətdəyik. Görəvimiz ona görə şərəfli və məsuliyyətlidir ki, o birbaşa vətəndaş məmnunluğuna xidmət edir. 

Bu gün polislə vətəndaş arasında heç bir sədd yoxdur. Ona görə ki, vətəndaş-polis münasibətlərinin qurulması, vətəndaşların üzləşdikləri problemlərin həlli ölkə və DİN rəhbərliyinin diqqətindədir və prioritetdir. Ölkə başçısı da bütün çıxışlarında bu məsələyə xüsusi önəm verir və hər kəsi canla-başla xalqa xidmət etməyə, Vətəni sevməyə çağırır: “Bir daha demək istəyirəm - mütləq Vətənə sədaqət, xalqa sədaqət, xalqa xidmət etmək lazımdır. Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən. Bu vəzifəni mən ancaq xalqa xidmət etmək üçün icra edirəm. Hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir, Vətən üçün, xalq üçün çalışmalıdır. Bax, əgər hər bir yerdə, hər bir səviyyədə bu prinsiplər tam üstünlük təşkil etsə, onda ölkəmiz daha da sürətlə qabağa gedəcəkdir”.

Ölkəmizdə beynəlxalq tədbirlərin, idman yarışlarının keçirilməsi artıq ənənə halını alıb. Bütün bunların əsas səbəbi əcnəbilərin özlərinin də etiraf etdiyi kimi, Azərbaycanda sabitliyin olması və onun yüksək səviyyədə qorunmasıdır.  Əlbəttə, sabitlik olan yerdə inkişaf da var, rifah da. İllərin sınağından çıxan, ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacaran DİN-in Əlahiddə Çevik Polis Alayı da sabitliyin, asayişin ayıq-sayıq keşikçisidir. 

Onların ən çətin, ekstrimal şəraitdə necə xidmət apardıqlarını dəfələrlə müşahidə etmişəm. Bu il keçirilən IV İslam oyunlarında təhlükəsizliyi, sabiltiyi qorumaq üçün də onlar yenə də ən ön sırada idilər. Dözümü və iradəsi ilə fərqlənməyi bacaran həmkarlarımı digərlərindən daha fərqli edən həm də onların çevikliyi, baş verən hadisəyə təmkinli münasibətləri idi. Onların ən çətin situasiyada düzgün qərar vermək bacarığı, tapşırılan işin öhdəsindən layiqincə gəlmələri illərin təcrübəsinə və zəhmətə söykənir. Etibar qazanmaq və etimadı doğrultmaq “çeviklər”in devizidir… 

DİN-in mətbu orqanı olan “Mübariz keşikdə” qəzetində Əlahiddə Çevik Polis Alayının fəaliyyətindən dəfələrlə bəhs etmişik, yazılar yazmışıq. Alayda əlamətdar tarixi günlər, bayramlar və faciələrimizlə bağlı keçirilən tədbirlərdə gənclərin iştirakına üstünlük verilməsi rəhbərliyin tariximizə, milli söykökümüzə verdiyi önəmin ifadəsidir. Yəni gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün DİN rəhbərliyinin bütün tapşırıq və tövsiyələri layiqincə yerinə yetirilir. 

Bu çevik qəhrəmanlar haqqında növbəti yazını hazırlamaq üçün Alaya üz tutdum. Nəzarət Buraxılış Məntəqəsində ilk diqqətimi çəkən burada qadın əməkdaşın da xidmət aparması idi. Şübhəsiz ki, bununla bağlı Alay rəhbərliyinə sual ünvanlayacaqdım…

Bildirdilər ki, Alayın şəxsi heyəti akt zalında narkomaniya və zərərli vərdişlərlə bağlı keçirilən tədbirdədir. Respublika Narkoloji Mərkəzin şöbə müdiri, həkim-narkoloq Pərvin Məmmədov mütəmadi olaraq Alaya dəvət edilir, gəncliyimizi və gələcəyimizi təhdid edən bəla haqqında əməkdaşları məlumatlandırır.  

Rəhbərliklə söhbətimizə gənclərin mənəvi-psixoloji durumundan, xidmətə münasibətindən başladıq. Qeyd olundu ki, Alayın əməkdaşlarının əksəriyyətini gənclər təşkil edir. Onlara diqqət və qayğı ilə yanaşılır, fiziki və peşə hazırlığı dərslərinə xüsusi diqqət yetirilir. 

Yeri gəlmişkən, alaya gənc əməkdaşların seçimi zamanı xarici dil bilən namizədlərə üstünlük verilir, ingilis dilini bilən əməkdaşların biliklərinin artırılması üçün müvafiq tədbirlər görülür, əməkdaşlar ingilis dili məşğələlərinə cəlb olunurlar. Bu da əbəs yerə deyil, çünki ölkəmizə turist axını güclənib. 

Alayın əməkdaşları cinayətkarlıqla qətiyyətlə mübarizə aparırlar. Belə ki, 2017-ci ilin 6 ayı ərzində Alayın patrul bölükləri tərəfindən 13,597 nəfər sахlаnılаrаq ərаzi pоlis оrqаnlаrınа təhvil vеrilmişdir. Cinayət xətti üzrə ümumilikdə 344 fakt qeydə alınmışdır ki, onlardan 25-i axtarış, 123-ü хuliqаnlıq, 17-i dələduzluq, 39-u nаrkоtik vаsitələrin qаnunsuz sахlаnılması və satışı ilə məşğul olan, 126-ı оğurluq, 5-i soyğunçuluq və 9-u müхtəlif cinаyət faktı törətmiş şəxslər olmuşdur. Ötən altı ay ərzində respublika ərazisində və pаytахtdа keçirilən  ictimаi-siyаsi, mədəni-kütləvi və idmаn tədbirlərində Аlаyın əməkdaşları tərəfindən ictimai аsаyiş nümunəvi qorunmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş 5 mərhələdən ibarət olan və mayın 3-dən 7-nədək keçirilən “TOUR d AZERBAİDJAN” beynəlxalq velosiped turunda, 12-22 may tarixlərində ölkəmizdə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında, Formula 1 Azərbaycan Qran Prisi yarışlarında təhlükəsizliyin təmin edilməsi məqsədilə Alayın şəxsi heyəti yarış və qeyri-yarış obyektlərində 2 növbəli xidmətə cəlb olunmuşdur. Tədbirlər zаmаnı аsayişin qorunması üzrə mühüm vəzifələrin icrаsındа fərqləndiklərinə görə, DİN rəhbərliyi tərəfindən 82 əməkdаş mükafatlandırılmışdır. 

Bundan əlavə, müvafiq iş prosesində, şəxsi heyət tərəfindən insan hüquq və azadlıqlarına, vətəndaşlara münasibətdə etik davranışa, habelə korrupsiyaya qarşı mübarizənin əsas istiqamətlərinə, nizam-intizama, həmçinin geyim formasını daşıma qaydalarına riayət olunmasına xüsusi diqqət yetirilmişdir. 

DİN-in göstərişləri, tələbləri rəhbər tutularaq, vətəndaşların hüquqlarının qorunması, bu sahədə mövcud qanunvericiliyin tələblərinə riayət olunması diqqət mərkəzində saxlanılır, vətəndaşların müraciətlərinə baxılması zamanı haqlı tələblərin təmin edilməsinə xüsusi diqqət yetirilir, polis nəfərləri tərəfindən vətəndaşlara qarşı ciddi qanun pozuntuları törədildiyi halda sərt cəza tədbirləri görülür, şikayətlərin, xüsusən təkrar və kollektiv müraciətlərin yaranma səbəbləri, onların artımına təsir edən amillər ətraflı araşdırılaraq lazımı tədbirlər həyata keçirilir. 

İdman nailiyyətlərinin əldə olunmasında, ölkə və beynəlxalq yarışlarda ölkəmizi təmsil edənlərin sırasında “çeviklər”in xüsusi yeri var. Alayın əməkdaşı, polis serjantı İbrahim Məmmədov budo döyüş növləri üzrə Kiq Boksinq versiyasının 3 qat dünya çempionu və dünya kəmərinin sahibi, 1 qat Avropa çempionu və Avropa kəmərinin sahibi, 10 qat respublika çempionu, Avrasiya çempionu və dəfələrlə beynəlxalq turnirlərin qalibidir. Qadın əməkdaşlar da idmanda kişilərdən geri qalmır və güclərini ölkə və beynəlxalq idman yarışlarında sınayıb qələbə qazanırlar. Xüsusi Təyinatlı Taborun əməkdaşı, polis kiçik serjantı Nərminə Əliyeva də belə idmançılardandır. O, “Kosiki Karate Do” idman növü üzrə idman ustası, ikiqat Dünya Kubokunun sahibi, 9 qat Azərbaycan çempionu, habelə, Qafqaz Kubokunun və bir sıra beynəlxalq turnirlərin qalibidir…

Yeri gəlmişkən, çimərlik mövsümü olduğundan Alayın patrul bölüklərinin əməkdaşları müvafiq ərazilərdə xidmət aparır, asayişi qoruyurlar. 

Əlahiddə Çevik Polis Alayının əməkdaşları həm də daha xeyirxah, nəcib işlərə imza atırlar. Onlar qana ehtiyacı olanlar üçün keçirilən qanvermə aksiyalarında mütəmadi olaraq iştirak edir, insanları həyata qaytarmaq naminə həmrəylik nümayiş etdirirlər. 

Torpaqlarımızın toxunulmazlığı, ərazi bütövlüyümüz uğrunda canını qurban verən şəhid həmkarlarımızı unutmur, onların əziz xatirəsini daim hörmətlə anırlar. Bu gün Alayda şəhid polislər – Tərlan Qədeşovun,  Namiq Həmzəyevin, Xıdır İsmayılovun, İslam Babayevin adını gənc əməkdaşlar əzbərdən bilir, onların ömür və döyüş yolundan bəhs edən guşənin önünə tər qızılgüllər düzürlər.

Onların uğuru, nailiyyəti yaşı əsri haqlayacaq polisimizin adına yazılır. Məhz buna görə də onlar andlarına hər zaman sadiq, Vətənə və xalqa dayaqdırlar. 

 

Hafiz Təmirov,

polis mayoru

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh