DYP-dən tanınmış futbolçuya SƏRT CAVAB

Yol polisi 17 Avqust 2017 15:29 Oxunub 5328
DYP-dən tanınmış futbolçuya  SƏRT CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Rəşad Sadiqov məsuliyyətdən yayınmaq üçün mətbuata əsassız məlumat ötürüb

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol polislərinin tanınmış futbolçu Rəşad Sadiqovdan rüşvət alınması ilə bağlı məlumata münasibət bildirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov  Avtosfer.az-a açıqlamasında bildirib ki, tanınmış futbolçumuzun araşdırma aparmadan DYP əməkdaşlarına qarşı sözügedən ittihamı təəssüf hissi doğurur. 

“Hörmətli futbolçumuzun bu hərəkəti yol polisinin fəaliyyətinə kölgə salmaq kimi qiymətləndirilir. DYP tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, Rəşad Sadiqovun idarə etdiyi “Mesareti” markalı 10 SS 606 dövlət nömrə nişanlı avtomobili yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Daha sonra həqiqətən də avtomobildə səs gücünün artırılması müşahidə edilib və öz iştirakı ilə xüsusi cihaz vasitəsilə yoxlanılıb. Məlum olub ki, həqiqətən də avtomobildə normadan artıq səs var. Bu isə qanunvericiliklə qadağandır və insanların narahatlığına səbəb olur. Müvafiq qaydada onun iştirakı ilə Rəşad Sadiqova  "KYP 647967"  saylı protokol tərtib edilib. Protokol əsasında ona 500 manat məbləğində cərimə olunduğu bildirilib. Həmçinin onun avtomobili cərimə meydançasına aparılıb. Təəssüf ki, hörmətli futbolçumuz bu cəriməni yol polisi tərəfindən istənilən rüşvət kimi qiymətləndirib. Lakin futbolçunun telefon nömrəsinə onun törətdiyi inzibati xəta ilə bağlı "SMS" və cərimə məbləği təqdim edilib. ”

Vaqif Əsədov bildirib ki, KİV vasitəsilə verilən məlumatlar Rəşad Sadiqovun ona tətbiq edilmiş cərimədən yayınmaq istəməsi cəhdidir. “Məşhur adamların hərəkətləri cəmiyyət tərəfindən izlənilir və onları sevənlər də eyniylə onlar kimi olmaq istəyirlər. Hörmətli futbolçumuz öz vurduğu qollarla necə azarkeşləri sevindirirsə, yol hərəkəti qaydalarına riayət etməklə də onlara nümunə olmalıdır. Lakin bir daha qeyd edirəm ki, belə informasiyanın yayılması təəssüf hissi doğurur.”

V. Əsədov bildirib ki, videogörüntülər və audosəslər sübut edir ki, futbolçunun avtomobilinin törətdiyi inzibati xəta tam sübuta yetirilib və onun avtomobili həqiqətən də hərəkətdən kənarlaşdırılıb. Eyni zamanda ona 500 manat məbləğində cərimə tətbiq edilməsi də qanunvericiliyə tam uyğundur.

Bölmə rəisi futbolçunun tətbiq edilən cərimədən yayınmaq üçün bu addımı atdığı bildirib: “Rəşad Sadiqov tanımış futbolçudur. Əgər həqiqətən də ondan hansısa rüşvət istəyiblərlə niyə yuxarı qalxıb rəhbərliyə bu barədə məlumat verməyib? Niyə bu barədə araşdırma tələb etməyib. Bütün bunlar yalnız bunu düşünməyə əsas verir ki, o, sadəcə cəriməni ödəməkdən yayınmaq istəyir.  ” 

DYP rəsmisi bildirib ki, son vaxtlar bəzi tanınmış şəxslər yol polisinin fəaliyyəti ilə bağlı dəqiqləşdirilməmiş, qərəzli məlumatları paylaşaraq mənfi fikir formalaşdırır. DYP həmin şəxslərə xəbərdarlıq edir ki, belə hallara yol verdiklərinə görə, qanunla məsuliyyət daşıyacaqlar.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Anar 19 Avqust 2017 22:02
Necə deyərlər. Vaqif müəllim həmişəki kimi Dyp həmişə haqlıdı vətəndaşlar isə həmişə səhvdi.