Prezident Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib

Gündəm 20 Avqust 2017 12:40 Oxunub 881
Prezident Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib. Avtosfer.az xəbər verir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mühüm yol-nəqliyyat layihələri reallaşdırılır. Bu yollardan biri də Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yoludur. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Bu yolun tikintisinə Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən başlanılıb. Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. Yol iki hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7 metrdir. Bildirildi ki, layihə çərçivəsində 482,2 min kubmetr torpaq işləri görülüb, yol əsasının və çiyinlərin tikintisinə 112 min kubmetr çınqıl, qum-qırmadaş qarışığı və 55 min ton asfalt-beton qarışığı sərf edilib. İnşaat işləri zamanı müxtəlif diametrli 30 suötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun istifadəyə verilməsi ümumilikdə rayonun sosial-iqtisadi inkişafına müsbət təsir edəcək, yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan yaradacaq. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh