İndi polislər xaricə yox, "Xəzri"yə üz tuturlar - FOTOLAR

Yol polisi 22 Avqust 2017 12:31 Oxunub 5536
İndi polislər xaricə yox, "Xəzri"yə üz tuturlar - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Xəzri” - böyüklərin də, uşaqların da sevdiyi məkan...

Yay gələndə  dünyanın gəzməli-görməli yerləri ilə tanış olmaq istəyənlər, macəra axtaranlar istirahət üçün yaxın-uzaq ölkələri seçirlər. 

Ömrünü cinayətkarlıqla mübarizəyə, ictimai asayişin qorunmasına həsr edən paqondaşlarımız  əvvələr xarici ölkələrə üz tutsalar da bu gün onlar Azərbaycanı tərk etmədən indi nəinki yay aylarında, ilin bütün fəsillərində, həm də ailəvi “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində çox gözəl istirahət edir, müalicə alır,  günlərini xoş və mənalı keçirirlər. Yaradılan şərait, Xəzərin şəfalı suyu və qumu istirahət üçün əla məkan olan “Xəzri”nin sədasını çox uzaqlara aparıb. Xarici ölkələrdən də bura istirahətə gələnlərlə söhbətləşdikdən sonra bir daha əmin oldum ki, insanlar təkcə yaradılan şərait üçün  deyil, həm də ölkəmizdəki sabitliyə görə vətənimizi seçirlər. 

Təxminən 14 hektar ərazidə salınan "Xəzri" Xəzərin sahilində yerləşir. Təmiz hava, qızmar günəş istirahətə gələnlərin gözünü-könlünü oxşayır... 

“Xəzri”mizdə uşaqlar da yaddan çıxmayıb. Bugünlərdə balalarımız üçün  yaradılan şəraiti yenidən görmək üçün buraya üz tutdum. Oyun zallarında, atraksionlarda, uşaq hovuzlarında balacalar “dünyanı unutmuşdular”. 

Yeri gəlmişkən, uşaqların, yeniyetmələrin asudə vaxtının səmərəli təşkili üçün paytaxtımızda olduğu kimi yerlərdə də çox gözəl şərait yaradılıb. Tikilən idman kompleksləri, yaradıcılıq mərkəzləri möhtərəm Prezidentimizin gələcəyimiz olan uşaqlara, gənclərə sevgisinin bariz nümunəsidir. Çünki hər bir uşağın xoşbəxt gələcəyi dövlətimizin əsas hədəfidir. 

Gələcəyimiz olan uşaqları xoşbəxt, savadlı və sağlam görmək üçün ulu öndərimiz deyirdi: “İnsanın uşaqlıq dövrü ən xoşbəxt dövrüdür. Uşaqlar bunu bəlkə də bilməzlər. Ancaq uşaqlıq dövrü yaşamış, həyatın ağır və çətin illərini, eləcə də çox xoşbəxt günlərini yaşamış insanlar bunu yaxşı bilirlər. Mən də belə insanlardan biriyəm. Uşaqlığın nə olduğunu yaxşı bilirəm, gəncliyin nə olduğunu və yaşlı həyatın nə olduğunu da yaxşı bilirəm. Ona görə də mən sizə həqiqəti deyirəm. Həqiqət ondan ibarətdir ki, uşaqlıq dövrü insanın ən xoşbəxt dövrüdür. 

Mən arzu edirəm ki, müstəqil Azərbaycanın uşaqları həyatlarının bu xoşbəxt dövrünü firavan keçirsinlər. Biz də Azərbaycan dövləti, höküməti, Azərbaycan Prezidenti kimi mən də bütün xalqımızın xoşbəxtliyi uğrunda çalışaraq  birinci növbədə uşaqların xoşbəxt həyatını təmin etməyi özümüzə müqəddəs vəzifə kimi qəbul etmişik. Biz bu yolda çalışırıq. Şəxsən mən hesab edirəm ki, uşaqlara qayğı göstərmək, uşaqların təhsili,  tərbiyəsi üçün üçün şərait yaratmaq, uşaqlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılamaq uşaqlarla aparılan işin əsas hissəsi olmaldır”...

Polislərin əksəriyyəti  “Xəzri”yə ailəvi gəlmişdilər. “Rahatlıq, dinclik tapmaq üçün burdan ideal məkan yoxdur” deyənlərin üzündəki razılığı və təbəssümü görmək deyilənlərin təsdiqi idi...

“İndi sizin şəklinizi çəkib “Mübariz keşikdə”də dərc edəcəyik”,- deyəndə uşaqlar məni dövrəyə aldılar. Beləcə onlarla dostlaşmağın “dilini tapdım”. Hərə öz bacarığını nümayiş etdirmək istəyirdi. Kimi şeir söyləyir, kimi rəqs edir, kimi də idman hərəkətləri ilə diqqətimi çəkirdi. Özünütəqdimetmə və sərbəst ünsiyyətqurma bacarığı, əslində, həmsöhbətlərimin daxili aləminin zənginliyindən xəbər verirdi. Onların-Riadın,  Sənanın, Cavidin, Ziyadxanın, Məryəmin, Mədinənin, Eldarın, Xeyrullanın, Hüseynin, Ağabəyin, İlhamın, Fərzalının, Sənanın, Ayxanın, Rəsulun, Səidin fikirlərindən, hətta ünvanladığı suallardan sonra “Uşaqdır, deyib” yayınmaq, nəyinsə üstündən səthi keçmək olmazdı. Bu uşaqların onları əhatə edən aləmə, çevrəsinə sərgilədiyi münasibət, obrazlı yanaşma, düzü, məni heyrətləndirdi və bir daha anladım ki, hər bir uşağa şəxsiyyət kimi yanaşmağın vacibliyinin hamımız fərqində olmalıyıq...

Sirli-sehirli uşaqlıq aləmi məni çox uzaqlara aparmışdı. Axı mən də uşaq olmuşam. Yaddaşımda qalan isə qayğısız yox, qayğılı uşaqlıq illərimdir. Mənim uşaqlığım, körpəliyim isə həsrətinə, yanğısına boy verə bilmədiyim, adı gələndə ruhumun belə göynədiyi, bu gün yağılara Vətən olan yurdlarımızda qalıb... 

Burada heç kim onların “bir sözünü iki eləmir.” İstirahət və Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə söhbət zamanı dedilər ki, böyüklərlə bərabər uşaqların da xoş istirahəti üçün bütün personal səfərbərdir. Təki bu məkan onların yaddaşında əbədi iz buraxsın...

Yəqin ki, aralarında gələcəkdə ömrünü polis peşəsinə bağlayanlar olacaq və onlar “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində keçirdikləri xoş günləri ən əziz xatirə kimi xatırlayacaqlar. 

Mərkəzin foyesində böyüklərin və uşaqların  mütaliəsi üçün kitabların olması da diqqətimi çəkdi. İstirahət etsələr də, əylənsələr də onların üzünə xoşbəxtliyin, səadətin “qapısını açan” kitabları da unutmurdu balaca dostlarım.

 

Hafiz Təmirov,

polis mayoru

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh