Maşınların qeydiyyatı və texniki baxışı ilə bağlı qaydalar sərtləşir - Azərbaycanda

Avtoxəbər 31 Avqust 2017 00:55 Oxunub 7595
Maşınların qeydiyyatı və texniki baxışı ilə bağlı qaydalar sərtləşir - Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hökumət qərar verdi

Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”sinə bir sıra dəyişikliklər edib. Avtosfer.az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb. Əsasnamənin 2.6-cı bəndə edilən dəyişikliyə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi ilə yanaşı texniki baxışla bağlı hərəkətlər də iş günü ərzində fasiləsiz olaraq həyata keçiriləcək.

Bununla yanaşı, yeni əlavəyə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir:

Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin VI-II hissəsində nəzərdə tutulmuş müddət keçməyibsə; Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilməyibsə.

Texniki baxış zamanı nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Qanuna 1 saylı Əlavənin I (tormoz sistemləri) və II hissələrində (sükan idarə mexanizmi) göstərilən nasazlıqlar aşkar edildikdə, ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır. Dəyişikliklərə əsasən texniki baxış zamanı sükan və əyləc sistemində nasazlıqlar aşkarlanan avtomobillər yalnız texniki nöqsanlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatına alınacaq.

 

Report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh