“Dəhşətli avtoqəzaların səbəbi təkcə sürət deyil” – EKSPERT

Yazarlar 31 Avqust 2017 10:59 Oxunub 1659
“Dəhşətli avtoqəzaların səbəbi təkcə sürət deyil” – EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"İnsanlar düşünməlidirlər ki, onların bu kimi hərəkətləri ağır faciəyə gətirib çıxara bilər"

Bir müddət öncəyə qədər ölkədə ağır yol qəzalarının azaldığı müşahidə olunurdu. Son aylarda isə dəhşətli avtoqəzaların sayı artıb. Bəllidir ki, ölkədə yay aylarında avtoqəzaların sayı daha da çoxalır. Ekspertlər bildirirlər ki, bu, əsasən insanların yay aylarında bölgələrə istirahətə gedərkən, yollarda sürət həddini aşmaları ilə əlaqədardır. Lakin hadisələr göstərir ki, problem heç də, sadəcə olaraq, sürət həddini aşmaqla bağlı deyil. Son bir həftə ərzində Beyləqanda, Şəmkirdə, Salyanda, Siyəzəndə ağır yol qəzaları baş verib ki, nəticədə ümumilikdə 4 nəfər dünyasını dəyişib, 5 nəfər ağır yaralanıb.

Ekspertlər bildirirlər ki, qəzaların baş verməsində səbəblər müxtəlifdir. Onların fikrincə, yol nişanlarının azlığı, lazımi yerdə qoyulmaması, yolların standarta cavab verməməsi, yollarda aparılan təmir-tikinti işlərinin dağınıqlığı, bu işlər görülərkən təhlükəsizlik qaydalarının pozulması da qəzaların sayını artırır. Hətta belə bir fikir də var ki, qəzada ölənlərin sayı müharibədə dünyalarını dəyişənlərin sayına çatır.

Yol hadisələri ilə bağlı bəzi statistikalara da nəzər salaq. Belə ki, 1988-ci ildən 2013-cü ilədək (25 il ərzində) Azərbaycanın avtomobil yollarında 66 min 981 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min 409 nəfər ölüb, 74 min 878 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi məlumatlara görə, 28 il ərzində (1988-2016-cı illər) 73813 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 26 min 183 nəfər ölüb, 81 min 873 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat üzrə ekspert Azər Allahverənov “Yeni Müsavat”a bildirib ki, hər bir hadisə ayrı-ayrılıqda təhlil olunmalıdır: “Qəzaya səbəb olacaq amillər üzə çıxarılmalı və onlar qruplaşdırılmalıdır. Yalnız bundan sonra dəqiqliklə demək olar ki, ağır yol qəzalarına sürücüdən kənar hansı amillər səbəb olur. Ancaq bütün bu təhlillər aparılmadan nəyisə konkret söyləmək olduqca çətindir. Son ay ərzində baş verən qəzalara nəzər saldıqda görürəm ki, hadisələr daha çox sürətli yollarda baş verib. Şübhəsiz ki, yol sürətlidirsə və müəyyən olunmuş sürət hədləri varsa, sürücü həmin sürət həddini aşırsa, qəza şəraiti yaranır. Son qəzaların birində avtomagistrala çıxan mal-qara səbəbindən sürücü istiqaməti dərhal dəyişib və dərəyə düşüb, insanlar xəsarət alıblar. Bu qəzada səbəb, göründüyü kimi, təkcə sürət həddi deyil. Digər bir qəza isə yolun dolayı olması səbəbindən baş verir. Məsələn, Ağsu aşırımı tərəfdə sürüşmə halları ola bilər. Doğrudur, yoldakı çuxurlar doldurulub, ancaq asfaltın səthi dalğavari şəkil alıb. Bu isə istənilən halda yola bələd olmayan sürücünün qəzaya düşməsinə səbəb ola bilər. Ona görə də sürücülər elə bir sürət həddi seçməlidirlər ki, bu kimi hallar zamanı yaranmış vəziyyətdən çıxa bilsinlər. Bu yaxınlarda Hövsan yolunda 2 nəfər yola çıxmışdı və gecə saatlarında nəzərdə tutulmayan yerdən yolu keçməyə cəhd edərkən, onları maşın vurmuşdu. İstənilən halda demək olmaz ki, qəzalara səbəb yollardır. Doğrudur, yollarda müəyyən çatışmazlıqlar var, amma hadisələr tam olaraq yollarla bağlı deyil. Yeni salınmış avtobanlar var ki, kifayət qədər infrastruktur baxımından yaxşı qurulub”.

Ekspert bildirib ki, sürücülərlə yanaşı, mal-qara otaranlar və digər bu kimi şəxslər də diqqətli olmalıdırlar:

 

“Mal-qaranı otlağa çıxaran şəxs yolunu qısaltmaq üçün haradan gəldi, magistral yola girir. Bu isə xoşagəlməz halın yaranmasına səbəb olur. İnsanlar düşünməlidirlər ki, onların bu kimi hərəkətləri ağır faciəyə gətirib çıxara bilər. Bəzi qəzaların baş verməsinə səbəb kanalizasiya quyularında qapaqların olmamasıdır. Yerlər var ki, orada qapaqları oğurlayıblar, yaxud da hansısa səbəbindən götürülüb. Orada hər hansı bir nişan isə qoyulmayıb. Bu hal gecə saatlarında çox ciddi problemlərin yaranmasına səbəb olur. Bundan əlavə, yollarda bəzi ərazilər gecə saatlarında yaxşı işıqlandırılmır. Nəticədə yolda problem varsa, kanalizasiya quyusunun qapağı yoxdursa, faciə qaçılmazdır. Eyni zamanda həmin ərazilərdə yaşayan insanlar da yolu haradan gəldi keçməməlidirlər. Yol işıqlı olmadığı üçün sürücü piyadanı görmür və qəza baş verir. Çox zaman da piyadanı vurmaqdan yayınan sürücü avtomobilini ağaca və ya digər maneəyə çırpır. Ona görə də yol qəzalarını önləmək üçün atılan addımlar kompleks şəkildə olmalıdır. Burada həm yol infrastrukturu, həm də insanların maarifləndirilməsi hansısa nailiyyətlərə səbəb ola bilər. Yekun olaraq bir daha qeyd edirəm ki, bu məsələ kompleks şəkildə öz həllini tapmalıdır”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh