Bu da təbliğat: seriallarda yol hərəkəti qaydalarını pozmağı təbliğ edirlər

Avtoxəbər 2 Dekabr 2014 19:47 Oxunub 1543
Bu da təbliğat: seriallarda yol hərəkəti qaydalarını pozmağı təbliğ edirlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «Bu cür hallara yol verən yaradıcı heyətin çəkdiyi film yol hərəkəti haqqında qanuna olan münasibətdir”

Vəfa Rəşidova: «Öz ölkəmizin istehsalı olan film və seriallarda baş verənlər insanların psixologiyasına daha çox təsir edir»

Toğrul Məmmədov: «Veriliş və seriallarda təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı televiziyalara rəsmi məktubla müraciət edilib»

Televiziyada gördüyümüz hər bir nüans fikrimizə daha tez həkk olunur. Çünki ortada görüntü var. Biz həm eşidirik, həm görürük. Yaddaş da bunları daha tez qavrayır. Buna görə də televiziyada yayımlanan verilişlər, fimlər, seriallar, hətta kliplərdə müəyyən detallar nəzərə alınmalıdır. Önəm verilməli detallardan biri də yol hərəkəti təhlükəsizliyinə riayət olunması ilə bağlıdır. Dövlət tərəfindən serialların inkişafına müəyyən qədər vəsait ayrılır və artıq öz milli seriallarımızı izləyə bilirik. Amma seriallarda təhlükəsizlik qaydaları ilə bağlı məqamların nəzərə alınmamasının şahidi oluruq. Ən çox diqqət çəkən isə qəhrəmanların avtomobili darə edərkən təhlükəsizlik kəmərindən istifadə etməməsidir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov «Üç nöqtə»yə bildirdi ki, bu cür hallara çox vaxt riayət edilmir: «İlk dəfə bunu Sevda Yəhyayevanın Türkiyədə çəkdiyi klipdə gördüm. Sevda xanım klipdə avtomobil idarə edir və təhlükəsizlik kəmərini bağlamır. Mən bu haqda canlı yayımda sənətçiyə dedim və o bildirdi ki, bundan sonrakı kliplərində bu məqamı nəzərə alacaq. Bununla bağlı tanınmış şəxslərə müraciət etdim ki, «Yol hərəkəti haqqında» qanunun tələbləri istənilən halda yerinə yetirilməlidir. İstər klip çəkilsin, istər də teleserial. Amma yerli serialların əksəriyyətində təhlükəsizlik kəməri bağlanılmır. Yaxşı seriallar çəkirlər. Amma bəzən təhlükəsizlik kəmərindən istifadə olunmur. Bu cür hallara yol verən yaradıcı heyətin çəkdiyi film «Yol hərəkəti haqqında» qanuna olan münasibətdir. Bu o deməkdir ki, həqiqətən yol hərəkətində mədəniyyət səviyyəsi aşağıdır. Xarici ölkələrin avtomobillə bağlı çəkdiyi verilişlərə, filmlərə, seriallara baxanda bu qaydalara necə riayət edildiyinin şahidi oluruq. Elə bir film yoxdur ki, orada təhlükəsizlik kəmərindən istifadə edilməsin. Söhbət maraq doğuran müasir filmlərdən gedir. Seriallarda, filmlərdə, kliplərdə təhlükəsizlik kəməri bağlanmalıdır ki, qanuna riayət etmək insanların beyninə həkk olsun. Vətəndaş görsün ki, adi serialda bu bağlanırsa, deməli, bundan istifadə olunmalıdır».

V.Əsədov deyir ki, təhlükəsizlik kəməri baş verə biləcək yol qəza hadisəsi ilə əlaqədar sürücü və sərnişinlərin sağ qalma sığortasıdır: “Kəmər sağ qalma ehtimalını 70-75 faiz artırır. Bəzən görüntü naminə kəməri çiyinlərinə atırlar, polis də onları saxlamır. Yol polisinə cərimə verməmək üçün bu addımı atırlar, amma bununla özlərini aldadırlar. Bu gün istehsalatda buraxılan müasir avtomobillərdə təhlükəsizlik kəmərini istifadə etməyəndə salonun içində tez-tez siqnal verir, qırmızı işıq yanıb-sönür. Bu da o deməkdir ki, istehsalçı zavod özü yol boyu sürücüyə xəbərdarlıq edir ki, bunu bağla. Ən nəhayət, son illər istehsalata buraxılan avtomobillərdə təhlüksizlik kəmərindən istifadə etmədikdə avtomobil işə düşmür».

Psixoloq Vəfa Rəşidova deyir ki, öz ölkəmizin istehsalı olan film və seriallarda baş verənlər insanların psixologiyasına daha çox təsir edir: “Filmə və ya seriala baxarkən, orada baş verənlərə o qədər aludə olurlar ki, hadisələri analiz etmirlər. Orada gördükləri özü də istəmədən insanın şüuraltına oturur. İnsan hansısa serialı izləyirsə, həmin an baş verənləri yaxşı hal kimi görməyə bilər. Amma gördüyü özündən asılı olmaraq onun hərəkətlərinə sirayət edir. Seriallara yeniyetmələr, gənclər baxır. Təbii ki, bu, birbaşa onların davranışında öz əksini göstərir. Gənc seriala baxır və onun favoriti olan aktyor və aktrisanın hərəkətlərini özü üçün nümunə götürür. Deyir, əgər o edirsə, mən niyə etməyim? Xüsusilə, insanların təhlükəsizliyi ilə bağlı məsələlərdə daha diqqətli olmaq lazımdır».

Tanınmış media eksperti Zeynal Məmmədli deyir ki, seriallarda təhlükəsizlik qaydalarına riayət olunması cəmiyyətə sosial mesajdır: «Sosial mesaj sənətçi, rejissor üçün ön planda olmaya da bilər, amma onlar bazarı itirməmək və bu cəmiyyətdə yaşadıqları üçün bunu düşünməyə məcburdur. Özəlliklə AzTV və İTV kimi büdcədən maliyyələşən kanallar seriallarda sosial tipli mesajları özləri üçün önəmli saymalıdırlar. Efirə çoxsaylı kütlə baxırsa, onlara assosioal mesajlar vermək olmaz. Efirdə küçə qaydalarından qanuna münasibətə qədər diqqətli olmaq lazımdır. Efir qanunların daha cazibəli, maraqlı yayıcıları kimi görünməlidir. Qərb televiziyasının təcrübəsi bunu göstərir. Bəzən ictimai rəydə dilə gətirməsi çətin olan məsələləri öncə seriallarda təqdim edirdilər. MTRŞ serial çəkənləri həvəsləndirmək üçün müsabiqələr, tenderlər elan edə bilər. Amma burada öyrənilməlidir ki, dövlətin pul ayırdığı seriallardan cəmiyyətə hansı mesajlar gedir? Bax, bu jurnalistlərin diqqət mərkəzində olmalıdır. Hələ ki, üzqızardan hallardan danışırıq, nəinki üzgüldürən».

Milli Televiziya və Radio Şurası Aparatının rəhbəri Toğrul Məmmədov isə bildirdi ki, efirdə yayımlanan veriliş və seriallarda təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı televiziyalara rəsmi məktubla müraciət edilib: “Bu cür hallarla bağlı telekanal rəhbərləri diqqətli olmalıdırlar. Məsələn, serialda avtomobil idarə edilərkən təhlükəsizlik kəmərindən istifadə olunmursa, bu, cəmiyyətə mənfi hal aşılayır. Dövlət qurumu olaraq qanun çərçivəsindən kənara çıxıb hər hansı prodakşına göstəriş verə bilmərik».

Aygün Asimqızı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh