Elektriklə işləyən avtomobil dövrü gəlir

Avtodünya 12 Sentyabr 2017 11:29 Oxunub 1507
Elektriklə işləyən avtomobil dövrü gəlir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobillərin dövrü nə zaman başlayacaq?

Dünyanın ən böyük avtomobil bazarına sahib olan Çin yanacaqla işləyən avtomobillərin istehsalının və satışının ləğvi barədə düşünür. Çin hökuməti Fransa və Böyük Britaniyanın yolu ilə gedərək 2040-cı ilədək yanacaqla işləyən avtomobillərin satışını qadağan etmək niyyətindədir.

Tianjində keçirilən beynəlxalq avtomobil forumunda çıxış edən Çinin sənaye nazirinin müavini Sin Quobin bildirib ki, bu addım ölkənin avtomobil sənayesində köklü dəyişikliklərə səbəb olacaq. Nazir müavini istehsalçıları ənənəvi avtomobillərin enerjiyə qənaət səviyyəsini artırmağa və təmiz enerji ilə işləyən nəqliyyat vasitələri sənayesini inkişaf etdirməyə çağırıb.

Görünən odur ki, alternativ yanacaqla işləyən avtomobillərin kütləvi istehsalı heç də xəyal deyil və təxminən 20 il sonra bu, reallığa çevriləcək. Yanacağı xaricdən idxal edən ölkə kimi bu məsələdə ən maraqlı tərəf də məhz Çindir. Bu gündən avtomobil istehsalçıları qarşısında belə bir prioritet müəyyənləşdirən Çin hökuməti alternativ enerji ilə çalışan avtomobil bazarında da öz yerini tutmağa çalışır.

Digər tərəfdən, Çin və Yaponiya bu məsələdə nə qədər maraqlı olsa da, dünyanın enerji bazarında mühüm yer tutan, iqtisadi siyasətini məhz bunun üzərində quran, eləcə də dünya siyasətində enerji resursları hesabına dəyişiklik etməyə qadir olan dövlətlər bu prosesin əleyhinə gedərək vaxtı uzatmağa çalışırlar. Alternativ enerji ilə çalışan avtomobillərin kütləvi istehsalı artıq dünyanın enerji balansında benzinin, dolayısı ilə neftin liderliyini əlindən alır.

Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Müsavat”a açıqlamasında bu məsələni şərh edən iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, alternativ enerji mənbələrindən istifadə, o cümlədən avtomobillərdə alternativ yanacağın istifadə edilməsi artıq dünyada yayılmış bir praktikadır: “Bu praktika bütün inkişaf etmiş ölkələrdə daha çox tətbiq olunur və benzinə, birbaşa neftə olan tələbin azalmasına gətirib çıxarır. Aparıcı şirkətlərin elektrik enerjisindən istifadə edən avtomobil istehsalını genişləndirməklə bağlı konkret strategiyası var. İnkişaf etmiş ölkələr də bu strategiyanı reallaşdırmağa çalışırlar. Bu proses benzinə olan tələbi azaldacaq. Benzinə olan tələb birbaşa avtomobil istehlakı ilə bağlıdır. Sözsüz ki, avtomobil istehsalında alternativ enerjiyə keçid mərhələli bir prosesdir. Elektrik enerjisindən istifadə edən avtomobillərin istehsalı artsa belə bunun daha qısa zamanda olması hədəflənmir. Çin bu prosesi 2040-ci ilə hədəfləyir. Ancaq Avropa ölkələri üçün hədəf daha tezdir. Bəzi Avropa ölkələri 2020-ci ilədək, bəziləri 2040-cı ilədək elektrik enerjisindən istifadə edən avtomobillərin sayını artırmağı prioritet olaraq müəyyən edib”.

İqtisadçının sözlərinə görə, dünya bazarında alternativ yanacaqla işləyən avtomobillərin dövrü başlasa, bu sahədə lider Yaponiya olacaq: “Müxtəlif şirkətlərin elektrik enerjisi ilə çalışan avtomobil istehsalına diqqət yetirsək, güman olunur ki, məhz Yaponiyanın bu məsələdə dünya bazarında lider olmaq imkanları daha çoxdur: Yaponiyanın həm innovativ olaraq imkanları daha çoxdur. Həmçinin yapon şirkətləri avtomobil bazarında hazırda aparıcı şirkətlərdir. Avtomobillərin yanacaq sərfiyyatının azalması yapon şirkətləri üçün daha prioritetdir. Yaponiya benzin idxal edən ölkə olduğuna görə nəticə etibarilə alternativ mənbələrdən istifadə edən avtomobillərin istehsalı bu ölkə üçün daha vacibdir. Avtomobil istehsalı ilə bağlı sənaye inqilabı baş verəcəyi halda pncə olan ölkə Yaponiya olacaq”.

 

Ekspert onu da vurğuladı ki, avtomobil sənayesində alternativ enerjidən istifadə istiqamətindəki bu axtarışlar qarşıdakı illərdə neftin bahalaşma ehtimalını sıfıra endirir: “Bir tərəfdən şist neft istehsalı, digər tərəfdən, elektrik enerjisindən istifadə edən avtomobillərin sayının artması neftin qiyməti ilə bağlı nikbin düşünməyə imkan vermir. Bəzi beynəlxalq qurumlar, o cümlədən ekspertlər 2020-ci ildən sonra neftin qiymətinin yüksələ biləcəyini istisna etmirlər. Ancaq qeyd etdiyimiz proseslər neftin qiymətinin yaxın illərdə artacağını deməyə əsas vermir. Ona görə də dünya bazarında mövcud olan tələb birmənalı şəkildə onu proqnozlaşdırmağa imkan verir ki, müəyyən müddətdən sonra, alternativ enerjidən istifadə edən avtomobillərin artması nəticəsində biz neftə olan tələbin kəskin şəkildə azalmasını müşahidə edə bilərik. Bu da son nəticəsində neftin qiymətində daha ciddi azalmalarla müşahidə edilə bilər. Əgər hər hansı siyasi hadisələr baş verməzsə, yaxın aylar üçün neftin qiymətinin 50 dollar intervalında qalacağı daha çox inandırıcıdır. OPEK ölkələri də 50 dollarlıq intervalı daha çox hədəfləyib. Ancaq alternativ enerji mənbələri 50 dollarlıq intervalın qorunub saxlanmasını xeyli dərəcədə çətinləşdirə bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh