“Maşını yüksək sürətlə sürməyi sevirəm” – Xanım sürücülərin NAŞILIQLARI
Yazarlar 13 Sentyabr 2017 13:58 204 dəfə oxunub
“Maşını yüksək sürətlə sürməyi sevirəm” – Xanım sürücülərin NAŞILIQLARI
Özləri qayda pozduqları halda digər sürücüləri günahkar çıxarmağa çalışır

Son zamanlar dünyanın bir çox ölkəsində olduğu kimi ölkəmizdə də avtomobil idarə edən xanımların sayı artır.  Xanım sürücülərin sayı artdıqca onlarla bağlı problemlər də gündəmə gəlir. Cəmiyyətdə qadın sürücülərin  avtomobili naşı idarə etməsi kimi fikirlər ortaya çıxır. Bəs görəsən xanım sürücülərin avtomobil idarə etməsi deyildiyi qədər pisdir, yoxsa əksinə?

Məsələ ilə bağlı Modern.az-a danışan “Sputnik” Agentliyinin əməkdaşı İradə Cəlil də avtomobil idarə edən xanımlardandır. O, 5 ilə yaxındır avtomobil idarə etdiyini deyib.

“ Avtomobili sürməyə başladığım vaxt mənim də səhvlərim olub. Hətta 2014-cü ildə qəza törətmişəm. Amma bir müddət avtomobil idarə etdikdən sonra səhvlər azalır. İndi mən deyə bilərəm ki, kişilərdən daha yaxşı avtomobil idarə edirəm, istər qaydalar baxımından, istər səliqəli avtomobil idarə etmək baxımından. Onu da deyim ki, yüksək sürətlə avtomobil idarə etməyi sevirəm.

Xanım jurnalist bildirib ki, qadınlar professional avtomobil idarə etmək üçün sükan arxasında qadın olduğunu unutmalıdır.

“Mən avtomobil idarə edərkən qadın olduğumu unuduram. Mənim üçün maraqlı deyil ki, kənardakı avtomobil sürücüsü mənim haqqımda nə düşünür və yaxud da makiyajım dağılıb, saçım dağılıb. Sükan arxasındayamsa yola fikir verirəm, qarşıdakı necə hərəkət edir, arxadan gələn necə hərəkət edir, yandan gələn məni vura bilərmi?

Kişilərin çoxu bütün qadınların avtomobili pis idarə etdiyini düşünərək müəyyən maneələr yaratmağa çalışırlar, sıxışdırırlar. Mən də prinsipial bir adam olduğum üçün  prinsiplərim maşınımın vurulmasından daha üstündür. Ona görə icazə vermirəm ki, kimsə məni sıxışdırıb irəli keçsin”.

Xanımların avtomobil idarə etməyinin vacibliyini vurğulayan jurnalist, imkanı olan xanımların avtomobil almalarını tövsiyə edib. “Kimin imkanı varsa avtomobil almağa çalışmalıdır. Çünki ictimai nəqliyyatda qadınlar çox problem yaşayır. Amma qadınlar ilk növbədə avtomobil idarə etməyi yaxşı səviyyədə öyrənməlidirlər. Mən avtomobil sürməyi öyrənəndə 3 aya yaxın yanımda yaxşı idarə edən biri olurdu. Səhvlər etdikcə o mənə etdiyim səhvi izah edirdi. Bəzi qadınlar var ki, kitabı oxuyub gedib imtahan verib sürücülük vəsiqəsini alırlar. İmtahandan keçirlər deyə elə bilirlər ki, professional sürücüdürlər, amma bu belə deyil. Nəzəriyyəni yaxşı bilmək olar, amma avtomobil idarə edərək daha yaxşı öyrənmək olar. Nəzəriyyədə oxuduqlarını yolda tətbiq etməlisən”.

Onun sözlərinə görə, hazırda qadın sürücülərin avtomobil idarə etməsi qənaətbəxş deyil. “Mən avtomobil idarə edərkən qarşımda kimsə həddən artıq aşağı sürətlə gedirsə bilirəm ki, qadındır. Avtomobil idarə edən xanımları bəziləri gah güzgüyə baxır, gah başqa işlərlə məşğuldur. Belə hallarla tez-tez qarşılaşıram.

Qadın sürücülər var, amma 100 nəfər qadın sürücüdən haradasa 10-u yaxşı avtomobil idarə edə bilir. Digərlərinin isə gözü gah güzgüdə, gah avtomobil idarə edən digər sürücüdə, makiyajdadır. Bütün bunlar da yollarda tıxacların, qəzaların sayını artırır”.

Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı deyib ki, bütün xanım sürücülərin avtomobili pis idarə idarə etməsini demək, haqsızlıq olar.

 

“Qadın sürücülər arasında kifayət qədər təcrübəli, yaxşı sürücülər var. Amma çox təəssüflər olsun ki, sürücülük vərdişlərini mənimsəməyən qadın sürücülərin sayı onların sayından dəfələrlə çoxdur.

Bəzən xanım sürücülərin yanaşması belədir ki, maşın alım, tez sürüm. Xanım sürücülərin əksəriyyəti sükanı tutub maşını idarə etməklə özlərini professional sürücü sayırlar. Düşünürlər ki, ucuz bir avtomobil alım, öyrənənə qədər sürüm, daha sonra yeni avtomobil alaram. Şəhərdə xanım sürücülərin idarə etdiyi avtomobillərə diqqət yetirsək arxası, qabağı, yanı vuruq olur. Ən yaxşı halda avtomobildə cızıqlar var”.

E.Muradlının sözlərinə görə, xanım sürücülərin ən çox çətinlik çəkdiyi məsələlər avtomobili arxaya sürmək və park etməkdir. “Bu da əksər xanımların sürücülük təlimlərində iştirak etməməsindən irəli gəlir. Biri deyir ərim qısqanır, biri deyir atam, qardaşım qoymur, eləsi də var deyir, işdən vaxt olmur. Nəticədə onlar ərləri, ataları, qardaşları necə avtomobil idarə edərsə elə idarə edirlər. Həmin xanımların ərinin, atasının, qardaşının nə qədər peşəkar sürücü olub-olmadığı isə bəlli deyil.

Hərə bir cür avtomobil idarə edir, qayda pozur, amma təlimçi bütün qaydalara riayət etməklə peşəkar avtomobil idarə etməyi öyrədir. Avtomobil idarə etmək çox məsuliyyətli bir işdir. Çünki avtomobil idarə edərkən yalnız özünü deyil, digər hərəkət iştirakçılarını da düşünməlisən.

Bəzi qadın sürücülər var ki, özləri qayda pozduqları halda digər sürücüləri günahkar çıxarmağa çalışır. Elə bilirlər ki, kitabı oxuyub sürücülük vəsiqəsi almaqla artıq peşəkar sürücüdürlər. Bu isə çox təhlükəlidir. Yalnız qadın sürücülər deyil, kişi sürücülər də avtomobili yaxşı idarə etməyi öyrəndikdən sonra yola çıxmalıdırlar”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh