Tarixə dönmüş itkin POLİSLƏR...
Yol polisi 13 Sentyabr 2017 14:01 1095 dəfə oxunub
Tarixə dönmüş itkin POLİSLƏR...
Onlar qeyrət üçün, namus üçün, torpaq üçün döyüşmüşdülər

Polisimizin yarandığı gündən dövrümüzə baxanda gözlərimiz önundə möhtəşəm bir tarix canlanır. O şanlı tarixi yaradanların davamçıları bu gün  Azərbaycanda əmin-amanlığı qoruyur, sabitliyin keşiyində ayıq-sayıq dayanırlar. Tarixin yaddaşında ağlı-qaralı şəkil kimi qalan XX əsrdə düşmən Vətən torpaqlarını işğal edəndə işi “perestroykadan” sonra onsuz da çətinləşən həmkarlarımız daha  ağır sınaqlarla üzləşdi. Səngərlərdə əsgər kimi əldə silah həm vətəni qorudular, həm də kriminogen ünsürlərlə mübarizə apardılar. Vətən adına və içdiyi anda xələl gəlməsin deyə ölümün gözünə dik baxıb şəhidlik zirvəsinə ucalanlar da oldu. Eləsi də oldu ki, əlini, ayağını, gözünü qurban verib yarım canla da olsa bütövlüyümüz üçün “Yarım ürək yarım ömrə bəs elər” nisgili ilə yaşadı. Sələflərimizin bircə şüarı vardı: Təki Vətən sağ olsun!

Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan Polisinin göstərdiyi şücaətləri eşidəndə, o odlu-alovlu yollardan keçənlərlə həmsöhbət olanda, onların ömür yoluna nəzər salanda, bir az da obrazlı desəm, hərdən naşükürlüyümüzə acıyıram. Məhz acıyıram. Bəzən bir çətinə düşəndə və ya nəyəsə biganəlik nümayiş etdirəndə o oğullar gəlib durur gözlərimin önündə. Elə bil kimsə sakitcə pıçıldıyır: Eh, sən hələ nə görmüsən ki?..

Yazılmış və yaşanmış qəhrəmanlığı yenidən yazıya almaqla, əslində, bu gün belə bir ağır mövzunun ağırlığının altına çiyinlərimi verməklə məsuliyyət daşıdığımı yaxşı bilirəm. Qorxmadığımı hiss etdirmək istəsəm də içimdən gələn bir səs “Xatırla və xatırlat” deyir mənə...

“Nə yaxşı xatırladınız, nə yaxşı ki, onları yada saldınız. Elə bilirdik ki, unudulmuşuq, elə bilirdik ki, bizi də, onları da daha axtarmayacaqlar”. Bəli, belə deyirdilər, doğmalarını axtaranların yaxınları, əzizləri. Hələ də gözlərini yollara dikənlərin, oğlunu, yoldaşını, qardaşını sonuncu dəfə geyindiyi paltarda üstündən iyirmi ildən çox keçsə də axtaranların acısını nə anlatmaq olur, nə də ki, yazıya almaq. “Öldü, qaldı xəbəri gəlməyən balamla mən də hər gün ölürəm”,- deyən ananın ağ saçlarından və nuru itmiş, qarası getmiş gözlərindən utanmışdım həmin gün. Dilimdəki sözlər sanki kilidlənmişdi, söz tapmamışdım deməyə...

Bu gün də onların adını oxuduqca danışmağa söz tapmıram. Vətənimin hər yerindən var içlərində-ağdamlı, kəlbəcərli, qubalı, qazaxlı, bakılı...Bu siyahını çox uzatmaq olar, çox...

Bəzi ağzıgöyçəklər kimi vətəni bölgələrə bölməmişdilər səsi, sorağı bu gün də gəlməyən oğullar. Onlar qeyrət üçün, namus üçün, torpaq üçün döyüşmüşdülər və səssiz, səmirsiz də tarixə döndülər. İndi onların yerinə sükut danışır...

Gəlin, tanıyaq o oğulları:

Kəlbəcər RPŞ-nin əməkdaşı, polis baş serjantı Allahverdiyev Famil Heydər oğlu  1994-cü ilin yanvar ayının 25-də Kəlbəcərdə itkin düşüb.

Ağdam RPŞ-nin əməkdaşı, polis baş serjantı Ağayev Həsənalı Kommunist oğlu 1993-cü ilin iyunun 13-də Ağdamda itkin düşüb.

Nsimi RPİ-nin əməkdaşı, polis kapitanı Əhmədzadə Şahin Əyyub oğlu 1992-ci ilin may ayının 8-də itkin düşüb.

Ağdam RPŞ-nin əməkdaşı, polis serjantı Əliyev İman Qanboy oğlu 1993-cü ilin 22 iyununda Ağdamda itkin düşüb.

Qax RPŞ-nin əməkdaşı, polis baş leytenantı Məmmədov Əhməd Müstafa oğlu Şuşanın işğalı zamanı itkin düşüb.

Qax Rayon Mühafizə Bölməsinin əməkdaşı, polis serjantı Lətifov Rəcəb Lətif oğlu 1992-ci il mayın 8-də itkin düşüb.

Xocalı Mühafizə Bölməsinin əməkdaşı, polis serjantı İlyasov Əhməd Məhəmməd oğlu Xocalının müdafiəsi zamanı itkin düşüb.

Ağdam RPŞ-nin əməkdaşı, polis serjantı Mustafayev Həsən Rəhbər oğlu 1992-ci il 13 iyunda Ağdamda itkin düşüb.

Zəngilan RPŞ-nin əməkdaşı, polis leytenantı Paşayev Sabir Əziz oğlu 1993-cü ilin oktyabrında Cəbrayılda itkin düşüb...

 

Hafiz Təmirov,

polis mayoru

ŞƏRH YAZ
Ad
E-mail
Şərh