Qayda pozmayan sürücülərə mükafat veriləcək? - DYP-dən cavab

Avtoxəbər 21 Sentyabr 2017 13:48 Oxunub 4675
Qayda pozmayan sürücülərə mükafat veriləcək? - DYP-dən cavab
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: "Qaydaları pozmayan sürücülərin sağ qalması, cərimələnməməsi onlar üçün elə mükafatdır"

Azərbaycanda hər ay 60 nəfər yol qəzalarında dünyasını dəyişir. Rəsmi statistikaya görə bu ilin 8 ayı ərzində Azərbaycanda baş vermiş yol qəzaları zamanı 471 nəfər ölüb, 1148 nəfər isə yaralanıb. Dünyanın müxtəlif ölkələrində bu cür insan itkilərinin qarşısını almaq üçün mütəmadi olaraq sosial layihələr həyata keçirilir. Avtosfer.az-ın verdiyi məlumata görə, bu cür sosial layihələr Azərbaycanda da təşkil edilə bilər. Qayda pozan sürücülərin cəzalandırılmaları ilə yanaşı məsuliyyətli sürücülərin evlərinə ən azından Türkiyədə olduğu kimi "Təşəkkür məktubu” göndərilə bilər. Türkiyədə həmçinin hər il və ya hər həftə nümunəvi sürücülər müxtəlif verilişlərə çağırılaraq və ya tədbirlərdə ictimaiyyət qarşısında Dövlət Yol Polisi əməkdaşları tərəfindən mükafatlandırılır.

Dubayda isə nümunəvi sürücülərə qızıldan hazırlanmış oyuncaq avtomobil hədiyyə olunur.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov açıqlamasında qeyd etdi ki, Azərbaycanda nümunəvi sürücülərə bahalı mükafatlar verilməsə də, ən azından onlara xüsusi formada təşəkkür edilməlidir. "Bir neçə il bundan əvvəl bu barədə fikir irəli sürmüşdüm. Nümunəvi sürücülərin mükafatlandırılması, onlara diqqət göstərilməsi yol nəqliyyat hadisələrinin qarşısını almaqda böyük köməklik göstərəcək. Məsələn Türkiyədə son 10 ildə bu cür sosial layihələrin həyata keçirilməsi qəzaların xeyli aşağı düşməsinə səbəb olub. Nümunəvi sürücülərə yüksək məbləğdə mükafat verməyə də ehtiyac yoxdur. Misal üçün qiymətli əşya verilə və ya ictimaiyyət qarşısında hansısa formada ona xüsusi təşəkkür edilə bilər”, – deyə ekspert bildirdi.

Ə.Hüseynov qeyd etdi ki, DYP paytaxtda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimai qaydaların qorunması sahəsində belə sosial layihələrdən yararlana bilər: "Həmin sürücüləri tapmaq DYP üçün o qədər də çətin deyil. Çünki bütün məlumatlar onların əlində var”

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə bildirdi ki, qaydaları pozmayan sürücülərin sağ qalması, cərimələnməməsi onlar üçün elə mükafatdır. "Nümunəvi sürücünü müəyyən etmək də çətin məsələdir. Amma onu deyə bilərəm ki, sürücü qaydanı pozmayıbsa, deməli ən az 40 manat onun cibində qalır. Və ya qəza törətməyibsə, deməli sağ-salamatdır. Bu onlar üçün mükafatdır. Nümunəvi sürücünün mükafatlandırılması praktikamızda yoxdur”, – deyə Kamran Əliyev bildirdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh