9 ay ərzində 81 min piyada cərimələnib

Yol polisi 22 Sentyabr 2017 10:19 Oxunub 1129
9 ay ərzində 81 min piyada cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cari ilin 6 ayı ərzində piyadaların iştirakı ilə 200 yol-nəqliyyat hadisəsi baş verib

Son dövrlərdə nəqliyyat vasitələri ilə piyada vurulması hallarının çoxalması ciddi narahatçılığa səbəb olur. Belə ki, cari ilin 6 ayı ərzində piyadaların iştirakı ilə 200 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 62 nəfər ölüb, 144 nəfər isə yaralanıb. Baş vermiş yol nəqliyyat hadisələrinin törənmə səbəblərinin və şəraitinin aradan qaldırılması üçün Dövlət Yol Polisi tərəfindən mütəmadi hadisələrin təhlili aparılır və profilaktiki tədbirlər həyata keçirilir. Qəzaları yarıdan çoxu piyadaların nəqliyyat vasitəsi ilə vurulması olub. Piyadaların vurulması ümumi hadisələrin 67,3 % -ni, ölənlərin 73,8 %-ni, xəsarət alanların isə 54,5 %-ni təşkil edib. Bu heç də ürək açıcı statistika deyildir və çox böyük təəssüf doğurur.

Avtosfser.az-ın DYP-yə istinadla məlumatına görə, ilin əvvəlindən sentyabrın 15-dək yol hərəkəti qaydalarını pozaraq yolu təyin olunmamış yerlərdən keçən 81 min piyada müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib ki, bu da ümumi aşkar olunmuş qayda pozuntularının 16,6 %-ni təşkil edir. Dövlət Yol Polisi əməkdaşları tərəfindən piyadaların hərəkəti çox olan yerlərdə, habelə magistral avtomobil yollarının yaşayış məntəqələrindən keçdiyi ərazilərdə yol şəraiti mütəmadi müayinə olunur, bu ərazilərdə işıqlandırmanın təmini, nişanlanma xətlərinin çəkilməsi, yol nişanlarının qoyulması və ya yenisi ilə əvəzlənməsi işlərinin görülməsi təmin edilir.

Yol hərəkəti qaydalarını pozan piyadaların inzibati məsuliyyətə cəlb olunmaları davamlı həyata keçirilir. Polisin digər xidmət sahələri cəlb edilməklə cərimələri ödəməkdən yayınan piyadaların müəyyən edilərək cərimələrin ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bu sahədə əhalinin maarifləndirilməsi, piyadalarla bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində görülən tədbirlərin effektivliyi məqsədi ilə Dövlət Yol Polisinin piyadalara, Bakı şəhər sakinlərinə xahişi və tövsiyəsi budur ki, yolları təyin olunmamış yerlərdən keçməsinlər, mütəmadi piyada zolaqlarından, yeralti və yerüstü piyada keçidlərindən istifadə etsinlər. Piyada keçidlərinə yaxınlaşarkən ilk növbədə öz təhlükəsizliklərinin qayğısına qalsınlar, yəni yaxınlaşan nəqliyyat vasitələrinin sürətini nəzərə alsınlar, işıqforun qırmızı işığında yolu davam etdirməsinlər, piyada keçidlərini qrup şəklində keçsinlər və bununla da həmçinin yarana biləcək tıxacların qarşısının alınması mümkün olar. Ölkəmizdə turizm gündən- günə inkişaf edir və ölkəyə gələn turistlərin sayı ilbəil artır. İstərdik ki, qeyd olunanlara riayət edənlərin və ölkəmizə gələcək qonaqlara nümunə göstərən piyadaların sayı çox olsun.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh