IEA: "Elektrikli avtomobillərdən istifadə neft hətta 30 dollardan ucuz olsa belə sərfəlidir"

Texnologiya 22 Sentyabr 2017 14:19 Oxunub 1364
IEA: "Elektrikli avtomobillərdən istifadə neft hətta 30 dollardan ucuz olsa belə sərfəlidir"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektromobillərin inkişafı iqtisadiyyatda çox şeyi dəyişə bilər

"Elektrikli avtomobillərdən istifadə neftin qiyməti hətta 30 dollar/bareldən aşağı düşsə belə sərfəlidir". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Beynəlxalq Energetika Agentliyinin (İEA) baş iqtisadçısı Laslo Varro (Laszlo Varro) deyib.

ABŞ-ın "General Motors" şirkətinin istehsal etdiyi "Chevrolet Bolt" markalı elektromobil üzərində araşdırma aparan İsveçrənin "UBS Group AG" maliyyə holdinqi isə bu qənaətə gəlib ki, həmin avtomobil demək olar ki, texniki xidmət tələb etmir. Belə ki, "Chevrolet Bolt"un elektrik motoru cəmi 3 hərəkət etdirici hissəyə malikdir. Müqayisə üçün "UBS" bildirib ki, ənənəvi 4 silindrli daxili yanma mühərrikli avtomobillərdə hərəkət etdirici 133 hissə yerləşir.

"Bloomberg" isə yaydığı hesabatda bildirib ki, elektromobillərə xidmət göstərmək ucuz başa gəldiyindən 2021-ci ildə "Uber" kimi nəqliyyat şirkətlərinin xidmətlərindən istifadə daha sərfəli olacaq. Belə ki, 2021-ci ilə qədər yanacaqla işləyən avtomobillərin hər mil üçün məcmu xərci 0,38 dollar, elektromobillərdə isə 0,16 dollar təşkil edəcək. Agentlik, 2020-ci ilə qədər ictimai nəqliyyatda elektrikli və yanacaqla çalışan avtomobillərin xərcinin bərabərləşəcəyi qənaətindədir. Fərdi avtomobil sahibləri üçün isə bu prosesin əlavə 5 il vaxt aparacağı gözlənilir.

"Bloomberg New Energy Finance" energetika transformasiyaları araşdırması şirkətinin hesabatına görə isə, elektromobillərə keçid 2040-cı ilə qədər neft bazarındakı gündəlik tələbi 8 mln. barel azaldacaq. Bu isə bazara, qiymətlərə ciddi təsir edə bilər. 2008-2009-cu illərdə dünya neft istehlakının 1,7 mln. barel/gün azalması "qara qızıl"ın 1 barelinin qiymətinin 146 dollardan 36 dollara enməsinə səbəb olub.

 

"Stanford" universitetinin iqtisadçısı Toni Sebaya (Tony Seba) görə isə, elektrikli və sürücüsüz avtomobillərin yayılması park yerlərindən sığortaya qədər, neftə tələbdən pərakəndə satışlara qədər iqtisadiyyata dəyişiklik gətirəcək. T.Seba bunu Stiv Cobsun (Steve Jobs) "İPhone" mobil telefonunu ilk dəfə təqdim edərkən çəkiliş kamerlarından tutmuş saqqız satışlarına qədər problemlərin yaranacağını təsəvvür etməməsinə bənzədib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh