Yol polisi məktəblilərə yol qaydaları öyrədir - FOTO

Yol polisi 22 Sentyabr 2017 15:38 Oxunub 1564
Yol polisi məktəblilərə yol qaydaları öyrədir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şagirdlərə “Yol hərəkəti əlifbası” kitabı hədiyyə edilib

Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidmətinin 1-ci tağımının ərazisində yerləşən Abşeron rayonu 10 saylı tam orta məktəbdə DYP əməkdaşları şagirdlər, müəllimlər və valideynlərlə görüş keçirib. Görüş Daxili İşlər Nazirliyinin elan etdiyi 15 sentyabr-15 oktyabr tarixlərində keçirilən “Diqqət uşaqlar” təhlükəsizlik aylığına həsr olunub. Görüşdə çıxış edən məktəbin direktoru Leyla Həsənova bildirib ki, məktəbdə şagirdlər arasında yol hərəkəti qaydaları öyrədilir, təbliğ edilir. Bu həm də ona görə lazımdır ki,  məktəbimiz yola yaxın yerdə yerləşir və şagirdlər dərsə gəlib-gedərkən bir neçə yerdə keçiddən istifadə etməli olurlar. Bəzən isə təhlükəli vəziyyət yaranır.

Görüş zamanı bir çox məsələlər yol polisi əməkdaşlarının diqqətinə çatdırılıb. Məktəbin ətrafında park edən yük maşınlarının şagirdlərə çətinlik yaratması qeyd edilib. Eyni zamanda müəyyən ərazilərdə yol nişanlarının oyulması təklif edilib. Birinci tağımın komandiri, polis mayoru Ürfət Şükürov bildirib ki, qeyd olunan məsələlər Baş idarə rəhbərliyinin diqqətinə çatdırılacaq və həmin problemlərin həllinə nail olunacaqdır. Ü.Şükürov bildirib ki, uşaqlarla bu görüşün keçirilməsində məqsəd yol qəzalarında onların qurbana çevrilməsinin qarşısını almaqdır. O, təəssüflə qeyd edib ki, cari ilin 7 ayı ərzində yol-nəqliyyat hadisələrində 26 uşaq dünyasının dəyişib, 122 uşaq müxtəlif dərəcəli xəsarətlər alıblar. “Təəssüflər olsun ki, həlak olanların arasında 12 məktəbli var. Bundan əlavə uşaqların avtomobillə vurulması halları da olub. Təəssüfləndirici hal isə odur ki, valideynlərlə uşaqlar birlikdə avtomobillər tərəfindən vurulub. Bu isə o deməkdir ki,  bəzən valideynlər səhlənkarlıq edir, yoldan keçərkən uşaqları nəzarətsiz qoyur, yaxud özləri qayda pozarkən uşaqları da qurbana çevrilir. Ən acınacaqlı hal isə bu qəzaların baş verməsində valideynlərin mobil telefondan və qulaqcıqdan istifadə etməsidir. DYP dəfələrlə diqqətə çatdırıb ki, valideynlər məsuliyyətli olmalı, uşaqları qəzalardan qorumalı, mümkün qədər qaydaları aşılamalıdır. Piyada keçidlərindən istifadə, yolu keçmə qaydaları uşaqlara mütləq öyrədilməlidir. Bu işdə orta məktəb müəllimlərinin də üzərinə məsuliyyət düşür. ”

Tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini polkovnik leytenant İsa Deyestani də Baş İdarə rəhbərliyinin uşaqların yol qəzalarının qurbanlarına çevrilmələrində təəssüfləndiryini bildirib.  Təbliğat işinin vacibliyini önə çəkərək bildirib ki, bunun əsas yeri məktəblər olmalıdır. Çünki uşaqlar burada öyrəndiklərini dostları, valideynləri, ətrafları ilə paylaşırlar. 

Görüşdə iştirak edən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı çıxış edərək bildirib ki, uşaqlar ən zəif mühafizə olunan yol hərəkəti iştirakçısıdır. Onlar kiçik bir səhv ucbatından yol qəzası qurbanın çevrilirlər. Bu baxımdan uşaqlar böyüklərin diqqət və qayğısından kənarda qalmamalıdırlar. Azyaşlı uşaqlar valideyn nəzarəti olmadan yola buraxılmamalı, məhəllədaxili yollarda sürücülər sürət rejiminə əməl etməli, yollara bitişik ərazilərdə yerləşən  məktəblərdə yollardan mühafizə güclü təşkil edilməlidir. Bu ona görə vacibdir ki, uşaqlar təsadüfən yol çıxıb qəzaya düşməsinlər. 

Görüş zamanı uşaqlarla diskussiya aparılıb, onları maraqlandıran suallara cavab verilib və şagirdlərə “Yol hərəkəti əlifbası” kitabı hədiyyə edilib. Belə görüşlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Orxan

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh