Cibgirlər imkan tapmadı, çünki polis izlərində idi - FOTOLAR

Yazarlar 9 Oktyabr 2017 12:08 Oxunub 1275
Cibgirlər imkan tapmadı, çünki polis izlərində idi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəkillərdəki şəxslərin əməllərindən zərərçəkənlər polisə müraciət edə bilərlər

Yerin üstündə insanların cibinə, çantasına qənim kəsilən bir qrupun budəfəki  şikarı yerin altında, daha doğrusu, metrodan mütəmadi istifadə edən vətəndaş Ruhanə Quliyeva olub. Lakin onlar unudublar ki, gözəlliyi, müasirliyi ilə göz oxayan, ölkəmizə gələn əcnəbilərin belə marağına səbəb olan, müasir texnlogiyalarla təchiz edilən, həm də ölkəmizdə əmin-amanlığın bərqərar olunması üçün gecəli-gündüzlü asayişin, sabitliyin keşiyində dayanıb ayıq-sayıq xidmət aparan polis əməkdaşlarının qoruduğu metroda onlar çox da uzağa gedə bilməyəcək, elə iş başındaca yaxalanacaqlar. 

Vətəndaş R.Quliyevanın “28 May” stansiyasında “Samsung J5” markalı telefonunun oğurlanması ilə bağlı etdiyi müraciətdən sonra texniki imkanlardan da istifadə edərək müvafiq əməliyyat axtarış-tədbirləri həyata keçirən  Metropolitendə Polis Şöbəsinin əməkdaşları onlardan birini “iş başında” yaxalayıblar  və növbəti əməlini törətməyə imkan verməyiblər. 

Sentyabrın 27-də təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayan, paytaxtın Nizami rayon sakini Kənan İsmayılov “Neftçilər” stansiyasının yaxınlığında saxlanılmışdır. 

Əlləri ilə qurub-yaratmağa, zəhmət çəkməyə deyil, cib və çanta soymağa, oğurluq etməyə vərdiş etmiş K.İsmayılov tutarlı faktlar və  videogörüntülərdən sonra əməlini etiraf etmişdir. Kələfin ucu açıldıqca məlum olmuşdur ki, o tək deyil və bu əməli bir neçə nəfərlə həyata keçirmişdir. 

Videogörüntülərin köməkliyi ilə dəstənin digər üzvləri-əvvəllər Cinayət Məcələsinin müxtəlif maddələri ilə məhkum olunmuş, Nizami rayonunda yaşayan Hikmət Yusubov sentyabrın 29-da, əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Fəqan Qafarov oktyabrın 4-də, dəstənin başçısı, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, Bərdə rayon sakini Möhübbət Əliyev oktyabrın 5-də Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Metopolitendə Polis Şöbəsi əməkdaşlarının gərgin zəhməti nəticəsində qanuna təslim edilmişlər.

Təqsirləndirilən şəxslərin ətrafında aparılan araşdırmalar zamanı o da məlum olmuşdur ki, onlar  ötən müddət ərzində Bakı şəhərində müxtəlif cinayətlər törətmişlər.  

Metropolitendə Polis Şöbəsinin rəhbərliyi metrodan istifadə edən bütün sərnişinlərə ayıq-sayıq olmağı, əmlaklarına qarşı laqeydlik nümayiş etdirməməyi və hər hansı bir neaqiv hal gördükdə dərhal polisə müraciət etməyi xahiş edir.

Bütün bunlar isə onu deməyə imkan verir ki, dövlətin strateji obyektlərindən biri kimi gecə-gündüz nəzarətdə olan metromuz qorunur, insanlara xidmət edir və burada öz çirkin niyyətlərini həyata keçirmək istəyənlər isə vaxtında aşkarlanaraq dəmir barmaqlıqlar arasına göndərilir.

Şəkillərdəki şəxslərin əməllərindən zərərçəkənlər polisə müraciət edə bilərlər.

 

Hafiz Təmirov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh