Taksi sürücüsünü qarət etməkdə təqsirləndirilən şəxslərə hökm oxundu

Qaydalar 9 Oktyabr 2017 14:17 Oxunub 1213
Taksi sürücüsünü qarət etməkdə təqsirləndirilən şəxslərə hökm oxundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki nəfərə 8 il, bir nəfərə isə 8 il 6 ay həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Qardaşxan Abdullayev, Ceyhun Məmmədzadə və Rəfayel Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. "Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Q.Abdullayevlə C.Məmmədzadənin hər biri 8 il, R.Əlizadə isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Q.Abdullayevlə C.Məmmədzadənin hər birinin 10 il, R.Əlizadənin isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə bu il martın 26-da baş verib. Səhər saat 06:00 radələrində Bakının Nizami rayonunun H.Əliyev prospektində paytaxt sakini Vahid Mövlazadənin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturan bir neçə şəxs metronun "20 Yanvar" stansiyasına gedəcəklərini bildiriblər. A.Məhərrəmov küçəsində onlar sürücünün boğazına kəndir dolayıb, bıçaqla hədələyərək avtomobildən düşməsini tələb ediblər. V.Mövlazadə avtomolbildən düşərkən özünə məxsus bıçaqla onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirib və səs-küy yarandığından həmin şəxslər hadisə yerindən qaçıblar. Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Q.Abdullayev, C.Məmmədzadə və R.Əlizadən saxlanılıb.

Məhkəmə iclasında məlum olub ki, taksi sürücüsü tərəfindən ayağından bıçaqlanan şəxs R.Əlizadədir. O, məhkəmədə ayağında indi də ağrılar olduğunu söyləyib. Onlar dindirilərkən deyiblər ki, dostlarının atasının yasına getmək üçün maşını ələ keçirmək istəyiblər. Həmin şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrip şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh