"Cinayət məsuliyyətindən azad etmə mühüm hüquq institutudur"

Qaydalar 16 Oktyabr 2017 14:36 Oxunub 2092
"Cinayət məsuliyyətindən azad etmə mühüm hüquq institutudur"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rafael Cəbrayılov: "Cinayət məsuliyyətindən azad etmənin təsbit olunmuş bir neçə növü var"

 "Cinayət məsuliyyətindən azad etmə cinayət qanununun humanist keyfiyyətinin daşıyıcısı olan çox mühüm cinayət-hüquq institutudur. Doğrudan da, barəsində bu hüquq institutu tətbiq olunan şəxsin qanunun humanist xarakterini hiss etməməsi mümkün deyildir". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov deyib. Onun sözlərinə görə, cinayət məsuliyyətindən azad etmənin Cinayət Məcəlləsində təsbit olunmuş bir neçə növü var: "Bunların içərisində səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə (maddə-72) xüsusi yer tutur və barəsində tətbiq edilən şəxsdən də insani keyfiyyətlərin nümayişini tələb edir. Çünki, qanunun bu müddəasının barəsində tətbiq olunmasını istəyən şəxs ilk növbədə özü insani keyfiyyətlər nümayiş etdirməli, törətdiyi əməldən səmimi peşman olduğunu etiraf etməlidir ki, qanunun da humanizmindən istifadə edə bilsin. Bu müddəanın tətbiqinin əsas şərtlərindən biri də şəxsin ilk dəfə böyük ictimai təhlükəli olmayan cinayəti törətməsidir. Yəni, bu müddəa az ağır, ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərə tətbiq olunmur. Böyük ictimai təhlükəli olmayan cinayətlər sanksiyasında 2 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş cinayətlərdir. Göründüyü kimi, barəsində bu müddəanın tətbiq olunması üçun şəxs böyük ictimai təhlükə törətməyən cinayəti ilk dəfə törətməlidir. Amma, Milli Məclis novbəti plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklər edilməsinə dair qanun layihəsinə baxanda həmin layihənin tərkib hissəsi kimi bu məsələyə də baxacaq. 72-ci maddənin dispozisiyasından "ilk dəfə" sözlərinin çıxarılması təklif olunur. Yəni, şəxs böyük ictimai təhlükə törətməyən cinayəti neçənci dəfə törətməsindən asılı olmayaraq səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad edilmə imkanından istifadə edə biləcək. Amma nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 72 (səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə), 73-1 ( zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə),73-2.2 (iqtisadi fəaliyyət sahəsində olan cinayətlərlə bağlı cinayət məsuliyyətindən azad etmə) və 74-1-ci (narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) maddələrində nəzərdə tutulmuş əməllərə görə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilməsi müddəasının da məcəlləyə daxil edilməsi nəzərdə tutulur". 

 R.Cəbrayılov deyir ki, Cinayət Məcəlləsinə nəzərdə tutulmuş bu dəyişikliklər humanist xarakter daşımaqla cinayətkarlığa qarşı mübarizə sahəsində pozitiv irəliləyişlərə səbəb olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh