Bakıda gülməli yol nişanları: qanunda belə şeylər yoxdur - Fotolar

Qaydalar 17 Oktyabr 2017 18:33 Oxunub 5313
Bakıda gülməli yol nişanları: qanunda belə şeylər yoxdur - Fotolar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nə hansısa kitabda var, nə də qanunda bu barədə yazılıb

Bəzən yol kənarında quraşdırılan elə “yol nişanları” olur ki, sürücülər hansı məna daşıdığını anlamır. Əslində burada sürücüləri də qınamaq olmaz. Çünki bu “nişanların” nə yola aidiyyəti var, nə də hansısa kitabda, qanunda bu barədə yazılıb. 

Bakının Zivərbəy Əhmədbəyov və Cəfər Cabbarlı küçələrinə də qanunda nəzərdə tutulmayan yol nişanları quraşdıraraq sürücüləri çaş-baş salıblar.

Avtosfer.az xəbər verir ki, Zivərbəy Əhmədbəyov küçəsinə hərəkət qadağandır nişanı formasında və ortasında əlil adam selueti olan yol nişanı quraşdırıblar. Qanunvericilikdə belə nişanın olmadığına görə bu nişanı yola quraşdıraraq sürücüləri çaş baş salmaq qadağandır.

Daha bir nişan Cəfər Cabbarlı küçəsində yanlış quraşdırılıb.

Həmin küçədə yerləşən nizamlanan piyada keçidindən əvvəl 1.20 nişanı, altına isə 7.2.1 nişanı quraşdırılıb. İlk olaraq onu qeyd edək ki,1.20 nişanı nizamlanmayan piyada keçidlərindən əvvəl quraşdırılır. Lakin qeyd etdiyimiz küçədə nizamlanmayan piyada keçidi yoxdur. Oradakı piyada keçidi svetoforla nizamlanır. Bu azmış kimi 1.20 nişanının altına 7.2.1 lövhəciyi quraşdırılıb. Bu lövhəcik isə qüvvədə olma sahəsini göstərir. Qanunvericilikdə 7.2.1 lövhəciyinin 1.20 nişanı ilə tətbiqi nəzərdə tutulmayıb və praktiki cəhətdən də bu mümkün deyil.

Yol Hərəkəti Təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov da öz “Facebook” səhifəsində bu barədə paylaşım edib. Ekspert mənası anlaşılmayan “yol nişanları”nın mənasını tapanlara mükafat da vəd edib. Statusun altında isə müxtəlif maraqlı şərhlər yazılıb. 

Qanunvericiliyin tələbinə əsasən yol hərəkətinin təşkilinə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası nəzarət edir. Onların icazəsi olmadan yola heç kim nişan quraşdıra və ya çıxara bilməz. Maraqlıdır ki, bu nişanları Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının icazəsi ilə quraşdırıblar? 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 354.0.5-ci maddəsində qeyd olunub ki, Avtomobil yollarında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsinə görə-fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Təbriz Yusubov

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Маша93 18 Oktyabr 2017 20:37
Yol nişanlarını xarici mütəxəssislərin göstərişi ilə yerləşdirmək lazımdır..Türkiyəli mütəxəssis də cəlb edilə bilər.