Sürücünün başını qatan sərnişinlər də cərimə oluna bilər – 30 manat

Yazarlar 20 Oktyabr 2017 01:11 Oxunub 2261
Sürücünün başını qatan sərnişinlər də cərimə oluna bilər – 30 manat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi havadan-sudan yox, qanundan danışır

Görürəm, sürücünün sükan arxasında diqqəti yayındıran söhbətə qoşulmasına görə cərimə məsələsini çoxları lağa qoyur. Belə başa düşdüm ki, onlar sürücülük vəsiqəsini alarkan yol qaydalarını yox, "Kamasutra" kitabını daha çox oxuyublar. Əks halda, yol polisinin “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinə əsaslanıb ictimaiyyətə çatdırdığı fikirləri ələ salmazdılar.

Belə məsələlərə biraz ciddi yanaşmaq lazımdır. Qanunda belə yazılıb, DYP də onu deyir. Bəlkə də inanmazsınız, amma həqiqətən də sükan arxasında ağzını əyib arxadakı və ya yanındakı sərnişinlə söhbət edib mırt vuran yüzlərlə sürücü qəza törədib. Dərindən fikirləşsəniz nə vaxtsa elə sizlərin də başına gəlib belə şeylər. Ona görə də məzələnməyə başqa şey tapaq və keçək qanunlarda yazılanlara…

Sürücünün avtomobili idarə edərkən diqqəti yayındıran söhbətlərdə iştirak etməsi məsələsi “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsində əksini tapır. Orada

mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri qeyd olunur. Həmin vəzifələr sırasında çöx vacib elementlər var. Onlardan birində qeyd olunur ki, sürücü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Amma edirikmi? Sadəcə mühərriki işə salıb dərhal yola çıxan sürücülərin sayı minlərlədir.

Sürücü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Edirikmi? Xeyr. Yağışlı-çiskini havalarda da elə yaydakı kimi maşın sürən sürücülər yüzminlərlədir.

Maddənin V bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətmək və ya onun hərəkəti zamanı qapıları açmaq, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək, hərəkət zamanı sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək qadağan edilir. Bu qadağaların bir qismi sərnişinlərə də aiddir və onları 30 manat cərimə gözləyir. Qeyd olunan qaydaları pozan sürücüləri isə 40 manat cərimə gözləyir. İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində qeyd olunur ki, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə 30 manat məbləğində cərimə edilir. Yəni, sürücü diqqəti yayındıran hərəkətlər edərsə, maşında gedən qızğın söhbətə qoşulub sükana nəzarəti itirərsə 40, sərnişinlər isə 30 manat cərimə oluna bilər. Minik avtomobillərində sərnişinlərin sürücünün diqqətini yayındırmasını sübut etmək qəliz məsələ olsa da, avtobusda bunu aşkar etmək daha çətindir. Məsələn, avtobus sürücüsünü söhbətə tutan sərnişini 30 manat cərimə etmək mümkündür. Çünki artıq avtobusların əksəriyyətində müşahidə kamerası var. Sərnişin mübahisə edib qayda pozmadığını iddia edərsə həmin görüntülərdən istifadə oluna bilər.

İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsində sürücülərlə bağlı tələblər və məsuliyyət növü tam aydın şəkildə yazılıb. Məsələn, nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə, dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına, hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına və digər əməllərə görə sürücü 40 manat məbləğində cərimə edilir.

Beləliklə, “Kamasutra” kitabını kənara qoyub qayda-qanunu da öyrənmək lazımdır. Vaxtında öyrənməyənlərə indi öyrədənləri isə ələ salmaq yox, nəticə çıxarmaq daha faydalı olar. Çünki yuxarıda qeyd olunan halları dərindən təhlik etsəniz görəcəksəniz hər bir məqam təhlükənin qarşısını almaq üçün əks edilib. Unutmayın ki, avtomobil yüksək təhlükə mənbəyədir. Burada ani diqqətsizlik həyatın sonu ola bilər...

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh