"Atəşgah" sığorta sürücünü süründürür - Sistemə düşməyən sığortaya görə pul alıblar

Xəbərlər 23 Oktyabr 2017 11:22 Oxunub 6542
"Atəşgah" sığorta sürücünü süründürür - Sistemə düşməyən sığortaya görə pul alıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nə cərimə ödənilib, nə də avtomobilin sığortası qüvvədədir

Sürücülərin ən çox şikayət etdikləri qurumlardan biri də sığorta şirkətləridir. Rəqabətə görə bir-biri ilə yarışan bu şirkətlər çox zaman sürücülərə ciddi problemlər də yaradırlar. Məsələn, müqavilənin bitməsinə bir ay qalmış şirkət nümayəndələri sürücünün mobil telefonuna zəng edərək xidmətlərini təklif edirlər. Bəzən bir sürücüyə eyni gündə 8 sığorta şirkətindən zəng gəlir. 

Bir çox hallarda sığorta olunana ödənişlərin gecikdirilməsi, yaxud ödənilməməsi barədə də şikayətlər olur. Amma bu dəfə Avtosfer.az-a müraciət edən sürücünün problemi daha fərqlidir. Belə ki, sürücü Hüseyn Zeynalov deyir ki, bu ilin avqust ayının əvvəli o özünə məxsus olan 99 KC 323 dövlət nömrə nişanlı, “Mercedes c 240” markalı avtomobili “Atəşgah” sığorta vasitəsilə icbari sığorta etdirib. “Sığortanın vaxtı bitməyə az qalmış zəng elədilər ki, müqaviləni yeniləyək. Mən də razılıq verdim. Sığorta agenti müqaviləni gətirdi, ödənişi etdim. Bir neçə gün sonra “Sms” vasitəsi ilə yoxlayanda məlum oldu ki, müqavilə hələ qüvvəyə minməyib. Zəng vurub dəqiqləşdirdim. Dedilər ki, bir neçə günə sistemə oturacaq. Bir neçə gün sonra da zəng vurub dedilər ki, sığortanız qüvvədədir. Mən də arxayın oldum. Avqust ayının 26-da “Asanpay”dan Sms gəldi ki, sığortam olmadığı üçün 50 manat cərimə edilmişəm. “Atəşgah” şirkəti ilə yenidən əlaqə saxladım. Bildirdilər ki, səhv olub. Cəriməni də özləri ödəyəcəklər.”

Sürücü bildirir ki, bu yaxınlarda avtomobilini başqa şəxsə etibarnamə ilə vermək istəyəndə məlum olub ki, nə cərimə ödənilib, nə də avtomobilin sığortası qüvvədədir. “İndi avtomobilimi sürə bilmirəm. DYP bir dəfə xəbərdarlıq etdi. Vəziyyəti izah elədim. Tövsiyə etdi ki, avtomobili idarə etməyim. Mən iş adamıyam, işim də avtomobildən keçir. Məcbur olub qardaşımın maşınını sürürəm. Şirkət də iki gün əvvəl demişdi ki, problemi həll edəcəyik. Avqust ayında mənə deyilən sözü təkrar elədilər. ”

Sürücü bildirir ki, “Ateşgah” sığortaya bu gün də zəng edib. Ya problemin həllini, ya da pulunun qaytarılmasını, cərimənin ödənilməsini tələb edib. “Sürücülərə deyirəm ki, sığorta şirkəti seçəndə diqqətli olsunlar. Mənim kimi aldanıb bu qədər əziyyət çəkməsinlər.”

 

Orxan Əli 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh