Avtomobilə led işıq qoyduranlar mütləq oxusun - Tipi, rəngi, yerləşməsi...

Yazarlar 24 Oktyabr 2017 11:25 Oxunub 15085
Avtomobilə led işıq qoyduranlar mütləq oxusun - Tipi, rəngi, yerləşməsi...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: “Bunu istifadə qaydalarına və təyinatına uyğun etmək lazımdır”

Son vaxtlarda avtomobillərdə led işıqların quraşdırılması dəb halını alıb. Hətta köhnə avtomobillərə belə bu cür işıqlar quraşdırılır. Bəs görəsən qanunvericilik bu barədə nə deyir? Ümumiyyətlə, avtomobillərdə hansı növ işıqların istifadəsinə icazə verilir? Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, ümumiyyətlə, avtomobilin işıq cihazlarına və başqa konstruksiya elementlərinə dəyişiklik edəndə “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsini və mövcud standartları nəzərə almaq lazımdır. Yəni, avtomobillərin xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır: “Bu, qanunun ümumi tələbidir. Deməli, avtomobildə istehsalçının istifadəsinə icazə verdiyi, iş rejimi və texniki göstəriciləri həmin markaya və modelə uyğun işıqlardan istifadə edilə bilər. Led işıq xüsusi işıq cihazı deyil. Bu, sadəcə olaraq işıq əldə etmənin növlərindən biridir, yəni led dediyimiz lampanın növüdür. Məsələn, közərmə lampası var, ksenon var. Led də bir növdür. Odur ki, işığın əmələ gəlmə üsulu önəmli deyil, bu texnologiyadır, sabah tam yeni bir işıq əldə etmə üsulu ortaya çıxacaq və s. Əsas odur ki, avtomobilin işıq cihazı standarta uyğun olsun, onun içərisinə qoyulan lampanın işlədiyi cərəyan şiddəti və gərginlik düz olsun, işığın rəngi, səpələnməsi normativə uyğun olsun. Bu tələblərə uyğunluğu isə yaxşı usta və ya bunu özü etmək istəyən sürücü bilməlidir. Əgər avtomobilin üstündəki işıq cihazı led lampa üçün deyilsə, ona led qoymaq olmaz, amma istehsalçı bu cihazı ledlə də təchiz etməyi nəzərdə tutubsa, problem yoxdur, qoymaq olar. Hər bir halda bunu istifadə qaydalarına və təyinatına uyğun etmək lazımdır”.

Ərşad Hüseynov bildirib ki, başqa bir hal isə işıq cihazını tam dəyişməklə ola bilər. Bu isə yalnız o zaman mümkündür ki, avtomobilin tam eyni model və markasının bir variantında ledlə, digər variantında, məsələn, halogenli lampa ilə təchiz olunan işıq cihazı var: “Əgər işıq cihazı tam konstrusiyadakı kimidirsə, onun texniki göstəricisi də avtomobilin elektrik sisteminə və s. uyğundursa, onda bütöv cihazı da dəyişmək olar. Amma yenə diqqətli olmaq lazımdır. Çünki bəzən uyğunsuzluq olur ki, nəticədə hətta naqllərin qızması, qısa qapanma və alışma ola bilər”.

 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh