Sürücü 20 manatlıq qayda pozur, yol polisi 40 manat yazır – Şikayət

Xəbərlər 25 Oktyabr 2017 10:58 Oxunub 3202
Sürücü 20 manatlıq qayda pozur, yol polisi 40 manat yazır – Şikayət
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunda ikinci cərgədə dayananların 40 manat cərimələnməsi nəzərdə tutulmur

Bakı şəhər sakini Cəlilov Natiq oktyabrın 24-də paytaxtın Nigar Rəfibəyli küçəsində dayanma-durma qaydasını pozduğuna görə Bakı Şəhər DYPİ MEB-in YPX inspektoru, polis baş serjantı Qəhrəmanov Xalid Məhərrəm oğlu tərəfindən artıq cərimə yazıldığı barədə Avtosfer.az-a öz şikayətini bildirib. Sürücü bildirir ki, idarə etdiyi 99-CJ-209 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə N.Rəfibəyli küçəsində sərnişin düşürmək məqsədilə ikinci cərgədə dayandığı vaxt ona YPX inspektoru yaxınlaşaraq qayda pozduğunu və bu qayda pozuntusuna görə 40 manat məbləğində cərimə yazacağını bildirib. Sürücü həmin əməkdaşa dayanma-durma qaydasının pozulmasına görə 20 manat cərimənin nəzərdə tutulduğunu bildirsə də polis əməkdaşı buna məhəl qoymayaraq sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsiylə 40 manat məbləğində cərimə yazıb.

Məsələyə münasibət bildirən yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, ikinci cərgədə dayanma və durmanın tələbini pozmağa görə 20 manat cərimə tətbiq edilməlidir. Çünki ikinci cərgədə dayanma və durma qaydasını pozan sürücü “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinin I hissəsinin tələbini pozmuş olur. “52-ci maddənin I hissəsinin tələbini pozanlar isə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat cərimə olunmalıdır" -deyə  hüquqşünas Ərşad Hüseynov bildirib.

Bu məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin də rəsmi cavabı var. Həmin rəsmi cavabda açıq-aydın yazılıb ki, 52-ci maddənin I hissəsinin tələblərini pozmağa görə 20 manat cərimə nəzərdə tutulub. Lakin nədənsə bəzi YPX inspektorları həmin xətanı törədən sürücüləri 40 manat miqdarında məsuliyyətə cəlb edirlər.

Əslində, biz də ikinci-üçüncü cərgədə maşın saxlayanlara qarşı ağır cərimələrin tətbiq edilməsinin tərəfdarıyıq. Lakin bunun üçün ilk növbədə qanunvericilikdə deyişiklik edilməlidir.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh