Qəza törədən hansı sürücülər məsuliyyətdən azad olacaq?

Qaydalar 28 Oktyabr 2017 15:33 Oxunub 5618
Qəza törədən hansı sürücülər məsuliyyətdən azad olacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: “Bu cəmiyyətdə birmənalı qarşılanmayacaq”

Cinayət Məcəlləsinə edilən son dəyişikliklərdən biri cinayət xarakterli yol-nəqliyyat hadisəsi törətmiş sürücülərin məsuliyyəti ilə bağlıdır. Bu dəyişikliyə qədər sürücü yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulması ilə nəticələnən qəza törədərdisə, o, hər bir halda cinayət məsuliyyətinə cəlb edilirdi. Sürücü zərərçəkmişlə barışsa da, ona vurduğu ziyanı tam ödəsə də,  hətta yaxın ailə üzvlərinə ziyan vursa da, yenə cinayət məsuliyyəti daşıyırdı. Məsələn, ağır xəsarət olduğu təqdirdə sürücü 3 ilədək sürücülük hüququndan məhrum edilməklə 3 ilədək azadlığını itirə bilərdi. 

Yeni dəyişikliklər Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd”inə yeni bənd əlavə edir. Həmin qeydə görə, əgər sürücü hadisədə təqsirli olarsa, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam ödəyərsə o zaman tam olaraq cinayət məsuliyyətindən azad olunur. Yəni ölüm yoxdursa, sadəcə ağırlığından asılı olmayaraq xəsarət varsa, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla sürücü məsuliyyətdən tam olaraq azad olur. Hətta sürücülük hüququndan məhrumetmə cəzası da almayacaq. 

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, hüquqşünas  Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, yeni dəyişikliklər birmənalı qarşılanmayacaq: 

“Bu maraqlı bir yenilikdir. Düşünürəm ki, bu cəmiyyətdə birmənalı qarşılanmayacaq. Çünki çoxlu sual doğuran məqamlar qalır. 

Öncə bu yeniliyin faydalarını qeyd edək: 

1. Bu yenilik hadisələrdə zərərçəkənlərin xeyirinədir. İndi də təqsirkar sürücü zərərçəkmişə vurduğu ziyanı tam ödəməyə borcludur. Lakin bunu hər kəs vicdanla etmir və hadisədə zərərçəkən şəxs uzun-uzadı məhkəmə çəkişmələrinə də getməli olur. Bu yenilik cəzadan canını qurtarmaq istəyən şəxsin bütün ziyanı qısa müddətdə ödəyərək barışıq əldə etməsini stimullaşdıracaq. 

2. Bu dəyişiklik qəza nəticəsində öz yaxın qohumlarına zərər vuran şəxslərin də cəzadan kənar qalmasına imkan yaradacaq. Doğrudan da, məsələn, sürücü yol-nəqliyyat hadisəsi törədib, öz oğlunun qıçını qırıbsa, bu halda həm mənəvi ziyanı, həm maddi ziyanı  əsasən elə sürücü özü çəkir. Onun həm də cinayət məsuliyyətinə cəlb edilməsi vəziyyətini daha da qəlizləşdirirdi. Yeni dəyişiklik bu cür hallarda fayda verəcək. 

Amma bu yeniliyin doğuracağı problemlər də var. Onları da belə sıralaya bilərik:

1. Bu yenilik bəzi şəxslərin öz maddi imkanlarına güvənərək məsuliyyətsiz davranışına stimul ola bilər. Bu isə ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin, xüsusən də sürücülərin peşəkarlıq səviyyəsinin zəif olduğu indiki şəraitdə yaxşı hal deyil. 

2. Bu yenilik incə bir hüquqi ziddiyyətə də yol açır. Təsəvvür edin ki, 20 cərimə balı olan sürücü, yaxud 10 manat cərimənin ödənilməsini 3 aydan artıq gecikdirən sürücü nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilir, amma bir piyadanı vurub şikəst edən sürücü həmin piyadaya müəyyən ödəniş edib, məsuliyyətdən tam azad olur və öz dəmir atını çapmaqda davam edir. Bunu məntiqli saymaq çətindir.” 

Ciddi sual doğuran suallardan biri də vurulmuş ziyanın həcminin müəyyən edilməsi ilə bağlı olacaq, çünki indiki məhkəmə təcrübəsində bu məsələdə çox fərqli yanaşmalar var. 

Ərşad Hüseynov daha sonra qeyd etdi ki, bu yenilik sürücülük hüququ olmadan qəza törədənlərə, yaxud qəza törədərkən sərxoş olan sürücülərə, eləcə də təqsirli olaraq hadisə yerindən yayınan sürücülərə tətbiq edilməyəcək. Həm də nərə almalıyıq ki, zərərçəkmişlə barışıq alınmasa, sürücü yenə də əvvəlki kimi cinayət məsuliyyəti daşıyacaq. 

“Hər halda Məcəlləyə belə bir düzəliş artıq Milli Məclisdən keçib. Gözlənilir ki, dekabr ayında qüvvəyə minəcək. Qüvvəyə minsin, görək hansı təcrübi problemlər ortaya çıxacaq”

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh