Diqqətli olun – Saxta sürücülük vəsiqəsi satırlar

Yazarlar 31 Oktyabr 2017 17:47 Oxunub 4460
Diqqətli olun – Saxta sürücülük vəsiqəsi satırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: “Dəfələrlə imtahandan kəsilənlər Gürcüstandan hansısa yolla sürücülük vəsiqəsi alırlar”

Azərbaycanda saxta diplomlar, saxta ev sənədləri, saxta arayışlar, kredit sənədləri varsa, saxta sürücülük vəsiqəsinin olması da təəccüb doğurmamalıdır”. Bunu "Sherg.az”a 1100 manat müqabilində saxta sürücülük vəsiqəsinin satılmasından danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu, yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də geniş yayılıb: "Rusiyada bir neçə il əvvəl içərisində azərbaycanlıların da olduğu saxta şəxsiyyət vəsiqəsi hazırlayan şəbəkə aşkarlandı. Hətta Azərbaycanda sürücülük vəsiqəsi ala bilməyən, dəfələrlə imtahandan kəsilən şəxslər pul müqabilində Gürcüstandan sənəd alıb gətirir. Qazaxıstan da belə ölkələrin siyahısında var. Qonşu ölkələrdə hazırlanan belə saxta vəsiqələr aşkarlanır, asanlıqla bəlli olur.

İnsanlara aşılamaq lazımdır ki, sürücülük vəsiqəsi adi sənəd deyil ki, pulla alıb, illərlə istifadə edəsən. Artıq texnologiyanın inkişafı sayəsində belə halları asanlıqla müəyyən etmək mümkündür. Saxta yollarla hazırlanmış belə sənədlərin istifadə olunmasına görə qanunda cəzalar nəzərdə tutulub”.

E.Muradlı diqqətə çatdırıb ki, insanlar "sürücülük vəsiqəsi” dedikdə ilk olaraq, dələduz insanlar axtarmaq niyyətində olmamalıdır: "Hər kəs birinci fikirləşsin ki, kitab alım, oturub, oxuyum, imtahan verib, sənədimi alım. Sürücülük peşədir, bunu dəqiq öyrənmək lazımdır. İnsanlar ömür boyu maşın sürür, amma bu peşəyə peşəkar şəkildə yiyələnmək istəmir. Halbuki, normal insan iki ay hazırlaşsa, qanuni qaydalarla sənədini rahat ala bilər. Müşahidələr göstərir ki, gənclər imtahanla sürücülük vəsiqəsini almağa daha çox meyllidir. Hətta onların arasında 4-5 dəfə imtahana gəlib, sonra uğur qazananlar var. Belə olmaq lazımdır. Həmin cavanlardan gələcəyin yaxşı sürücüləri olacaqlarını gözləmək olar”.

Sürücülük imtahanlarına da toxunan ekspert bildirib ki, imtahanlar şablon şəkildə, əzbər cavab verməklə götürülür: "Təcrübə zəifdir. İnsanlar imtahanı verən kimi oturur maşına, özünü sürücü hesab edir. Hər avtomobil idarə edənə, sürücülük vəsiqəsi alana peşəkar sürücü deyə bilmirik. İstənilən halda insanlar peşəkarlığa meyl edərkən, bunu bacaran insanlardan öyrənməlidirlər. Elə insanlar var, formal şəkildə sürücülük vəsiqəsi alıb. Məsələn, atası qızına vəd verir ki, universitetə qəbul olsan, maşın alacam. Maşın aldıqda, qız sürücülük imtahanına hazırlaşır, testləri oxuyub, düzgün yazıb və imtahandan keçib. Bir az maşın sürməyini də göstərən sonra vəsiqəni alıb, yola çıxır. Biz isə qadın sürücülərin peşəkar olmadığını deyirik. Əslində isə peşəkarlıq səviyyəsi yüksəldilməlidir”.

Qeyd edək ki, polisə müraciət edən 58 yaşlı İmran Xəlilov Ağsu rayon sakini Vidadi Məmmədovun ona 1100 manat müqabilində sürücülük vəsiqəsi təşkil etdiyini deyib. Bundan bir il sonra o, sənədin saxta olduğunu müəyyənləşdirib və dərhal polisə bu barədə xəbər verib. İ.Xəlilov ona dəymiş ziyanın ödənilməsini və saxtakarlıq etmiş şəxsin cəzalandırılmasını xahiş edib. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh